“Kim deyir bu çaylar qafiyəsizdir, Dalğalar sahillə qafiyələnir…”-Allahşükür Ağanın yeni şeirləri

Bu yaxınlarda Prezident təqaüdünə layiq görülən şair Allahşükür Ağanı Müstəqil.Az olaraq  təbrik edir ,yeni şeirlərini təqdim edirik:

Ağaclar

Səs kimi qalxıb yerdən,
Göyə baxır ağaclar.
Gah geyinir, soyunur,
Çox darıxır ağaclar.

Dayanıb qol- qanadlı.
Boylanır tək ayaqlı.
Yanında beş otaqlı,
Evdən qorxur ağaclar.

Budaqda bıçaq yeri,
Yadında ocaq yeri.
Altından çəkdik yeri,
Of, yıxılır ağaclar.

 …………………………..

Günəşin nağılı

Açılar- açılmaz səhərin gözü,
Üfüqün əlləri uzanar göyə.
Dan yeri çörək tək qızarar yaman-
Ulduzlar üfüqü dişləyib deyə.

Top kimi tullayar üfüq günəşi,
Göyün sinəsində “top” diyirlənər.
Onun sürətindən, onun gücündən
Bütün kainata işıq ələnər.

Mən indi bilirəm bəlkə də həyat,
Günəşi üfüqdən atmaqdı göyə.
Sonra gözləməkdi, sonra yatmaqdı,
Sonra bütün günü baxmaqdı göyə.

Ayağımız yerə, başımız göyə,
Aldanır, beləcə yaşayırıq biz.
O parlaq günəşi gözlərimizlə,
Doğandan batana daşıyırıq biz.

 ……………………………………

Yollar, ayaqlar

Körpələr sevinir ayaqlarına,
Əyilib sevinclə ayağa baxır.
Elə bil yapışıb yolun ucundan,
Ayaqqabı kimi ayağa taxır.

Nə qədər yerisə- dünya o boyda,
Hələ süd qoxuyur dodaqlarından.
Özü bir qadından doğulub, ancaq
Dünyamız da onun ayaqlarından.

Yıxıla – yıxıla çəkdiyi cığır,
Birinci dəfədir düşür torpağa.
Onlar cığır salır, başladıq biz də,
Körpə izlərini ayaqlamağa.

Qoy qalxsın ayağa vətən yolları,
Qırılan yolların xəyalı kimi.
Körpə ayaqları onun döşündən,
Asılsın sevginin medalı kimi.

…………………………………………

Çaylar, qafiyələr

Çaylar cuşa gələr heca vəznində,
Bir heca bir sazın siminə sığmaz.
Neyləsəm min dərdim birimə gəlmir,
Bir dərdim milyardın mininə sığmaz.

Çayların ağzında o ağ köpüklər,
Çırpınan bir sirrin torudu bəlkə.
Başımın üstündə çaxan şimşəklər,
Məni kar olmaqdan qorudu bəlkə.

Sazın simlərini tutmaz şəlalə,
Çevrilər gur səsə ağızdan daşar.
Baxın ,Arpa çayın ah – naləsinə,
Içində Saranın göz yaşı yaşar.

Zirvələr çayların baş rədifidir,
Çaylar gah durulur, gah da lillənir.
Kim deyir bu çaylar qafiyəsizdir,
Dalğalar sahillə qafiyələnir.

……………………….

Barmağımın tuşunda

Barmağım niyə qalxdı
Gözümün üstünə görən?
Bir həqiqət varıydı
Barmağımın tuşunda.
Ağ yollar açıldı tunel kimi,
Bir ucu barmağımda,
Bir ucu da huşumda.

Ora çatmaq üçün gərək əl qaşa qalxa,
Barmaqlar baxışa söykənə gedə.
Həqiqəti tapmaq üçün dünyada,
Gərək insan yox ola,
Gərəkdi insan itə.

Biri tapılmaz əgər biri itməsə,
Necə yanaşı durar güzgünün iki üzü.
Barmaqlarım tuşlanar milyon il əvvələ,
Barmaqların üstündə bir də bu iki gözüm.

Share: