“Biz həyətimizdən köçən günü həyatımızdan da köçdük…”-Rəşad Məhəmmədoğlu…

K Ö Ç

                              ( povestən parça)

Keçmişindən gələn adamın dediyi bir neçə kəlmə söz hələ də həmişə xatirələrinin içində çırpınaraq fəryad edirdi. Hələ də onu görəndən bəri  xəyallarından uzaqlaşdıra bilmirdi, Dediyi həmin sözü xatırlayırdı -“ Biz həyətimizdən köçən günü həyatımızdan da köçdük. Zaman bizə bunu da etməyə bacardı”… Onun qarşısında özünü də günahkar bilmişdi həmişə. Bunun üçün də günahını hər kəsə bəyan edib dərdini paylaşmaq istəyirdi. Ömürlük onu sevdiyi birinin  taleyində uşaqlıq köçünün zamanına etdiyi nifrəti dünyaya bəyan etmək istəyirdi…

  …Məktəbin həyətində Çinar ağacının altındakı oturacaqda bir məktəbli qız oturmuşdu. Dərs bayaqdan qurtarmışdı. Uşaqlar da bir-bir dərsdən çıxıb evlərinə getmişdilər. Bu qız isə həmişəki kimi, adətinə uyğun olaraq Çinarın kölgəsində oturub sinif yoldaşını gözləyirdi. “ Budur, o gəlir”-deyə bir qədər gülümsəyərək tez oturacaqdan durub onun qarşısına çıxardı… Bax beləcə,  həftənin müəyyən günlərində  dərsin sonuncu saatlarında çıxıb evə getmək vaxtı gəlsə də onu gözləməkdən yorulmaz, zövq alardı. Axı məktəbdən kəndə uzun müddətlik yol da var idi. Onunla  həmin uzun yolu da getməkdən yorulmazdı. Həmkəndlisi, sinif yoldaşı Rəvanla bu yolu həftənin altı günündə gəlib-getmək ona çox xoş idi. Təkcə yolun özü yox, həm də yol yoldaşının yolda,yanında olması onu yormazdı…

Adı Fatma idi, 15 yaşı var idi. Uzun qarasaçlı, qaraşirin, uca boylu bu qız  mənalı baxışları ilə ona baxanlarda  dindirib söhbət etmək fikri yaradırdı. Xırda qara gözlərini məktəbin qapısına zilləmişdi. Bir anda bayaqdan gözlədiyi oğlanın qapıdan gəldiyini gördü. Rəvanı gözləyirdi. Rəvanın da 15 yaşı var idi. Bir qədər bəstəboy, ağbəniz, qara saçlı oğlan idi. Fatma ilə bir məktəbdə eyni sinifdə oxusalar da sinifləri iki qrupa bölünmüşdü…

– Sən yenə hələ burdasan? – deyə sual verən Rəvan təəccübünü gizlətmədi.

– Tək getmək istəmədim.

– Tək niyə, kəndə gedən uşaqlara nə gəlib?

– Di yaxşı da, Rəvan.

– Nə olub?

– Nə olmalıdır ki?  Sən hər dərsdən çıxanda mənim səni niyə gözlədiyimi soruşursan.

– Fatma, sən məni burda gözləyirsən, amma ola bilər ki, mən məktəbdə dərsdən sonra qruppada qalıb dərsimi oxuyum, sənin burda məni gözləməyindən xəbərim olmasın. Sən də sonra mənim gec gəlməyimi görüb evə gec gedərsən,anan-atan da səni danlayar. Buna görə həmişə də mən gözləməyini istəmirəm.

– Başa düşdük. Danlasınlar da. Əsas odur  bilərəm ki, sənə görə danlanıb  döyülmüşəm. – deyə Fatma gülümsədi .

Hər ikisi sinif yoldaşlarından, dərsdən və müəllimlərindən söhbət edərək kəndə yola düşdülər…

 1993- cü ilin may ayının sonları idi. Məktəblər də daha bağlanırdı. Şagirdlər imtahan verirdi. Rəvanla Fatma da həmişə  yaxşı oxumaq üçün aralarında rəqabət aparırdılar. Son  ildə Rəvanın Fatmadan yaxşı oxuduğu hiss olunurdu. İmtahandan da “əla” qiymət almışdı. Bunun üçün də Rəvanla Fatma “mən səndən yaxşı oxumuşam” deyib bir-birlərini cırnadırdılar. Əslində Rəvandan fərqli olaraq Fatma çox istəyirdi ki, Rəvan yaxşı oxusun. İkisi də təkliyə düşüb dərs haqqında söhbət edəndə Rəvana – Mən onsuz da kiməsə ərə gedib ailə quracam, sən isə evlənib ailə-uşaq sahibi olacaqsan, sən yaxşı oxu- deyirdi. Rəvandan fərqli olaraq o qız ağır təbiətli, düşüncəli qız idi. Daxilindəki zənginliyi onu həyatda necə yaşamağının arzularını yetişdirmişdi. O kiçik ürəyi ilə sevməyi də bacarırdı, yenicə pöhrələnmiş sevgisini daxilində gizlətməyi də. Sevib yaşamaq sözünü çoxlarından eşitsə də hələ də bunun dəqiq nə olduğunu anlamırdı. Amma yenə onu canlandırır deyə gah xatirə dəftərinə gah da gündəliyinə yazırdı. Bütün bu hissləri yalnız Rəvanla bölüşmək istəyirdi. Həmin istəklə, həmin ümidlərlə yaşayırdı Fatma. Bu kiçik yaşlı qızın həyatında ailəsindəki əzizlərindən başqa yanaşıb güvənə biləcəyi bir kimsə yox idi. Ailəsindəki və dərslərindəki narazılıqları, bütün problemləri yalnız Rəvana danışırdı. İlk dəfə məktəbə də gedəndən  onun yanında oturub, onunla oynayıb, onunla böyümüşdü. Özü də öğlansayağı olduğundan kəndin oğlanlarının içində yalnız Rəvanın yanında özünü dəcəl  bir qız kimi hiss edə bilirdi, dərdini Rəvana deyə bilirdi. Təkçə içində qoruyub saxladığı sevgisindən başqa.Təəccüblü də olsa daxilində hisslər tez baş qaldırmışdı. Sevgisinin sahibini sahibindən gizlədirdi. Bəlkə də elə Rəvanın da daxilində özünün sevgisi olduğunu zənn edirdi. Rəvanın yanında da xəyala dalanda həmin düşüncələrin əhatəsində olurdu. Ondan qarşılıq hiss etməsə də öz hisslərinə əmin idi. Günü-gündən böyüdükcə hissləri də böyüyürdü.

 Yay tətili günlərində gününün çox hissəsini Səmayə xalagilin həyətində onun qızları ilə gizlənpaç, klass-klass və beş-daş oynamaqla keçirirdi. Səmayə də onu öz qızı kimi çox istəyirdi. Hərdən Fatmanın da anası ilə yol yoldaşı olan Səmayə xala  – qızın Fatmanı oğlum Rəvana alacam, o mənim gəlinim olacaq.- deyirdi. Uzun zamandır aralarında deyilən həmin kiçik bir  zarafatlı söz kənddə də böyümüşdü. Rəvanla Fatma adı da qoşa çəkilirdi. Bəzən yolun kənarındakı daş hasarların üzərinə də yazılmış “R+F=S” sözlərinə də rast gələnlər olurdu. Kənd də kiçik olduğundan söz-söhbətlər də bu başdan o başa kimi tez yayılırdı.

Müharibə dövrü  idi. Kənddən 15- 20 km. məsafə arası olan rayon da avqust ayında işğal olunmuşdu. Bunun üçün də yaxın yerlərdən gələn atəş səsləri kənd əhalisi arasında qorxu yaratmışdı. Sakinlərdən bir neçə ailədən gənc qızlar və yaşlı qadınlar uzaq yerlərdə yaşayan qohumlarıgilə göndərilmişdi.

 Sakinlər arasınnda  ailəsini tərk etmək istəməyib ətrafda görünən Rəvanla Fatma kimi yeniyetmələr idi. Onların da valdeyinləri uzaq qohumlarıgilə göndərmək istəyirdi. Bir il əvvəl  Xocalıda baş verən faciə kəndlərdə qalan sakinlər arasında hələ də vahimə yaratmışdı. Bəzi kişilər döyüşə könüllü getmişdi. Qalanlar  isə  növbə ilə əlində ov tüfəngi kəndin ətrafında keşik çəkirdilər. Hər halda, gecə atəş səslərinə öyrəşib yatan  camaatı düşmənlərin kəndə yaxınlaşa bilməsindən hay salıb oyatmaq olardı. Demək olar ki, düşmənlər beş kilometrlik məsafəyə kimi yaxınlaşmışdılar.

Sentiyabr ayı olsa da məktəblər açılmamışdı.

Kəndə gələn hərbi maşının arxa kuzasında əsgərlər görünürdü. Əsgərlər kənd camaatının onlar üçün bişirdiyi yayma çörəklərdən yığıb aparmağa gəlmişdi. Səmayə də hamı kimi öz payını əsgərlər üçün hazırlamışdı. Evlərinin qarşısında dayanan hərbi maşına hazırladıqlarından verdi. Əsgərlər bir neçə dəfə “çox sağ ol, xala” deyib maşnla ordan uzaqlaşdılar…

Axşamçağı Səmayə xala gilə gələn Fatma Rəvanı evdə görə bilmədi. O bacıları ilə dayısı gilə getmişdi. Rəvan gilin həyətini özünə doğma bilən Fatma bir az həyətdə təkçə oynadı. Bəhanəsi oynamaq deyildi. Rəvanı görmək istəyirdi. Hərdən onun  saxladığı həyətdəki göyərçinlərə də  tamaşa edirdi. Kənarda durub bir-biri ilə dimdikləşərək  cütləşən iki göyərçini maraqla izləyirdi. Həmin göyərçinlərin duyğularını öz duyğularına həkk etdirirdi.

 Axşama yaxın Rəvan bacılarıyla gəldi. Oturub bir yerdə söhbətləşərək deyib güldülər. Bir az keçmişdi ki, həmişə Fatmanı qonşusu gilin həyətindən tapan anası gəlib danlaya – danlaya qızını evə apardı. Amma Fatmanın heç nə becinə deyildi, gülümsəyirdi. Özündə bunu bir məcara bilirdi deyə  hər gün keçirdiyi belə məcaralara çox öyrəşmişdi.  Rəvanı bu gün də görə bilmişdi. Rəvan isə sanki onun yanında hələ də böyüməmiş uşaq kimi idi…

Oktyabr ayı idi. Get-gedə kənddən məcburi köçən ailələrin sayı artmışdı.  Amma bu kəndtən hələ heç kim çıxmaq istəmirdi. Həm uzaqlardan gələn atəş səslərinin aydın eşidilməsi həm də mülkü şəxslər və əsgərlərin ölüm xəbərləri kənd camaatını sarsıdırdı. Anasından eşitdiyi xəbərə Fatma çox pis olmuşdu. Səmayə uşaqları ilə şəhərə köçür. Amma o köçənlərin içində Rəvanın da olduğunu bilirdi deyə kədərli idi. Bir neçə gün əvvəl Rəvanın atasi bir oğlunu, qızlarını köç maşını ilə şəhərə yola salmışdı. Rəvan da getməmişdi. Kəntdə bir müddət qalıb anası ilə gedəcəyini demişdi. Həyətlərində saxladığı göyərçinlərindən də ayrılmaq  ona çətin olardı. Buna baxmayaraq atası onu şəhərə qardaşı gilə (Rəvanın əmisi) aparmaqda iddialı idi. Fatma da son günlər lap tez-tez  Rəvan gilə gəlib onunla oynayırdı. Arada ayrılacaqlarını bilib dərdləşirdilər də.

Oktiyabrın orta günləri idi. Rayonun yaxınlıqdaki kəndləri ermənilər tərəfindən işğal edilmişdi. Atəş səsləri daha da yaxından eşidilirdi. Bunun üçün də atası evdə səhəri günü Rəvanla Səmayəni şəhərə yola salmağı bildirmişdi. Vəziyyət təhlükəli idi. Hər an düşmənlər kəndə soxula bilərdi. Amma Rəvanın sabah getməsindən Fatmanın da xəbəri yox idi. Səhərsi günü Səmayə qonşusu Fıiruzəni yolda gördü. Kəntdəki vəziyyətdən söz düşəndə bu gün axşamçağı oğlu Rəvanla şəhərə gedəcəklərini dedi…

Günortadan keçmişdi. Evin həyətini dolanıb gəzən Rəvan onsuz da bir neçə günə döyüşlərin sakitləşəcəyini, kəndə geri dönəcəyinə əmin olmuşdu. Bu kəntdən köçüb getmək, uzaqlarda yaşamaq ona inandırıcı görünmürdü. Bütün çətinliklərin müvəqqəti olduğunu düşünürdü, geri qayıdacağına ümid esirdi. Atasının tapşırığı ilə əvvəl heyvanları yemlədi. Sonra da həyətdəki toyuq-cücələrə dən səpəndə həyətdə hasara qonmüş göyərçinlərini də səsləyib onlara çoxlu dən səpdi.  Günortadan sonra Rəvanın atası ilə anası yüklərini hazırlayıb kənddən şəhərə gedəcək köç maşınını gözlədilər. Axşamçağı “Kamaz” markalı maşın Rəvan gilin qapısının qarşısındakı yolda dayandı.  Səmayə ilə Rəvan maşının yük yerinə mindi. Malik ailəsiylə vidalaşıb onları yola saldı. Köç maşını yola düşdü. Bir neçə dəqiqədən sonra cəld addımlarla qapıdan həyətə girən Fatma Malik kişidən Rəvanı soruşdu:

– Malik dayı, Rəvan hardadı?

Malik qızı görüb təssüf hissiylə bir az susdu. Sonra dedi:

– Şəhərə göndərdim qızım. – deyə cavab verdi.

– Nəə?!

– Nə olub ki?

Üzünə birdən-birə kədər çökən Fatma başını aşağı əyib dodaqaltı mızıldandı; – Nahaq mənə deməmisiniz, vidalaşacaydım. Fatmanın asta səsini eşidən Malik  dedi;

– İstəsən get görüş, hələ Əyyub gilin də evlərindən adam götürüb gedəcəklər.  Köç maşını onların qapısında dayanmış olar.

Fatma bu sözü eşitmişdi ki, yerindən sıçrayaraq Malikin bağına tərəf qaçdı. Bağın içindən kəndin o başına gedən, bağların arasından keçən ensiz, kəsə yolu yaxşı tanıyırdı. Necə olursa olsun maşına çatmaq istəyirdi. Çəld qaçışları ilə hasarlardan hasarlara tullanaraq yaxınlıqdan zəncirlənmiş hüürən itlərin də  tükürpədici səsindən qorxmadan. bağın,bostanın içərisi ilə qaçırdı.

Köç maşını yenicə yerindən tərpənmişdi.  Şəhərə gedən yola doğru gedirdi. Maşının yük yerində bir neçə nəfər də  var idi. Bu anda birdən-birə maşın dayandı. Yük yerində olanlar başını təccüblə yuxarı qaldırıb ora-bura boylandılar. Rəvan isə oturmuşdu. Köç maşınının qarşısında bir qız uşağının dayandığını gördülər. Maşını o saxlatdırmışdı. Maşının sürücüsü yerə düşüb qıza yaxınlaşıb bir qədər acıqla ondan soruşdu;

– Qızım, qorxmursan ki, maşınla səni vuram? Niyə yolumu kəsmisən?

Fatma uzun yol qaçdığından güclə nəfəs alırdı. Halsızlığından danışmaq çətin olsa da cavab verdi;

– Qədir əmi, Rəvan sizin maşındadı?

– Rəvan? Malikin oğlu Rəvan?

– Hə.

Maşının sürücüsü təccüblü halda üzünü maşının yük yerindən  boylananlara baxıb dedi;

– Ordan Rəvana deyin düşüb bura gəlsin.

Rəvandan qabaq Fatmanı maşının qarşısında görən Səmayə əlini büküb ağzına tutub təccübləndi. Tez  maşından düşdü. Rəvan da Fatmanı gördü.  Maşındakılar hələ də nə baş verdiyini anlamırdı .  – Qədir, tez ol, sür gedək – deyirdilər. Amma Səmayə Fatmanln niyə buracan qaçıb gələrək yüklü köç maşınının qarşısını kəsib saxlatmasını yaxşı bilirdi. Özü maşının yük yerindən aşağı düşüb yazq-yazıq yuxarı boylanlb baxan Fatmanın yanına gəldi. Fatmaya baxıb əlini ağzina tutub kövrəldi;

– Mənim gözəl qızım – deyərək aşağı əyilib Fatmanı bağrına basdı.  Fatma da içində hıçkırtıyla ağlayaraq dedi;

– Səmayə xala, getməyin, sizsiz mən neyləyəcəm?

Səmayə qızın üzünə düşən tellərini əli ilə  kənara çəkib alnından öpüb dedi;

– Başına dönərəm, qayıdacayıq. Uşaqlar da qayıdacaq.

– Bəs niyə belə tez gedirsiniz? Mən hələ getmirəm.

– Sən cəsarətli qızsan, qadan alaram sənin – deyən Səmayə özünü saxlaya bilməyib ağladı. Rəvan da maşından yerə düşüb onların yanıana gəldi, Fatma Rəvana baxıb;

– Rəvan, sən getmə, nə olar? – Üzünü Səmayə xalaya çevirib – Səmayə xala, qoy Rəvan qalsın, xahiş edirəm.

Rəvan qıza yaxınlaşıb dedi;

– Tez qayıdacam, Fatma. Üzülmə.

Fatma Rəvana yaxınıaşıb onu bərk-bərk qucaqladı. Onun üzündən öpüb asta səslə dedi;

– Rəvan, özün bilirsən ki,səni çox istəyirəm. Bu kəntdə mənə ailəmdən sonra əziz olan adam sənsən.

– Bilirəm- deyə Rəvan  başını aşağı əydi. Ona elə gəlirdi ki, sanki ona baxanlar Fatmayla onun belə ayrılmasına görə qınayacaq.  Özü hələ də Fatmanın niyə ondan ayrılmaq istəməməsindən, yalnız ona  görə uzun kəsə yolu təngənəfəs qaçaraq gəlib köç maşının qarşısını  nəyə görə kəsməyini anlamırdı. Görəsən nə idi onu bura qaçaraq gətirən qüvvə?. Fatmanın hislərindəki cəsarətdən də xəbərsiz idi. Çünki özü həmişə Fatmaya qardaş kimi, yaxın sinif yoldaşl kimi yanaşmışdı. Nə özündə nə də Fatmanın onun üçün qəlbində uzun zaman gəzdirdiyi  sevgisindən xəbərsiz idi. Qızın bir qədər uca səsində susqunluğu yox oldu.

– Niyə dimmirsən?

– Gedib qayıdacam, yenə həmişəki kimi məktəbə birlikdə gedəcəyik.

– Getmə, Rəvan, getmə. Ürəyimə damıb ki, daha qayıtmayacaqsan. – Rəvanın anası  Səmayə xalaya baxıb yenə yalvararaq dedi; – Səmayə xala, qoy Rəvan qalsın. Bəlkə Atam da məni şəhərə  göndərdi. Mənimlə gələr.

Səmayə bu kiçik qızın sözü ilə razılaşmadı.  Sürücü tələsirdi deyə tez-tez maşının qapısından başını çıxarıb “tez olun, axşam düşdü” deyirdi. Fatma son dəfə Rəvanla Səmayə ilə qucaqlaşıb vidalaşdı. Ana-bala hər  ikisi  köç maşınının yük yerinə mindilər. Səmayə maşından Fatmaya əl edərək dedi;

– Qızım əgər kəndimizə qayıda bilməsək sizi harda olsa axtaracam, Məndən mamana “sağ ol” de. Sən  mənim gəlnim olacaqsan.- deyə Səmayə aşağıdan dodaqlarını büzüb dolğun halda boylanan Fatmaya baxıb çox kövrəlmişdi. Başina bağladığı yaylığının ucları  göz yaşlarını silirdi.

Maşın yerindən tərpənmək istəsə də Fatma maşının qarşısından kənara çəkilmək istəmirdi. Siqnal səsindən sonra ağır-ağır kənara çəkildi. Uzaqlaşan maşınının  arxasınca boylanaraq aşağı çöməlib ağladı. Uzun illər gözü qarşısında olan sevgilisini itirirmiş, kimi dərindən ah çəkib göz yaşı tökürdü. Maşından geri boylananlar çox kövrəlmişdi. Səmayə kiçik qızın nə çəkdiyini yaxşı başa düşürdi. Hərdən oğlu Rəvana baxıb gözüyaşlı halda  başını da bulayırdı. Fatma isə Köç maşını gözdən itənə kimi uzaqlara boylanıb göz yaşı töküb ağladı.

*

Rəşad Məhəmmədoğlu

Share: