Hıjar ŞAMİLOĞLU: Ayrı döyünsə də ürəklərimiz, Bizim ruhumuzun göynəyi eyni

Hıjar ŞAMİLOĞLU: Ayrı döyünsə də ürəklərimiz, Bizim ruhumuzun göynəyi eyni

Məni bağışlama, qurban olduğum

 

Məni bağışlama, qurban olduğum,
And verdim andlara, heç bağışlama…
Bu dünya belədi, tezin geci var,
Amma heç tez olmaz gec, bağışlama.

Yazdığım hər şeir, söz günahımdı,
Səni sevməyim də öz günahımdı.
Sən, mən olmadıqsa biz, günahımdı,
Alın yazımdı bu suç, bağışlama.

Eşqin yox, suçundum, xatandım sənin,
Mən boyda günaha batırdım səni.
Yaxşı ki özümdən qurtardım səni,
Sən də öc almağı seç, bağışlama.

Sayma varlığımı heçə də, görsən,
Durma, ayaq döymə, necə də görsən…
Cismimi ruhuna secdədə görsən,
Ruh kimi yanımdan keç, bağışlama.

Qoy mənə dərd olsun könül yıxmağım,
Tanrı cəza kəsdi bu darıxmağı…
Sən olan dünyaya dəysə ayağım,
Mən olan dünyadan köç, bağışlama!

2026

Kəlbəcər sən qoxuyur

 

Yaman sən qoxuyur Kəlbəcər bu gün,
Nəfəsin qarışıb bu xan güllərə.
Sən heç Kəlbəcərdə olmamısan ki…
Bəs hardan hopubdu qoxun güllərə?

Ətri təkləşibdi gülün, çiçəyin,
Çiçəklər gül olub, gül çiçək olub.
Sular da qoxunu çəkib canına,
Daşım, torpağım da gül-çiçək olub,
Yurdum özündən də qıpqəşəng olub.

Kəkilin yalından Qoçdaşa qədər
Lilpar, ballıçiçək, yarpız, kəkotu,
Gülxətmi, qəlyangül, qəfli, qantəpər…
Nə gözəl vətəndi bu Ağcakəndim,
Nə qəşəng diyardı nazlı Kəlbəcər…

Sən kimi nazlıdı, sən kimi narin,
Gülləri sən kimi qoxumaqdadı.
Şanapipikləri, qırqovulları
“Axı sən gedəli…” oxumaqdadı.

Biz eyni köynəkdən çıxmışıq deyən,
Könlün suda sınan sənəyi eyni.
Ayrı döyünsə də ürəklərimiz,
Bizim ruhumuzun göynəyi eyni.

Başım Dəlidağın sinəsi üstə
Güllərim titrəşir qarlı çəməndə.
Yellər nəfəsimi aparar indi
Düz Kələzeyvəyə ”Səlim biçən”dən.

Kələzeyvədən də yel əsdi indi,
Ruhum gül qoxudu, hiss eləyirsən.
Arzular, xəyallar ta mənlik deyil,
Sən bütün dünyama bəs eləyirsən.

Qəzadan kim qaçıb qurtulubdu ki
Tuşuma, başıma gəlmisən artıq.
“Sən axı xoşuma gəlməməliydin”,
Yaxşı ki, xoşuma gəlmisən artıq.

Yaxşı ki, mən səni sevmişəm o gün,
Olan-olacaqsan, olub-bitənsən.
Yaman sən qoxuyur Kəlbəcər bu gün,
Nə yaxşı sevgili, nə xoş vətənsən!..

2026

 

Mən sənin nəyinəm ki?

 

Sənin heç nəyin deyiləm…
Sənsə yaralı yanımsan.
Köksündən çıxan ahları
Köksümə oxlayanımsan.

Özüm qoşaram ağımı,
Çoxdan vurmusan dağını…
Hərdən ölüb-qaldığımı
Soruşub yoxlayanımsan.

Sən verməsən fərmanımı,
Allah da almaz canımı.
Öldürməyib qurbanını
Yarıcan saxlayanımsan.

2026

Sonu heç-heçə olacaq…

 

Həsrəti gündüz başladı,
Vüsalı gecə olacaq.
Vüsal, həsrət qucaqlaşsa
Hesab heç-heçə olacaq?..

Heç ağlımdan çıxmır deyin,
İşğal olub ürək, beyin.
Üç öpüb bir dişləməyin
Sayısı neçə olacaq?!

Yolumuz günaha qədər,
Ordan da illaha qədər…
Bu gecə sabaha qədər
Çüt ruh iç-içə olacaq!

İşvəni-nazı sev, Həjar,
Nazlıdı, nazlı, sev, Həjar,
Yaxşı sev bu qızı, Həjar,
Hər şey sevincə olacaq.

Ağlım, huşum gedir, yazsam,
Bitmir ki, nə qədər yazsam!
Onu sətir-sətir yazsam,
Ruh heca-heca olacaq.

Tək nağıldı, nağılsa da.
Göylər yerə yıxılsa da,
Dünya çöksə, dağılsa da,
O, təkcə bircə olacaq.

Nağıldı da, röyadı da,
Gerçək olmuş xülyadı da.
Sevda belə dünyadı da
Başqa cür necə olacaq?

Share: