Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Bacarsan  səsimi sən də unut

Ağrın alım, otur bir az dincələk,
Anla ki, mən dağlar yıxıb gəlmişəm.
Və bəmbəyaz kəfənləri yırtmışam.
Sənsə neçə bədən çıxıb gəlmisən.

Bacarsan sil, Qobustandan səsimi
Sən də unut, ömrüm-günüm qarışır.
Əncirlərin yarpağından tutduğum
Köynəyin də ilk günkü tək yaraşır.

Ay qəlbi daş, daş dövründən mənim tək
Tərki-diyar, bircə ozan qalıbmı?
Fərhad çapan qayalara, dağlara,
Külüng alıb, adın yazan qalıbmı?

Yığışdır bu tayfa- tayfa kinləri
Tunc dövrüdü, sevgimiz də laxlayır.
Zəlzələdən qurtarardı hər şeyi,
Bəlkə Tanrı sevgimizi yoxlayır?

Budur, gəlir dörd tərəfdən həmlələr
Üsyanları inqilaba çevirmə.
O şah sənin varlığına quldu qul
Taxtdan salıb, şahlığını devirmə.

Orta çağdı Romeonun fırçası
Vyanada gözlərinə qaş çəkir.
Bir telini ağarmağa qoymaram
Hər gün ruhum varlığına baş çəkir.

Bu sevdanı vurar qərbin şaxtası
Soyuq olur qəlpələr də qərbdə də.
Mənim könlüm şərq üslubu qurulub
Mədəniyyət duyğusaldı şərqdə də.

Bu eşq Qafqaz xalqlarının dərd kimi
Ağ alnına tərs yazılmış yazıdı.
Xasay Xaqan, neyləyək ki, Natəvan
Qarabağda xanın kiçik qızıdı.

Duyğuların, sevgilərin sonuna,
Çıxdı axır kapitalist ölkələr.
Səndən sonra danışdığım divarlar,
Sevişdiyim kölgələrdi kölgələr.

Mənim burda ahlarımdan Sibirdə
Baykal gölü bir az sola çəkilib.
Ayağına daş da dəyməz, dönərsən,
Biz tərəfə İpək yolu çəkilib.

Bacarsan, sil divarlardan səsimi
Sən də unut, ömrüm günüm qarışar.
Mənim kimi daş dövründən səninçün
Neçə şair qadın belə yarışar?..

İnam, iman bir də sən

Qoy bükülsün ruhuma
İnam, iman bir də sən.
Bir haldakı səcdəyə
Məni sən gətirmisən..
Deyim hardan gəlmişəm?
Divlərin pəncəsindən.
Monastır ürəyinin
Şimal pəncərəsindən..
Sən saçımı dağıdan
Küləklərindən danış..
Əllərimi tanıyan
Biləklərindən danış..
Qurudu qan damlayan
Gözlərimin yaş yeri.
Dağıtdın yaddaşımdan
Min illik nimdaş yeri..
Bunu necə bacardın
Adam, adam, ay adam?!
Söylə görüm nəçisən?
Səndə Yaqub səbri var
Bəlkə tərbiyəçisən..
Daha Tanrılıq eylə
Çıx İsalıqdan danış..
Adamlardan danışma,
Sudan, balıqdan danış..

Sən mənim özümsən elə

Qoy bükülsün ruhuma
İnam, iman bir də sən.
Bir haldakı səcdəyə
Məni sən gətirmisən..
Sən mənim özümsən elə
Özümdən çıxa bilməzsən.
Sənin şairin mənəmsə
Sözümdən çıxa bilməzsən..
Düşsə ayrılıq araya
Nə e, nə çatar haraya?
Hər an qanayan yaraya
Dözümdən çıxa bilməzsən..
Eşqin də öz qınağı var
Küçə- küçə sorağı var
Məndə Leyli çırağı var
İzimdən çıxa bilməzsən..
Sən mənim özümsən elə
Özümdən çıxa bilməzsən.
Sənin şairin mənəmsə
Sözümdən çıxa bilməzsən..
Share: