Hər bir bölgənin, hər bir şəhərin tarixinə qızıl hərflərlə yazılmış elə adlar var ki, onlar zamanın süzgəcindən keçsə də, unudulmur, əksinə, illər ötdükcə xatirələrdə daha da ucalır. Cənubun mirvarisi Lənkəranın yetirdiyi, adı el-oba arasında hörmətlə, sevgiylə anılan belə nurlu şəxsiyyətlərdən biri də tanınmış ziyalı, xeyirxah insan Yəhya Əkbərovdur.
Onun ömür yolu təkcə bir məmurun bioqrafiyası deyil,həm də gənclərə mayak olan, hər kəsə kömək əli uzadan əsl insanlıq məktəbidir.
Yəhya Əkbərov 2 may 1925-ci ildə Lənkəranın dilbər guşələrindən biri olan Gərmətük qəsəbəsində dünyaya göz açmışdı. Elmə, biliyə olan sonsuz həvəsi onu ölkənin baş təhsil ocağına Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə gətirib çıxardı. Universiteti uğurla bitirdikdən sonra o, qazandığı bilikləri doğma yurdunun tərəqqisinə həsr etdi.
1965-ci ildən başlayaraq düz 30 ildən artıq bir müddətdə 1996-cı ilə qədər Lənkəran şəhər maliyyə şöbəsinin müdiri vəzifəsində çalışdı. Rəqəmlərin, ciddi maliyyə qanunlarının hökm sürdüyü bir sahədə və dövrdə o, təkcə dəqiq hesabatları ilə deyil, həm də sarsılmaz vicdanı və ədaləti ilə fərqləndi.
Dövlətinə və xalqına sədaqətin təntənəsi olaraq
Yəhya müəllimin gərgin və şərəfli əməyi hər zaman yüksək qiymətləndirilmişdir. O, professional fəaliyyətinə görə,SSSR Maliyyə Əlaçısı adına,Qırmızı Əmək Bayrağı ordeninə,
Əməkdə fərqlənməyə görə,medalına layiq görülmüşdür.
Maliyyəçi peşəsi nə qədər rəsmiyyət və dəqiqlik tələb etsə də, Yəhya Əkbərovun qəlbi bir publisist qədər həssas, bir şair qədər poetik idi. O, həyata rəqəmlərin soyuq pəncərəsindən deyil, insanlığın isti nəfəsi ilə baxırdı. Onun rəhbərlik etdiyi idarə sadəcə bir dövlət qurumu deyil, insanların dərdinə əlac tapılan, xeyirxahlıq ocağı idi.
Onun publisist ruhu insanların xarakterini oxumaqda, cəmiyyətin ehtiyaclarını duymaqda özünü büruzə verirdi. Hər bir müraciətə böyük həssaslıqla yanaşır, Lənkəranın abadlaşması, mədəniyyətinin və təhsilinin inkişafı üçün maliyyə vəsaitini maksimum dərəcədə xalqın xeyrinə istifadə edirdi.
Yəhya müəllimi Lənkəran camaatının qəlbində əbədiləşdirən ən böyük xüsusiyyəti onun xeyirxahlığı və gənclərə hamiliyi idi. O, yaxşı bilirdi ki, bir millətin gələcəyi onun savadlı gəncliyindən asılıdır.
Vətənini sevən,dövlətinə sədaqətlə bağlı olan Yəhya muəllim Ali məktəblərə daxil olan, lakin maddi çətinlik çəkən onlarla Lənkəranlı gəncə gizli və aşkar şəkildə əl tutmuş, onların təhsil almasına şərait yaratmışdı.
İşə yeni başlayan gənc iqtisadçılara, maliyyəçilərə təkcə rəhbər deyil, həm də qayğıkeş bir ata, ustad olmuşdur. Onun xeyir-duası və öyrətdiyi peşə sirləri sayəsində onlarla gənc sonradan böyük vəzifələrə ucalmışdır.
Qapısını döyən hər bir ehtiyac sahibini naümid qaytarmayan bu böyük insan, kömək əlini uzatmağı özünə mənəvi borc bilirdi. O, insanlara yaxşılıq etməkdən zövq alır, bunu heç vaxt təmənna və ya tərif üçün etmirdi.
1996-cı ildə Yəhya Əkbərovun işıqlı dünyayla vidalaşması Lənkəran ictimaiyyətini və onu tanıyan hər kəsi dərindən sarsıtdı. Lakin onun cismani yoxluğu, mənəvi varlığının unudulması demək deyil.
Bu gün Lənkəranda onun adı çəkiləndə hələ də insanların simasında doğma bir təbəssüm, gözlərində isə dərin bir ehtiram hissi oyanır. Çünki o, arxasında təmiz bir ad, ləkəsiz bir keçmiş və yüzlərlə minnətdar insan qoyub getdi.
Onu həyatda anlamaq lazımdır ki,şərəflə yaşanan bir ömür heç vaxt unudulmur, Yəhya Əkbərovun xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin,ruhu şad,məkanı cənnət olsun inşallah .
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru
Leyla Qadir qızı Məcidova






















