Hərbçilərinə qarşı cinayət işi açması təxribatların Ermənistandan qaynaqlandığını göstərdi

Ermənistan hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə qarşı cinayət təqibinin başlanması Bakının Qərb imperializmi üzərində növbəti strateji qələbəsidir.

Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Azərbaycan İrəvanın bu addımını regionda sülh və sabitlik üçün adekvat gediş hesab edir: “Lakin eyni zamanda başa düşürük ki, situasiya Ermənistan rəhbərliyinin beynəlxalq hüquqa və dinc qonşuluq münasibətlərinə hörmətinin yox, Azərbaycan Prezidentinin yaratdığı yeni hərbi-siyasi reallığın nəticəsidir. Elə bir hərbi siyasi reallıq ki, Cənubi Qafqaza uzun bir dövrdən sonra, nəhayət ki, dayanıqlı sülh və sabitlik vəd edir. Əslində, antiterror tədbirləri ilə Azərbaycan faktiki olaraq belə bir mühitə nail olub. Lakin, sirr deyil ki, Qərb bölgədə 6 aydan çox davam etmiş faktiki sülhə öz maraqları prizmasından təhdid kimi baxdığı üçün təxribatlar törətməklə Azərbaycan və Ermənistan arasında yeni hərbi qarşıdurma arzu edir. Bu çərçivədə Ermənistanın silahlandırılması, revanşist qüvvələri daha da radikallaşdırmaqla hay cəmiyyətinin yeni müharibəyə təşviq edilməsi, o cümlədən də şərti sərhəddə Avropa İttifaqının Ermənistandakı missiyasının aktiv iştirakı ilə təxribatların hazırlanması və törədilməsi müşahidə edilməkdədir. Lakin Azərbaycanın regionda əməliyyat şəraitinə nəzarət etməsi və ölkəmizin artan hərbi-siyasi imkanlarını Ermənistan yaxşı başa düşür. Xüsusən Vətən müharibəsi və antiterror tədbirlərində Qərbin vədlərdən başqa real köməyini görməyən Paşinyan iqtidarı da anlayır ki, kimsə növbəti qarşıdurma ssenarisində Azərbaycanı dayandıra və İrəvanı, Ermənistanın keçmiş müdafiə nazirinin də etiraf etdiyi kimi, Prezident İlham Əliyevin qəzəbindən xilas edə bilməyəcək. Qərbin bütün cəhdlərinə baxmayaraq, Paşinyanın kifayət qədər səbatlı qərar verərək təxribatçılara qarşı cinayət təqibini başlatması eyni zamanda göstərdi ki, İrəvan istəsə, iradə nümayiş etdirərək Qərbin təsirindən çıxa və beynəlxalq hüquqa uyğun şərtlərin ehtiva olunduğu sülh müqaviləsini imzalaya bilər. İrəvan anlamalıdır ki, Azərbaycan dərhal radikal tədbirlər görə bilərdi, lakin Prezident 10 yanvar 2024-cü ildə yerli televiziya kanallarına müsahibəsində qeyd etmişdi ki, “əlimdən gələni edəcəyəm ki, müharibə olmasın. Yetər, müharibələr kifayətdir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, indi sıra İrəvandadır: “Azərbaycanın gözləntisi odur ki, İrəvan yalnız ənənəvi olaraq bəyanatlarla, o cümlədən yalnız cinayət işi açmaqla kifayətlənməsin, təxribat ciddi şəkildə, tam və hərtərəfli araşdırılsın və nəticə şəffaf formada bəyan edilsin. Ümumiyyətlə, son 3 ayda şərti sərhədlərdə törədilən təxribatların məhz Qərbin, daha konkret desək, Fransanın tapşırığı olması barədə Azərbaycanda səhih məlumatlar var. Əminik ki, Ermənistan açılan cinayət işi üzrə qətiyyətlə prosesi araşdırsa, şərti sərhəddə Azərbaycan mövqelərinə atılan hər bir güllənin tətiyinin Fransa, ABŞ və Aİ-in Ermənistandakı missiyasının təhriki ilə çəkildiyi bir daha üzə çıxacaq. İrəvan əgər bu mərhələni adlaya bilsə, sülh qarşısında heç bir maneə qalmayacaq. İndi Prezidentin 29 sentyabr 2023-cü ildə Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında qeyd etdiyi kimi, “Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”.

Deputat vurğulayıb ki, İrəvanın öz təxribatçı hərbçilərinə qarşı cinayət işi açması, eyni zamanda başqa bir reallığı da üzə çıxardı və bütün dünya gördü ki, əslində şərti sərhədlərdə son dövrlər müşahidə olunan təxribatlar Qərbin iddia etdiyi kimi, Azərbaycandan yox, məhz Ermənistandan qaynaqlanır: “Fevral ayındakı təxribatda da Azərbaycan tərəfinin insident yerindən yaydığı videoda problemin Ermənistandan qaynaqlandığı aydın şəkildə görünürdü. Lakin bu dəfə Ermənistanın başladığı cinayət təqibi, əslində İrəvanın təxribatı rəsmən etiraf etməsidir. Bu proses eyni zamanda davamlı şəkildə Azərbaycanın müharibəyə hazırlaşması barədə tirajlanan çirkab kampaniyasının mühüm həlqəsinə çevrilmiş Avropa İttifaqının Ermənistandakı missiyasının da ifşasıdır. Belə ki, Ermənistanın özü təxribatı etiraf etdiyi halda, Avropa İttifaqı məsələ ilə bağlı qəsdən susur. Bu isə bir daha göstərir ki, missiyanın bölgədə məqsədi dinc niyyətlərə xidmət etmir və Avropa İttifaqı özünü qərəz yuvası kimi təsdiq etməkdədir.

Ümumiyyətlə, Azərbaycanın antiterror tədbirlərində qələbəsinin ardınca separatizmə son qoyulmasından sonra regionda elə geosiyasi konfiqurasiya formalaşıb ki, faktiki olaraq sülh üçün real əngəl qalmayıb. İndiki məqamda Azərbaycan-Ermənistan münasibətlərinə kənar müdaxilə olmazsa, məsələlər normal məcrasında həll oluna bilər. 2024-cü ilin 7 dekabr bəyanatı və atılan addımlar da bunu bir daha sübut edir. Hazırda isə əgər Ermənistanın təxribatçılarla bağlı son gedişi də səmimi xarakter daşıyarsa, artıq sülh prosesi barədə daha arxayın danışa biləcəyik”.

Share: