Fövqaladə Hallar Naziri, General-polkovnik, cənab Kəmaləddin Heydərova
Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 143 A nömrəli binada yaşayan jurnalist, publisist Elman Eldaroğlu tərəfindən
AÇIQ MƏKTUB
Cənab nazir, ədalətli insan olduğunuza inanıb, bu şikayətimi sizə ünvanlamaq qərarına gəlmişəm. Yaşadığım çoxmərtəbəli, yenitikili bina 2014-cü ildə istismara verilib. Hazırda binanı Eldar Fərhad oğlu Səfərovun rəhbərlik etdiyi “Binəqədi-38” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti(MMMC) idarə edir. Vaxtı ilə binamızda yanğın əleyhinə müxtəlif avadanlıqlar quraşdırılsa da, bu gün onların heç biri işlək vəziyyətdə deyil, avadanlıqların əlvan metaldan olan detalları yoxa çıxıb. Dəfələrlə FHN-nin qaynar xəttinə şikayət etsək də , yoxlamaya gələn FHN-nin sahə inspektoru Bəylər Mehdizadə adlı bir zabit faktları təsdiq etsə də, heç bir irəliləyiş olmayıb. FHN-dən bizə gələn cavab məktubları isə “yola verdim” məsəlinə dönüb.

Təsəvvür edin ki, 17 mərtəbəli binamızın hər mərtəbəsinə quraşdırılan yanğınəleyhinə kranların heç birindən əsər-əlamət qalmayıb. Yanğından xilas olmaq üçün nəzərdə tutulan bütün mərtəbələrdəki pilləkanlara çıxış qapadılıb, pilləkanlarin heç birində işıq yanmır. Yanğın zamanı sakinlərin hansı yolla xilas olacağı naməlumdur. Zirzəmidəki qarajların bir hissəsinə jalüz darvazalar qoyulub. Yanğın olarsa qapalı qarajlarda nə xəbərdarlıq cihazları, nədəki yanğın söndürən su püsgürdən avadanlıqlar var. Bu da yanğın zamanı tüstünün qatılaşmasına əlverişli şərait yarada bilər. Elektrik maşınları üçün quraşdırılan qeyri-qanuni şarjlar bina sakinləri üçün təhlükə yaradır. Binanın zirzəmisində quraşdırılan su püsgürən avadanlıqların heç biri işləmir. Yanğının baş verdiyini bildirən siqnalizasiyalar yoxa çıxıb. Bundan əlavə, binamızda yanğın baş verərsə, binanın ətrafında quraşdırılan şlanqbaumlar yanğınsöndürən maşınların binaya yaxınlaşmasına məhdudiyyət yaradacaq. Bu da xeyli insan tələfatına səbəb ola bilər.
Cənab Nazir, binamızın bu problemlərinin həll olunmasında sizdən mədət diləyirik. Ümid edirik ki, Azərbaycan Respublikasının Qanunları “Binəqədi-38” MMMC-də tezliklə bərqərar olacaq. Diqqətinizə görə minnətdarıq…




















