Hüseyn Sözlünün şeirlərində su, nəğmə, qədər və  zaman motivləri

(Tanınmış şair Hüseyn Sözlünün şeirləri haqqında)

Tanınmış şair Hüseyn Sözlünün şeirlərində ən mürəkkəb fikir belə sadə və aydın  bir dillə ifadə olunur. Oxucu şeiri  oxuyanda əziyyət çəkmədən şeirin alt qatlarına enir. Bu, ondan irəli gəlir ki, şair həm  böyük yaradıcılıq yolu keçib, təcrübə qazanıb, dənizlə, onun xoş havası ilə daim təmasda olub, uzun müddət  dənizdə işləyib, indi  Dəniz Akademiyasında dərs deyir, müəllimdir,  həm də   tanınmış  bəstəkardır.

Ölkəmizdə və xaricdə populyar bəstələrin müəllimidir.  O, şeir yazanda sözlərin  dilə, ürəyə yaxşı yatanını  seçir, ona görə də onun şeirləri su kimi  axır, nəğmə kimi oxunur, dəniz kimi təmiz və təzə-tərdir. O,  bütün şeirlərində səmimidir, oxucuya yalan demir, sözündə mərdi – mərdanədir. Bəzən onun qoşmaları   adaşı Hüseyn Ariflə səsləşir, lakonuk, aydın, bir az da şeirin sonunu novellavi bitirməsi  göstərir ki, şairin böyük mütaliə və həyat təcrübəsi var.

Döyünür sinəmdə arzuyla ürək,

Necə ki,  bitməyib qəlbimdə dilək.

O taydan salamlar gətirən külək,

Məni çəkib Araz üstə gətirir.

Su təmizliyi, su lətafəti daim  onun şeirlərinin arterial  qanını  təşkil edir. Yuxarıdakı şeirdə də  o taydan- cənubdan, Təbrizdən və böyük  şair Şəhriyardan əsən xəbər dolu   külək onu Araz çayının sahilinə gətirir, şair suyla həmahəng olur, dərdini və yuxusunu suya danışır. Su, külək, ürək, arzu, dilək  və sair ismlər birləşərək  onun  böyük  şair arzusunun  ədəbi, içitimai- siyasi xəritəsini  çəkir. Sözlərin üyğun seçimi həmişə  Hüseyn Sözlünün yaradıcılığında mühüm rol oynayır.

Şairin şeirlərində  həmişə bir amal, bir  arzu var. Onun adı “görmək”dir. O, dünyanı və problemlərdən yorulmuş həyatı həmişə  firavan  görmək istəyir.

Arzumdu dərəsi, düzünü görüm,

Bulaq pıçıldasın, sözünü görüm.

Dağların hər iki üzünü görüm,

Qəlbimin niyyəti o dağlardadır.

Şairin arzusu dünyəvidir. O nəyi görmək istəyirsə, orda sülh və firavanlıq var. Yuxarıdaki şeirdə o işarə əvəzliyi  xüsusu məna kəsb edir. Yəni bu dağ hər dağdan deyil, o işarə əvəzliyinin üzərinə düşən güclü vurğu şairin sənətkarlığından, sözə məsuliyyətlə yanaşmasından xəbər verir.  Şair o işarə əvəzliyinin  yanına ayrı bir söz də qoya bilərdi və beləliklə, sözlərin sayını çoxaldardı. Şair bunu eləmir, şeirlərində az sözdən  istifadə edir, sözlərin yerinin dar, mənasının isə geniş olmağını istəyir. Ona görə Hüseyn Sözlü o  işarə əvəzliyində vurğunu gücləndirməklə   məqsədinə nail olur. Bu dağ sinə dağı da ola bilər, ya da adi bir dağ, deyək ki, Savalan, Qoşqar, Ağrı, Murov və başqa dağlar. Ancaq o dağların xatirəsi böyükdür, onun arxasında bir el yatır, bir şəhər, bir ölkə yaşayır. Yuxarıda saydığı ismlərin üstünə də bir “niyyət” sözünü  əlavə etsək, artıq sözün mehrabi – evi qurulmuş olur.

Hüseyn Sözlünün şeirlərində mətnlər arası əlaqə özünü yeni bir formada üzə çıxarır. Həyatda olduğu kimi, o, şeirlərində də hamıyla doğmalaşan, xalqda deyildiyi kimi hamıyla qaynayıb qarışan  bir insandır. Özündən əvvəlki və sonrakı yaranan poeziya ilə daim fonetik, morfoloji və sintaksis əlaqəyə girir və beləliklə, enerji ötürmələri onu ətraf aləmdən, xüsusən keçmiş və  gələcəkdən ayıra bilmir. Onun Musa Yaqubun  “qara daşına” yazdığı şeirə baxaq:

İstəyirsən sinən üstə daş daşı,

Qardaş daha tanımayır qardaşı.

Öpüb əzizləmə gəl qara daşı,

Bu dünyanın ağ daşı da göyərməz.

İstər Musa Yaqubda, istərsə də Hüseyn Sözlüdə söhbət  təbiətdəki ağ və ya qara daşdan getmir. Məsələ cəmiyyətin, sosial həyatın, içtimai vəziyyətin ağırlığından və həm də onun poetik dərkindən  ortaya çıxır. Nəinki  qara daş, heç ağ daş da göyərə bilməz. Artıq poeziyamızın sivil və sivri təfəkkür ucunun  bu daşa toxunması  yaşadığımız həyatın polyar qışından, “dəvənin iynənin gözündən keçmək məsələsi”ndən  xəbər verməkdir. Bəlkə böyük Füzulinin  dizinin  üstə yazdığı  əruzun iki beytində  daş göyərə bilərdi, amma indi göyərməyi müşgüldür. “İahi, mən bu daşı götürüm, götürməyim” dileması da bir yandan səni əldən salır. Axı necə eləyəsən? Bu daşı götürəndə yazıq, götürməyən də. Hər iki şairin düşdüyü sosioloji vəziyyətin çıxış yolu  ancaq  şeir də bədii kəşf ola bilər. Bəli  ağ və qara daşa göyərdə bilməyən və həm də götürə bilməyən, təcrübədə, heyrətdə qalan  iki  şairin  çıxış yolu ancaq  aşağıdakı daşdadır.

Bəndə tək torpağa qarışmaq üçün,

Bir daş kölgəsinə səsləyir məni.

“Daşın kölgəsi”(Qəbir daşı kimi) ifadəsi çox xoşuma gəldi. Indiyə kimi  qəbir daşına  kölgə deyən eşitməmişdim, bu da onu göstərir ki,  Hüseyn Sözlü daim axtarışda olan, yeni asiossasiyalar, paralelliklər  yaradan şairdir.

İstər klassik, istərsə də müasir poeziyamızda  qocalıq haqqında müxtəlif şeirlər yazılıb. Hər şair  qocalığı müxtəlif görüntülər və bənzətmələrlə işarələyib. Nizami Gəncəvi deyir ki, qocaların beli ona görə əyilir ki, onlar yerdə itən gənclyini axtarırlar. Füzuli isə tamam başqa bir   məna verir qocalığa. Deyir, qocaların belə ona görə əyilir ki, onlar dünya qapısından çıxmağa hazırlaşırlar. Hüseyn Sözlü  isə öz sələflərindən  bəhrələnərək qocalığın  başqa bir tərəfdən fotoqraf kimi şəklini çəkir. Əlbəttə ki,  sözlərlə, özü də ilhamla.

Ürək yavaş – yavaş düşübdür haldan,

Qocalıq əsa tək asılıb qoldan.

“Qocalığın əsa kimi qoldan asılması” yeni bir tapıntı kimi  diqqətimi çəkdi. Çünki burda ayrı bir çıxış yolu yoxdur.  Ürək haldan düşübsə, qoldan mütləq əsa asılmalıdır. “Əsanın qoldan asılması”  fkri  qocalığın pasportudur.  Yuxarıda dediyim kimi, Hüseyn Sözlü  nədən yazırsa – yazsın fikrində səmimidir. O, qocalıqdan nə qorxur, nə də utanır. Əslində o,  qocalığı fəxr və qürurla etiraf edir. Başqa şair olsaydı, bu hissi öz ürəyindən atardı. Əksinə Hüseyn  müəllim ömrün bu qazancına ürəkdən  sevinir.

Şair idrakı həmişə dünyanın  sonunu və əvvəlini axtarır. Hardan gəlib hara getdiyini öyrənmək istəyir. Məhz burdan Allahın  dərki başlanır. Həmişə poeziyanı heyrətdə qoyan və bu  delema qarşısanda dayanan  şair həyatı boyu, bəlkə də, bütün zamanlar axtardığı  bir həqiqəti bilmək istəyib və istəyir. Tanrıya özündə çəsarət taparaq bir sual verir: “Tanrı, sənin dərgahına mən necə gəlim,  çünki sənin yanında zaman yoxdur, gündüz gəlim, yoxsa gecə?  Bu sual əbədi olaraq cavabsızdır. Son misrada axır ki, şair verdiyi sualın cavabını özündə tapır.

Heçiydim, hər şeyə yetdim,

Yenə dönüm heçə gəlim?

Demək, buradakı heçlik, əslində həqiqətin özüdür. Bundan başqa ayrı bir yol yoxdur, çünki “hökm onun hökmdürür, fərman onun fərmanıdır”.

Bəlkə təxəllüsündə söz olduğuna görə  Hüseyn Sözlü  həmişə sözlə oynayır. Özü də gözəl oynayır. Həmişə də   bu, onun şeirlərinə yeni bir ovqat qatır, mətni şirinləşdirir, ona yeni bir gözəllik  verir.

Şair Hüseyn Sözlü kimi,

Söz olmaq mənə yazılıb

Və yaxud

Sözlüyəm, sinəmə sığmır,

Dodağa köçür sözlərim.

Şair haqlıdır. Çünki hərəkət dünyanın enerjisidir. Necə ki, böyük şairimiz İmaməddin Nəsimi deyirdi: “Dünya duracaq yer deyil, ey can, səfər eylə.” Bəli, hər şey köçür, nəğmə də, insan da. Əslində “köçmək” olmasa,  “gəlmək” də olmaz.  Amma yenə burda  şairin böyük bir etirafı məni ovsunlayır:

Çoxmu yazdım, azmı yazdım,

Bu qədərin yaza bildim.

Zəif yazdım, sazmı yazdım,

Bu qədərin yaza bildim.

Bəli, insana nə qədər imkan  verilibsə, o qədərini yaza bilir. Ayrı bir lovğalığa ehtiyac yox.   “Qədər”  burada təkçə ölçü vahidi deyil, həm də  ömür, bəxt, ölüm və həyat məsələsidir.  Sonda  bu  fikri  daha ucadan  deyirəm:  Doğurdan da, Hüseyn Sözlü nə yazıbsa, “saz” yazıb. Şair dostuma, Hüseyn Sözlüyə   yeni – yeni  yaradıcılıq uğurları arzulayıram!

Qəşəm Nəcəfzadə,

Şair, Əməkdar Mədəniyyət işçisi

 

 

 

 

Share: