“Etiraf zamanıdır…Qarabağ hər il yox,hər ay bizdən uzaqlaşır” – Eldar Sabiroğlu…

ETİRAF ZAMANIDIR!!!
Qarabağ hər il yox, hər ay bizdən uzaqlaşır. Təəssüf ki, belədir. Və həm də çox təəssüf ki, barışmış kimiyik. Qaraqışqırıqla düzəlməz işlər!!! 30 ildir torpaqlar işğal altındadır. Deyiləsi, yazılası söz qalmayıb. Başqasını bilmirəm, 42 ilin qələm adamı olaraq Qarabağın qara baxtı ilə bağlı artıq söz tapıb ağ kağıza köçürməyə acizlik çəkirəm. Söz də qeybə çəkilib. Əvəzində can qurtaran və üzündən-gözündən iblislik yağan bir fikri(!) meydan şüarına çevirmişik: yəni ki, hədəfimizdə İrəvan dayanır. Bəlkə Qarabağı geri qaytaraq, sonra İrəvana, Göyçəyə, Dərələyəzə, Zəngəzura, Vedibasara, Zəngibasara gedərik(?).
Harda dayanmışıq, hansı bataqlıqdayıq?İstəyimiz, düşündüyümüz budursa yazıqlar olsun. Qarabağ boyda yep-yekə bir problemi ilişdiriblər, bizsə utopiyadan danışırıq. Görünür, camaatın başını qatmağa gərək var. Deyə bilərsiniz ki, MN-də xidmət edərkən və ya ondan əvvəl parlamentdə, YAP-da olarkən belə danışmırdın. Haqlı iraddır. Etiraf edirəm. İnsan üçün stol əsiri olmaqdan əzablı həyat yoxmuş… Həqiqət və vəzifə anlayışları Azərbaycanda nadir hallarda nadir şəxslərin timsalında bir-birinə uyğunlaşıb. Əksərən vəzifə ehtirası həqiqətə qənim kəsilib. Məsələn, oğlum Rüfət vəzifənin əsirinə çevrilməyib həbsxana həyatını daha üstün saydı, mən isə ifrata varmasam da, bəzən həqiqəti söyləmək üçün vətəndaş cəsarəti nümayiş etdirə bilmirdim. Bu sərbəstliyin dadını almaq üçün bir-iki cəhddən sonra elə təzyiqlə qarşılaşdım ki, özümü yığışdırmağa məcbur oldum, daha dərinə getmədim. Siyasi sistemin bir ailədə-ata və oğula göstərdiyi fərqli təsirin parlaq nümunəsi!!! Haşiyəmin mövzuya ola bilsin aidiyyatı olmasın, amma yox da deyil. Lütfükar oxucu yəqin ki, fikrimi anlamaqda çətinlik çəkməz… Ancaq indikilər kimi düşünsəydim indi iş başında idim.
Etiraf zamanıdır. Saxtakarlıqla, yalan və yaltaqlıqla ömür sürməyi dayandırın. Gənc nəsli də özünüz kimi tərbiyə etməyin! Nə isə…qayıdaq Qarabağa. Onun xilasının iki yolu var: ya müharibə, ya beynəlxalq təzyiq. Nə müharibə aparırıq, nə də ciddi bir beynəlxalq təzyiq var.

Share: