Həmişə var ol, nurüzlü Nurcahan bacım – Şərafəddin İlkin, yazdı

Həmişə var ol, nurüzlü Nurcahan bacım – Şərafəddin İlkin, yazdı

Kəndimiz səhərlər çox erkən oyanardı. Gün hələ üfüqdən boylanmamış, səma açıq mavi ilə boz arasında qərarsız qalmışkən, kəndin axırından gələn səslər hər yana yayılardı.

Bacımgilin evi kəndin ən sonuncu həyətlərindən idi. Onlardan o yana sovxozun çay plantasiyaları uzanardı. Səhər şehinə bürünmüş, yaşılın min çalarını qucaqlayan dalğalı bir dənizi xatırladırdı.
Gün çıxmamış çaybecərən qızlar plantasiyalara yollanardı. Başlarına bağladıqları rəngbərəng yaylıqlar, çiyinlərində səbətlər… Amma ən çox yadda qalan səsləri idi. Onların şən, şaqraq gülüşləri, bir-birinə qarışaraq kəndi yuxudan oyadardı. O səsdə zəhmət də vardı, gənclik də, ümid də. Sanki günəşi də onlar çağırardı.
Bacımgilin həyəti səhərin ilk işığında daha doğma görünərdi. Həyətdə torpaq qoxusu, samovarın asta-asta qalxan buxarı, təzə bişmiş təndir çörəyin ətri… Mən anadan olanda artıq “dayı” idim. Bacılarım mən dünyaya gəlməmişdən əvvəl ailə qurmuşdular. Böyük bacımın dörd, ikinci bacımın bir övladı vardı. Mən evimizin balacası olsam da, başqa evlərin dayısı idim.
Böyük bacım kəndimizdə yaşayırdı deyə o ev mənim üçün ikinci ocaq idi. Bacıoğlum Akiflə eyni sinifdə oxuyurduq. Qohumluq dostluğa qarışmışdı. Dərsdən çıxan kimi yolumuz birbaşa o həyətə düşərdi. Günün çoxunu orda keçirərdim, bəzən gecəni də qalardım.
O evin sahibəsi isə mənim əziz Nurcahan bacım idi. Adı kimi nur saçan, sakit, ləyaqətli bir qadın bacım. Kənddə hörməti vardı. Sözünü uca səslə deməzdi, amma hər kəs onun yerini bilərdi. Süfrəyə oturanda ilk tikəni, ilk nimçəni həmişə həyat yoldaşına uzadardı. Uşaq vaxtı bunun fərqinə varmırdım. İndi anlayıram ki, bu, ailə içində səssiz bir hörmət idi. Sözsüz bir sədaqət.
Həyat yoldaşına biz “Bayram yeznə” deyə müraciət edərdik. Çox istedadlı, bacarıqlı usta idi. O dövrün ən məşhur adamlarının evində ustalıq etmişdi. Hər adam onun işindən yararlana bilmirdi. Tələsik işləməzdi, yarımçıq iş görməzdi. Ona görə evinin təmirini illərlə gözləyənlər vardı. Təkcə Masallıda deyil, Lənkəran, Cəlilabad, Biləsuvar, Salyan rayonlarında da tanınmış adamların evində əli işləmişdi.
Onun sənətində bir səliqə, bir qürur vardı. Elə bil çəkic vuranda da ölçü-biçi ilə vururdu. Bu gün o sənəti oğlu Akif, Rasiflə bərabər nəvələri Nurlanla Tərlan davam etdirirlər. Demək ki, ustalıq təkcə əl bacarığı deyilmiş, xarakter imiş, tərbiyə imiş.
Bayram yeznə məndən xeyli yaşlı olmasına baxmayaraq məni uzaqdan görəndə, dirsəyə qədər qatladığı köynəyinin qolunu belə açardı. Bu, balaca bir hərəkət idi. Amma içində böyük bir məna vardı. Uşaq olsam da mənə qayın kimi hörmət bəsləyirdi.
Onlar bizə nəsihətlə yox, əməlləri ilə həyat öyrədirdilər. Bacım bu günə qədər həyat yoldaşının adını bizim yanımızda çəkməyib. Hətta uşağını belə bizim yanımızda qucağına alıb əzizləməzdi. Sevgi vardı, amma nümayiş yox idi. Hörmət vardı, amma səssiz idi. Hər şey öz ölçüsündə idi.
Bayram yeznə çoxdan dünyasını dəyişib. (Allah rəhmət eləsin). Amma bacımın ona olan hörməti dəyişməyib. İndi də adını çəkəndə səsində eyni ehtiram duyulur. Nurüzlü bacım bu gün də başımızın tacıdır. Bizə olan məhəbbəti artıb ki, azalmayıb. Hər dəfə yanına gedəndə elə qarşılayır ki, sanki illər keçməyib.
Amma bir həqiqət də var ki, biz onun sevgisinin qarşılığını verə bilmirik…
İndi o səhərləri xatırlayanda çay plantasiyalarından gələn şən səsləri, samovarın qaynayan nəfəsini, süfrə başındakı ədəb-ərkanı düşünürəm. Anlayıram ki, onlar bizi əməlləri, sevgiləriylə böyüdüb, formalaşdırıblar.
Mən anadan olanda dayı titulunu almışdım. Amma insan olmağı onlardan öyrəndim.
Və indi anlayıram ki, insanın böyüdüyü evlər çox ola bilər. Amma onu adam edən bir ev olur. Mənim üçün o ev Nurcahan bacımın evidir.
Vaxt keçir. Səslər azalır. Həyətdəki samovar daha az qaynayır.
Amma bacımın qəlbindəki o isti yer hələ də bizim üçündür.
Bəlkə də bir gün anlayacağıq ki,
ən böyük borclar pulla yox, sevgi ilə ölçülür.
Və bəzi borcların ömrü insanın öz ömründən uzun olur…
Həmişə var ol, nurüzlü Nurcahan bacım.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı laureatı”.

Share:

Author: Müstəqil AZ