İlqar FƏHMİ: Gah suya batırsan, gah da ki qana Ürək içindəsən, göz içindəsən…

İlqar FƏHMİ: Gah suya batırsan, gah da ki qana Ürək içindəsən, göz içindəsən…

Gecə duası

Öküz ürəyi ver mənə, İlahi
Adam ürəyiylə yaşamaq olmur,
Bu qədər əzabı, ağrı-acını
Adam ürəyində daşımaq olmur.
.
Öküz ürəyi ver mənə, ilahi
Nə əyri olaram, nə düz olaram
Adamlıq dəb deyil, bəlkə nə vaxtsa
Mən də gözü qızmış öküz olaram.
.
Batsın kürəyimə iti nizələr,
Axsın ayağıma qanım, qurtarsın.
Öküz ürəyi ver mənə, İlahi,
Həkimdən, dərmandan canım qurtarsın.

Yenə də Bakı…

Düzünü desə, yalanı qızıl
Ya qanı qara, ya qanı qızıl,
O yanı zibil , bu yanı qızıl
O da Bakıdır, bu da Bakıdır.
.
Qaradı yəqin kökü təməli
Nəfəsi acı, sözü məzəli
Əlisi əli, vəlisi vəli…
O da Bakıdır, bu da Bakıdır.
.
Ona baxıram, buna baxıram
O yanı ağım, bu yanı qaram,
Kimisi halal, kimisi haram,
O da Bakıdır, bu da Bakıdır.
..
Qurusu dürüst, yaşı qarışıq ,
O qara qana daşı qarışıq,
Sözü dolaşıq, başı qarışıq
O da Bakıdır, bu da Bakıdır.
.
İti baxışı, qaşı-qabağı
Adamı hər an acılamağı,
Vuran əli var, qaçan ayağı
O da Bakıdır, bu da Bakıdır.
.
Nöyütə batan kəfəni geyən,
Hələ ki daşa başını döyən,
Təpiyi vuran, təpiyi yeyən
O da Bakıdır, bu da Bakıdır.
.
Düzü bulaşıq, yalanı “təmiz’.
Gecə küçədə qalanı “təmiz”,
Verəni “təmiz”, alanı ‘təmiz”,
O da Bakıdır, bu da Bakıdır.
.
Kişisi O CÜR, gədəsi bu cür,
Babası O CÜR, nəvəsi bu cür,
Səhəri O CÜR, gecəsi bu cü
O DA BAKIDIR, , bu da Bakıdır

Köhnə üslublu ekspressiyalardan…

Yaddaşım doludu xatirələrlə
Bağışla, əzizim, toz içindəsən
Bəlkə də yaddaşda deyilsən artıq,
Kağıza yazdığım söz içindəsən.
.
Sevgi yoldan etdi, saldı dumana,
Təkcə Allah bilir yolun hayana,
Gah suya batırsan, gah da ki qana
Ürək içindəsən, göz içindəsən.
.
Üzülmə dildəki yalvarışlara,
Baxma gözümdəki qar-yağışlara,
Döndün üzümdəki sərt qırışlara
Allaha tutduğum üz içindəsən.
Share: