Məscidin tikintisi üçün şəhərin mərkəzində “Qapan dibi” adlanan yerdə meydan ayrılmışdı. Səslənən şeypur səsləri növbəti karvanın Qoşaqala qapısında yerləşən Şərq bazarına yaxınlaşdığını bildirirdi. Məscidin ətrafında fəvvarələrlə bəzədiləcək bağın salınması planlaşdırılsa da, Rusiya imperiyası dövründə böyük nüfuz sahibi olan xristian ruhaniləri “Qızıl kilsə” adlanan Aleksandr Nevski kilsəsinin yaxınlığında belə bir məscidin tikilməsinə mane olur. Məsələnin həlli uzandığına görə məmurların qərarını gözləməli olan bu meydan tədricən təbii bazara çevrilir.
Şəhərkənarı kəndlərdən satış üçün buraya ərzaq və başqa mallar, hətta heyvan da gətirirdilər. “Şeytanbazar” adlanan bu yer XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Bakının ən qaynar nöqtəsi sayılırdı.
Şamaxı, Şəki və Qubadan gələn tacirlər səkilərin üstündə alver edirdilər. Bu da meydanın zibillənməsinə, palçıq və üfunətin yaranmasına səbəb olurdu.
1898-ci ildə Şəhər Hakimiyyətinin məsləhəti ilə şəhərin memarı Y.Qoslavski bu yerdə çox faydalı və sanitar normalarına uyğun olan ticarət bazarının tikilməsi fikrini də irəli sürmüşdü. Sonradan məmurlar şəhər bağı salmaq haqqında da düşünmüşdülər. Amma…
…İsmayıl vərəm xəstəliyinə düçar olduğu zamandan yerli və xarici həkimlərin dediklərinə əməl etsə də, xəstəliyin övladına yeddi il verdiyi əzaba Ağa Musa dözməli olur. Ağa Musa İsveçrədə keçdiyi müalicə zamanı İsmayılı ziyarət edərkən, hər dəfə Qotik üslubda tikilmiş Palatso Kantarini sarayına həsrətlə baxır, oğlunun sağalacağına ümidini üzmədən, onun şərəfinə Bakıda binanın analoqunu tikdirəcəyinə özlüyündə qərar verir.
Lakin 1902-ci ildə vərəmin (çexotka) ağır formasından heç cürə yaxa qurtara bilməyən 27 yaşlı İsmayılın dünyasını dəyişməsi bütün bu danışıqlara son qoyur. Təəssüflər olsun ki, ata bu sarayı oğlunun xatirəsinə tikdirməli olur.
O, 1905-ci ildə bu məqsəd ilə Polşa mənşəli memar İ.Ploşkonu sarayın layihəsini hazırlamaq üçün İsveçrəyə göndərir. Bu proses uzun müddət tələb etdiyindən memar İsveçrədə 3 il qalmalı olur.
Bəzi rəvayətlərə görə, guya milyonçu Hacı Zeynalabdin Tağıyev Ağa Musanı oğlunun xatirəsinə bina ucaldıb İsmailiyyə adlandırmağı və binanı Xeyriyyə Cəmiyyətinə verməyi məsləhət görüb. Hətta pulu çatmazsa, ona kömək edəcəyini də bildirib…
Amma heç bir yerdə göstərilmirdi ki, varidatının ümumi miqdarı 413 mln., bəzi məlumatlara görə isə 690 mln. (güman ki, qızıl pul olub) məbləğində dəyərləndirilən Ağa Musa Nağıyev 98 mülk tikdirdiyinə görə 11 Bakı milyonçularından fərqlənərək birincisi sayılıb. O, kapitalını cəhalət girdabında boğulan xalqın maariflənməsinə sərf etməklə də başqalarından çox-çox fərqlənib.
1908-ci ildə memar İ.Ploşko hazırladığı binanın layihəsini Ağa Musaya təqdim edir və dekabrın 21-də İmamın mövludu günü – təntənəli mərasimdə “İsmailiyyə” binasının tikintisinə start verilir. Bakının qazısı – Mir Məhəmmədin xeyir-duası ilə başlanan bu tikinti üçün daşlar Pirşağa kəndindən – “Qızılqaya” deyilən yerdən arabalarla daşınır. Bina hazır olarkən, daş ustaları kimi artıq böyük hörmət qazanmış usta Hənifə və Hacı Abbasın bacarığı nəticəsində sözün əsl mənasında daşlardan simfoniya yaranır.
Binanın dörd bir tərəfində dördüncü xəlifə İmam Əlinin bu kəlamları həkk edilmişdi: “İnsan əməklə ucalır və arzularına yalnız zəhmətilə çatır; İnsan doğulandan ölənədək öyrənməlidir; Ay müsəlmanlar, dövrünüz sizinlə birlikdə ölür, övladlarınızı yeni dövrə hazırlayın!”
“İsmailiyyə” binasının mərkəz qapısının üstündə daş heykəl və ətrafındakı mələklər Ağa Musanın düşüncəsi olub: “Əgər İsmayıl sağ qalsaydı, məni də ətrafdakı mələklər kimi nəvə-nəticə dövrəyə alardı”.
Binanın divarlarına sanki Ağa Musa göz yaşları ilə suvaq çəkib, ürəyinin yağını əridərək, gənc oğlunun tellərinə sığal çəkirmiş kimi əllərini binanın hər bir daşına, divarına sürtərək bütün varlığını ora hopdurub…
1913-cü il aprelin 7-də istifadəyə verilən bu saray öz gözəlliyi ilə Bakının bütün imarətlərini kölgədə qoyur.
Bina 1913-cü ildən 1918-ci ilədək “İsmailiyyə” adını daşıyır və “Xeyriyyəyi Cünhuriyə”yə xidmət edir. Ağ daşla işlənmiş binanın akt zalında Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvlərinin toplantısı, müsəlman qadınlarının və Bakı ziyalılarının yığıncaqları, eləcə də ruhanilərin qurultayı keçirilib.
Həmin illərdə Maariflənmə və Xeyriyyə Cəmiyyətlərinin fəaliyyəti aktivləşmişdi. Bu, hansısa vahid bir müsəlman xeyriyyə və mədəni mərkəzinin yaradılmasını tələb edirdi. “İsmailiyyə” binası belə bir mərkəzə çevrilir. Onun zallarında “Nəşr-Maarif” cəmiyyəti tərəfindən çay süfrəsi arxasında xeyriyyə axşamları təşkil olunur. Zaman keçdikcə burada siyasi müzakirələr də aparılır. 1917-ci il aprel ayının 26-da xalq müəllimlərinin iştirakı ilə Tələbə Konfransı da bu binada keçirilib.
İçərişəhərin fonunda “İsmailiyyə” nadir memarlıq nümunəsi olaraq, öz dekoru ilə bu günədək diqqət cəlb edir.
1918-ci ilin mart ayında Bakı qırmızı qvardiyanın atəşi altına düşəndə, ilk Müsəlman Xeyriyyə Cəmiyyətinin dayağı olan “İsmailiyyə” binası müqavimət mərkəzlərindən biri olub, aramsız hücumlara məruz qalır.
Ermənilərin Bakıya hücumu zamanı İsmailiyyəni milyonçu Dadaşovun “Metropol” mehmanxanasının (Nizami ad. Ədəbiyyat muzeyi) damından “top yağışına” tutduqları zaman Ağa Musa oğlu İsmayılı sanki ikinci dəfə itirir. Bina güllə və mərmilərdən ciddi şəkildə zədələnir. Düşmənlər məqsədinə tam nail ola bilməyib, binanı yandırır.
Abidə 1922-1923-cü illərdə memar Aleksandr Dubovun iştirakı ilə bərpa olunur və bir müddət “Türk Mədəniyyət Sarayı” adlandırılır. Binanın bərpası zamanı artıq İsmailiyyə başlığının yerində hörmət əlaməti olaraq, iri hərflərlə “Памят Нагиевым” sözləri yazılır. Burada Nəşr-Maarif Cəmiyyəti tərəfindən çay süfrəsi arxasında xeyriyyə axşamları təşkil olunur.
Sonrakı illərdə binada: Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti; Əlyazmalar fondu; SSRİ Elmlər Akademiyasının Respublika filialı fəaliyyət göstərib.
Xarici görkəmində dəyişiklik aparılan, qarşı tərəfdən iki, arxa tərəfdən dörd mərtəbəli olan bu sirli binanın Pollatso – Kantarini Sarayının bu günümüzə gəlib çıxması çox baha başa gəlsə də, amma bu həqiqətdir. “İsmailiyyə” binası daşlaşmış heykəl olub, bütövlükdə Bakının mədəni tarixini bu gün də yaşadır. Milli ornamentini itirməyən bu saray bu gün elmə xidmət edir.
Hazırda binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti fəaliyyət göstərir. Düşünürəm ki, əgər bu saraya hər bir kəs Nağıyevlər nəslinin gözlərilə baxarsa, o zaman sanki Ağa Musanın binanın divarlarından axan göz yaşlarını, gənc İsmayılın pərvaz edən ruhunu, Fərəcin isə sovetlər dövründə binaya həsrətli baxışlarını duyar. Mənim isə bu üç əziz və doğma insanın ruhlarının şad olması üçün və ölkəmizin müstəqillik yoluna qədəm qoyduğu vaxtdan Nağıyevlər şəcərəsi ətrafında nələr etdiklərimin şahidi olar. Hər dəfə Ağa Musanın tikdirdiyi binalarına baxarkən, indiyədək görmədiyim yenilikləri kəşf edirəm. Sizdən bir istəyim var:
Ağa Musanın binalarına mənim həsrətli gözlərimlə baxın…
Dilarə Ağamusa
Ağa Musa Nağıyevin nəvəsi və tədqiqatçısı,
yazıçı-jurnalist