“Mən elə həmən adamam, amma saçımda qışdı, üzümdə payız…” – Saqif Qaratorpaq

 

Müstəqil.Az Ağstafada yaşayıb yaradan,tanınmış və sevilən şair Saqif Qaratorpağın yeni şeirlərini təqdim edir:

 

 

            ***

Yollar bir nöqtədən keçir,

bir nöqtədi elə Yer kürəsi.
Bir nöqtədən keçir sevinclə kədər,

bir nöqtədən keçir sevgi və nifrət.

Hər bitən yolun bir davamı var,

uzanar sonsuzluğa…

Ən uzun yol

könüldən gələn duanın yoludu,

Tanrıyacan uçar.

Sözün qanadı çıxar

eşqin əllərindən su içsə.

Bir anda yaxın olar uzaqlar,

kainat bir körpənin

yuxulu ovcuna sığar.

Yollar bir nöqtədən keçir…

Bir nöqtədə bitir  bütün yollar…

 

***

Bircə dəfə gəlir xoşbəxtlik,

xəbərin ola,ya olmaya.

Bircə dəfə düşür qismətə görüşmək,

cənnət quşutək

bir ömürdə.

Baxt qızıl balıqdı,

bircə dəfə düşür tora,

Onda da

ya yarıyuxulu olursan,

ya da yarısərxoş.

Səndən keçmir xoşbəxt küçələr,

kimsə səhv salmır ünvanı,

Səadət döymür qapını

sevdiyin,ya da sevəcəyin

adamın əliylə.

Qəfil səsə qaçırsan,

sevincək,

qaranəfəs…

Ya işıqçıdı,

ya da borc aldığın adam.

 

 

***

Getmək asan olmur,

gərək getməyə yol olsun,

dönməyə üz.

Getdinsə,içindən qırılır sevdiklərin,

saxsı küzə kimi,

sonra

nə qədər yamasan da su saxlamır…

Damır…

Gedənlər adamı itkilərə kökləyir…

Ürəyi qəm təkləyir,

bir ömür.

Getdiyin yollar

geri qaytarmır adamı,

Sən dost bilirsən,

düşmən çıxır amma.

Yavaş-yavaş çıxır axırına…

Getmək asan deyil,

ancaq

nə vaxt istəsən getməyə yol var,

gedəni saxlamaz yollar…

 

***

İndi yelkənsiz gəmiyəm

içimdəki sularda,

batmaq bir göz qırpımı

yaxın sahilin uzaqlığında.

Özüm söndürmüşəm “SOS” siqnalını,

dərd ən yaxın ada.

Vaxt bitibsə,

önəmi varmı harda batmağın?

Nə fərqi,

ya qəmdə boğul,ya da suda…

Hərdən səbəbsiz susur adam,

heç nədən danışır…

Ovutmaq istəyir qəlbindəki acını.

Yolum sükutdan keçir,

səssizliyi geyinmişəm əynimə,

Xoşuna gəlməsə,de!

 

            ***

Elə də az deyil 57,

başın daşdan daşa dəymirsə artıq,

12 artır,35 çıx,

fərq etməz,

ürəyindən keçmirsə,ağrıların meredianı,

düşməsən əzabın Bermud üçbucağına.

Sözün o üzü görünmür hər kəsə,

Tanrı salan işığa yol olmasa özü,

yoxdusa qəlbində

kədəri sözə çevirmək inadı.

Demək,hələ çıxmayıb qanadı,

yüzəcən saysa belə…

 

***

Sən səhv elə,

üstünə gəlsin hamı.

yüyürsün əli baltalı,əli baltasız…

Dost da düşmən olur

öz içindən yıxılanda adam…

Qışqırmağa dəyməz,

Haqq elə haqdı,

inansan da,inanmasan da.

Doğru elə acıdı,yemək olmur,

cızdağı çıxır adamın.

“Bağışladım” deməklə,

bağışlanmır günahlar.

Mən elə həmən adamam,

amma saçımda qışdı,

üzümdə payız…

əllərim çinar budağı.

Sükülmüş ömrümə

yamaq vurmaqdı işim.

Təsəllim

ürəyimə işığı düşən adamlar.

 

            ***

Vəd vermirəm sənə,

xətrin xoş olsun deyə.

Nə bilim,nə sayır

sabah mənə fələk.

Ölümün sağı-solu

bəlli olmur…

Qəfil açır ağzını

dibsiz quyutək.

Nə bilirsən,nə gözləyir adamı…

Qəm yemə,amma…

Bir az ümid saxla sevinməyə,

bir az ümid saxla  sevməyə,

sevilməyə.

Bir az işıq saxla,

körpə təbəssümü qədər.

 

 

Saqif   Qaratorpaq

Müstəqil.Az

Share: