HƏSRƏT ACISINDAN ZƏFƏR ŞİRİNLİYİNƏ…

Qarabağın həsrətindən zəfərinə doğru uzun, ancaq incə olmayan yolun uzunluğunun ölçü vahidi, nə yaxşı ki metrlərlə deyilmiş.

Metrlərlə olsaydı, orta və ahıl yaşlı zəfər təşnəlilərin zəfər sevincini dadmağa ömürləri çatmazdı. Qarabağ həsrətimizin zəfər vüsalına doğru yolu bir qərinədən uzun oldu. Təqribən orta insan ömrünün tən yarısı. Qarabağla qovuşmamızın ölçü vahidi qərinə imiş. Nə yaxşı ki, bir neçə yox, bir qərinə.
Qarşımda qaralı-qırmızılı bir kitab var: “Qarabağ – həsrətdən zəfərə”. Kitabın üzünə baxan kimi düşündüm: “Ey müdrik Məmməd Araz, sən doğrudan da dahisən. Özünlə oynadığın şahmata görə”.
Müdrik xalqımız da 35 il şahmat oynadı. Ancaq özüylə yox, Qərbin havadarlıq etdiyi xain, bədxah, başıboş düşmənlə. Rəqibimizə çoxgedişli kombinasiyalar öyrədənlər, əlindən yapışıb zəif füqurları irəli-geri itələyənlər çox oldu. Ancaq… Haqq nazilər, üzülməz. Bu da dədə-babalarımızın inamıydı. Onların inamı qalib gəldi.
Qüvvələr nisbəti qeyri-bərabər olan qanlı-qadalı şahmat oyununun nəticəsini qazi şair, publisist, tərcüməçi Rəfail Tağızadə müəllifi olduğu “Qarabağ – həsrətdən zəfərə” kitabının üz qapağındakı şəkillə və içərisindəki publisistik yazılarla, esselərlə, müxtəlif zamanlarda yazdığı şeirlərlə bizə bəyan edir. “Qarabağ – həsrətdən zəfərə” sözlərinin altında hiyləgər düşmənin şahı kəlləmayallaq qalıb, yox, təkcə mat olmayıb, ölüb.
Bəs kitabın içindəkilər bizə hansı ismarışları ötürür? Burada hıçqırtı da var, haray da, zəfər “URA!”sı da. “Sahibsizlik dərdi” də, “Həsrət yolçusu”nun nisgili də, “Ağdamsızlıq” da, “qəbri bölünən qardaş”ın “qıç başdaşı”nın sahibinin yolunu intizarla gözləməyi də var, analara gözaydınlığı da, “əsgərə məktub” da, “sevinc nəşəsi” də, “bizi qaytaran yollar”la gedib “Şuşada yaşananlar” da. Rəfail Tağızadə “qara-qırmızı” 35 ili bir kitaba sığışdırıb hərb tarixi yaradıb.
Bu Vətən sevdalısı qanlı-qadalı yoldan keçən yolçuya – doğmayamı, yadamı ilahi xahiş edir: “Yolçu mənə quş göndər, dimdiyində torpağım”. Bu torpaq həsrətinin kulminasiya nöqtəsidir. Bir quş dimdiyi torpağın qüdrətini, ətrini, dəyərini onun yolunda canını qoyanlardan yaxşı kim bilər? Belələrindən Vətən darda olanda “başqa sevgi gözləmək” mümkün deyil.
Və nəhayət, zəfərin də zirvəsinə qalxdıq. Bundan uca duyğu, sevinc, qürur, başıucalıq, üzüağlıq tanımıram. Mən bu hisslərlə yaşadımsa, görün Rəfail müəllimin hisslərinin ölçüsü, biçisi, dərəcəsi hansı miqyasda olub. O, hətta neçə-neçə illərdi narahat idi ki, “görən kötüklər bizi öz kölgəsinə qoyacaqmı, sönmüş ocaqları kim yandıracaq?”


Bəli, müharibənin hər üzünü görən qazı şair bilirdi ki, qarşımızdakı qəvi düşmən kəmfürsətdi, yurd yerlərimizdə daşın daş üstündə qalmasına, həyətlərdəki məsum qızılgüllərin açılmasına, ətir yaymasına imkan verə bilməzdi. Həyətlərindəki doqquz qoz ağacının, nəinki, uca boyuna, heç kötüklərinin belə qalmasına inanmasa da, onların xəyali kölgəsinə bir doğması kimi sığınmaqla evin, bağ-bağatın ətrini alacağı, ilahi təsəlli tapacağı günə inanırdı. Elə hey düşünürdü, görəsən doqquz kötük də düşmənin tamahına tuş gəlibmi?
“Qarabağın Xirosiması”nın payızına, qışına bahar gəldi, yurd yerləri daha xəzan görməyəcək. Rəfail Tağızadə yeni bahar yaşayır – Qarabağ baharını. Bir qönçədə ümid görmək, yaşam eşqi yaşamaq! Hətta həsrətli yurdda “qanad çalan quş da, yarısökük divarda oxuyan bayquş” da (əlbəttə oxuyan, ulayan yox, bayquş da bilir ki, o yerlər abadlaşacaq, laləzara çevriləcək, ona görə oxuyur) artıq yaşam stimuludur.

Nə gördün, söylə görüm?
Nə dedi qalanlarım?
Duydumu ayaq səsin
Qəbirdə olanlarım?

Önəmlisi doğmaların addım səsləridir. Torpaq bir qərinəlik həsrəti çiynindən atıb ayağa qalxır. Elə əzizlərinin yolunu gözləyən qəbirlər də.
“Qarabağ – həsrətdən zəfərə” “Qarabağ ağrısı”, “Qarabağ dərdim”iz, “Torpaq sevgimiz ilə başlayır, “Yaralı azadlıq”la, “Yoxluğa yazılan məktublar”la, “Kimsəsiz evlər”lə davam edir, “Şuşa zirvəsi”, “Kəlbəcər ucalığı”, “Zəfər günü”, “Son kadans”la (musiqidə tamamlama) yekunlaşır. Hələlik yekunlaşır, “məğlub adı üstündən götürülmüşlərin” ürəkləri doludu, hələ “sevinc nəşəsi”ndən, Qələbə şirinliyindən cild-cild əsərlər yazılacaq.
Rəfail Tağızadə hisslərini birər-birər, ardıcıllıqla, lap elə durna qatarı nizamı ilə çözür. Bu hərb salnaməsi utanc tariximiz – “Tarixə çevrilən 8 may”dan 8 noyabra qədər uzanan Vətən tariximizdir. Bir ucu zülmət, həsrət, itki, qan-qada, o biri ucu işıq, azadlıq, bütövlük, qələbə, zəfər tariximiz. Əks qütblü uzun yolun işıqlı ucundakıları görmək bizim üçün taleyin ərmağanıdır. Biz bunu görmək üçün yaşadıq. Bizi başıaşağı yaşamaq əzabından “məğrur ordumuz” xilas etdi. “Sabahı gözəl Şuşamız”a yollar açıldı, “Ağdamsızlıq”dan, “Ağdam – varlığın yoxluq səhnəsi”ndən Ağdamın və başqa Vətən torpaqlarımızın varlıq səhnəsinə gedib çata bildik. Nə olsun ki, varlıq səhnəsində gördüklərimiz, tamaşa etdiklərimiz bizi məyus etdi. Torpağı Vətən etmək ulu Türkün alın yazısıdır. Biz Qarabağda daha uca, gözoxşayan “İmarət”lər tikəcəyik.
“Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur. Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu, özünəqayıdışdır. Özünə baxıb ürəkdən “Bu mənəm!” – deyə bilirsən. Səssiz dediyin bu “mən”, hərbdə cərgədə qışqırdığın “Mən!”dən daha uca və əzəmətli səslənir”.
Bu, ana torpağın insana verdiyi qüvvətdir, inamdır, qüdrətdir!
“Qarabağ – həsrətdən zəfərə” kitabının bir özəlliyi də odur ki, müəllif uzun illər yaşadığı hisslərini nəsrlə başlayıb, şeirlə möhkəmləndirib yaddaşlara həkk edir. Nəsrlə poeziyanı əkizləşdirir, hətta Siam əkizləri kimi bir can edir. Sözün həmrəyliyi ilə Vətən, torpaq sevgimizi artırır, dəyərlərimizə sahib çıxmağı, “Qara-qırmızı Xocalı” yaramıza məlhəm qoymağı öyrədir, “Kəlbəcər ucalığı”na səsləyir. Anladır ki, Vətənsiz yaşamaq yaşamaq deyil.
Özünəqayıdışımız başlandı. Sevgimizin, inamımızın, ruhumuzun özünəqayıdışı. Bu gün nigaran ruhlar da sevinir.
Bu kitabın qəhrəmanları yazıçı təxəyyülünün, fantaziyasının yaratdığı insanlar deyil. Bir vaxtlar – keçən yüzilliyin 90-cı illərində qaçqın şəhərciklərində “vaqonun altından asılan beşiklər”də böyüyən Vətən oğullarıdır – “başqaları üçün yaşayanların – saçında Vətən yuxuları gizlənən” Hacı Əkbər Rüstəmovun, “payız taleli” şəhid mayor Vitali Salamovun, “Qəbri də Vətəni kimi iki yerə bölünən” Etimad Əsədovun, “Kod adı Rey” Rey Kərimoğlunun, birinci Qarabağ Müharibəsinin şəhid və qazilərinin müqəddəs yolunun davamçıları.
“Yoxluqda var olan şəhərim”də – Ağdamda Rəfail Tağızadənin duyğularının dadı bir başqadı – dadlılıqla dadsızlıq arasındadır:
“Ağdama baxdıqca, ətrafa əl uzatdıqca ancaq “…vardı” deyirsən. Yoxluğun içində varlıq axtararaq.
Dağılan otaqların içində xırda ağaclar, kollar bitib. Yəqin, adamları əvəz edən yaşıllığın boy atması bu evlərin, otaqların boş qalmaması, burda mütləq yaşayış olacağı anlamındadır. Yaşayışa nişanədir”…
Düşünürəm… Ağaclar, körpə pöhrələr insanlardan vəfalıdır. Özünün həyat mənbəyini heç vaxt yalqız qoymur. Düşməndən qorxmur. Doğmalarına yeni, təmiz hava, nəfəs vermək üçün həyatdan küsmədən, yalqızlıqdan bezmədən yaşayır ki, doğmaları qayıdanda – torpağı Vətən edəndə onlara yeni həyat versin. Qazi şairin təbiriylə desək, “əsas var olan Torpaqdır”.
2022-ci ilin iyulunda “Şuşada yaşananlar” da qəribə və qərib duyğulardı:
“Qayası barıt qoxulu, evləri xatirə yuxulu, səması ağ buludlu, gözü Ağdamda olan” Şuşada yaşanan qeyri-müəyyənliklə müəyyənlik, naməlumluqla məlumluq arasında vurnuxan düşüncələr heç bir il keçməmiş müsbətə doğru dəyişdi. Şuşa qoynuna doğmalarını çağırdı, barıt qoxulu şəhər yenidən poeziyalı, muğamlı, Xarıbülbül ətirli “Qarabağ incisi”nə çevrildi.
Şuşanın “sabahını gözəl” görən Rəfail müəllim, əlbəttə yanılmayıb. Son 2-3 il buna sübutdur. Şuşanın bu gün “sükutlu gecələri” də muğam, poeziya kökünə köklənib. Zirvələrdəki qartallar Cıdır düzündəki zəngulələrə, şeir məclislərinə səs verir. Üzeyir bəy, Xan qızı Natəvan, Bülbül Şuşaya qayıdıb. Natəvanın gözü yoldaydı. Daha “qoyubdur intizarda, neçin gəlməz, neçin gəlməz” yazmayacaq. Xan qızının yarasını Zəfər sağaltdı.
“Zirvə gözəldir. Adamı özü kimi dikəldir. Özünəinamını artırır. Zirvənin səninki olması sənə əlavə güc verir. Bəlkə də, bunun adı məğrurluqdur.
Qalxa-qalxa ordan aşağılara baxırsan. Özgələr ayaq altında, səninkilər əl çatan qədər yaxın”.
Bu hisslərlə yaşamaq, “Şuşa zirvəsi”nə ucalmaq varmış taleyimizdə.
Uzun, intizarlı, ağrılı həsrətdən Zəfərə yolun qürur dayanacağı – Zəfər günü. Həsrətin dadını “bəsdir” deyincə daddıq. Zəfərin dadı isə hər an şirinləşir. Qələbə şirinliyini bizə bəxş edənlər heç vaxt unudulmayacaq. Unutmağa haqqımız da yoxdur.
“Şəhidlər qanlarıyla, Qazilər əzalarıyla, mübarizliyi ilə qazandılar bu Zəfəri.
Bu Zəfər Günündə şəhidlərin büküldüyü bayraqları başımız üstündə dalğalandıran, şəhidlərin sevinən, şad olan ruhlarıdı. Yoxsa, bayraq belə möhtəşəm, sevinərək dalğalanmazdı”.
“Qarabağ – həsrətdən zəfərə” Rəfail Tağızadənin “ürəyinin qanıyla yazılmış” (Adil Mirseyid) növbəti “Qarabağnamə”sidir. Qazı şair üçün Qarabağ onu “harda olsa Ana kimi qoynuna çəkən torpaqdı, ciyərlərinin süzgəcsiz sorub qəbul etdiyi havadı”. Gecələr onu darıxmağa qoymayan “gecə xəyalları”dır, ulduzlu, əsrarəngiz səmadı, hərdən dərdlərimizə dözməyib bizə qoşulan, göz yaşları tökən kövrək buludlardı.
Neçə illərdi şair təxəyyülü “Bakı-Ağdam-Xankəndi” xəyal qatarıyla yollarda idi. “Nə yayı yay, nə qışı qış çadır şəhərciyində günahsız uşaqların baxışları”, qaçqın şəhərciyinin qara atributları – “yükünü sürüyüb apara bilməyən bəxtsiz dəmir, taxta vaqonlarda ömrə yazılmayan ömür artıran bəxtsiz adamlar”ın taleyinə düşən qara günlər uzandıqca uzandı.

Vaqonun altında böyüyən uşaq,
mənzilə çatmayan vaqon nədi ki,
sən ondan sallaşıb hələ yatırsan.
Gedə bilmədiyin yurd yerinə sən,
şirin röyalarda gedib çatırsan.

Yaman günün ömrü az olar, deyiblər. Bu “az” bir şəhid ömründən çox çəkdi. Gün o gün gəldi ki, başımız dikəldi. Üzümüzün qaralığını Vətən oğulları təmizlədi. Əsir torpaqlarımızın qapıları açıldı. Şəhid ruhlarının, qazilərin qarşısında baş əydik. Bu Zəfər qazilərin yaralarına məlhəm oldu. Vətənin, anaların zəfər sevincini gördük, artıq bütövük, qalibik. Rəfail müəllim demişkən, artıq məğlub məmləkətin vətəndaşı deyilik.
El-obalarımızda toy-düyün başlayıb. Həm də qeyri-adi qazi toyları. İndi ürəyimizi qazi toyları sızladır. Həyatın bu üzü də varmış. Amansız müharibə izləri. Bunu ancaq onu duyanlar belə yaza bilər. Bu ovqata köklənmək asan olmasa da, bu günümüzün həqiqətləridir. Həqiqətin üzü bütün halıyla bizi yaşamağa öyrədir. Əslində “ovqat” sözü müsbət assosiasiya yaradır. Ancaq “Qazi toyu”ndakı ovqata “müsbət” etiketi yapışdıra bilmədim.

Bu qazi toyunda, bu ər toyunda,
yerində oynayan süzənindən çox,
yerdən təbrik edən gəzənindən çox,
saqqallı gələni bəzənəndən çox.
Bu qazi toyunda, bu ər toyunda,
tək əl ovcun döyür çəpik yerinə,
çəliklər səs salır təpik yerinə.
Qazilər oynayır, qazilər indi –
başları üstündə qoltuq ağacı,
yellənir boş, qıçsız şalvar balağı….
…Dolaşan ruhlar da oynayır bu gün,
itən arzular da oynayır bu gün,
bu qazi toyunda, bu ər toyunda…

Nə vaxtsa Rəfail müəllimin yaradıcılığı haqqında düşüncələrimdə qeyd etmişdim ki, ağırdı, çox ağırdı ağrıları yazmaq. Doğrudan da elədi. Təvəzökarlıqdan uzaq zənn eləməyin məni, “Qarabağ – həsrətdən zəfərə” hərb salnaməsini oxuyandan sonra özüm öz fikrimi tam təsdiqləyirəm. Çox-çox ağırdı. Xüsusilə, Vətən, torpaq, xalqın ağrılarını yazmaq. Vətən havasından “Ağdamın iyi gəldiyini” hiss edəsən, ancaq onu doyunca uda biməyəsən. Çəkiləsi dərd deyil. Ancaq çəkməlisən. Sən çəkməsən, kim çəkəcək? Vətən kimlərindi? Ağrısını, dərdini duyanın. Ürəyin atlana-atlana doğma yurda gedəsən. Görəsən ki, ora 1945-ci ilin Xirosimasıdı, “mina xəritəsi”di. Ancaq nə edəsən? Onun qara günlərinin də havasını ciyərlərimiz qəbul etməlidir.
O hissləri, ağrıları yaşamalısan, yazmalısan, tarixin bir səhifəsinə çevirməlisən, nə fərqi ki, kədərli tarixdir, yoxsa, qürurlu. Tarix bizim tariximizdir. Hər ikisi taleyimizdi. Taledən qaçmaq olmur.
Tale insanlara elə sürprizlər göndərir ki… “Özü qaçqın qəbiristanlığında, qıçı Qarabağda”. “Qıç başdaşı” var, torpağı kimi qəbri bölünən qardaş”ın – Vətənin baş qazisi Etimad Əsədovun. O, Vətənin Qarabağ zəfərini yaşamağa layiq Vətən oğluydu. Rəfail Tağızadənin “Qıç başdaşı” şeiri 11 misralıq kiçik kədər hekayəti deyil, nəhəng ağrı heykəlidi.
“Qarabağ – həsrətdən zəfərə” səngər və zəfər nəğmələridi. Bu kitabı yazmaq həm də niyə çətindi? Həsrətdən zəfərə köklənməlisən, birdən-birə 180 dərəcə dəyişməlisən? Bu, əlbəttə, dönüklük deyil. Vətənin kədərini və sevicini yaşamaq üçün dəyişmək əsl vətəndaşlıqdı…
“Vətən sevdalıları”nın Vətən, torpaq, xalq sevgisini yaradan tükənməz verib.
“Hər şey sevgidən doğur”, qazi şair…
“Azərbaycanın İsveçrəsi” sayılan Kəlbəcərə çatıb ordan o yana – köhnə dədə-baba yurdlarımıza yeni baxışla, yeni düşüncəylə baxacağıq”…
Nəhayət, yeni baxışın, yeni düşüncənin də vaxtı çatdı…

Vaqif OSMANLI,
araşdırmaçı, yazar
yanvar 2024

Share: