Dünyada tək olan Azərbaycanın “Miniatür Kitab Muzeyi” Ginnesin Rekordlar Kitabına düşüb.

Azərbaycanın “Miniatür Kitab Muzeyi” Ginnesin Rekordlar Kitabına düşüb. Çünki bu muzeydən dünyada 1 dənədir.


Müstəqil.Az Moderator.az -a istindən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunda yerləşən “Miniatür Kitab Muzeyi” Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.
Rekordlar kitabından aldıqları soraqla dünyanın müxtəlif ölkələrindən minlərlə turist bu məkana gəlib.

Muzey dahi Şekspir və Servantesin dünyasını dəyişdiyi və bu münasibətlə YUNESKO tərəfindən “Beyləlxalq Kitab Günü” elan olunmuş 23 aprel tarixində, 15 il bundan əvvəl yaradılıb.

Muzey ictimai xadim Zərifə Salahovanın 32 il ərzində topladığı şəxsi kolleksiya əsasında fəaliyyət göstərir. 8 minə yaxın kitabın toplandığı muzeyin daha iki filialı var. İçərişəhərdə yerləşən muzeydə 5500 kitab sərgilənir, digər kitablar isə muzeyin Naxçıvan və Gəncə filiallarındadır.

Dünyanın ən kiçik ölçülü kitablarının cəmləndiyi muzeydə 39 vitrin var. Bu vitrinlərdə dünyanın 68 ölkəsində nəşr olunmuş miniatür kitablar nümayiş olunur. Muzeyin ən kiçik ölçülü kitabı Yaponiyanın “Toppan” nəşriyyatında dərc olunan “İlin 4 fəslinin rəngləri” kitabıdır. Kitabın ölçüləri isə həqiqətən heyrətamizdir; 0.75×0.75 mm. Kitabda ilin 4 fəslini illüstrasiya edən 22 səhifə var. Kitabda yapon, çin, roma simvollarından istifadə olunub.

Muzeydə eyni nəşriyyatın 2×2 mm ölçülü daha üç kitabı nümayiş olunur; “Rənglərin əlifbası”, “Qiymətli daşların simvolikası”, “Zodiak işarələri”. Mikrokitablar ingilis dilindədir, hər birində 16 səhifə var.

Muzeyin ən qədim kitabları isə dini kitablar vitrinində yer alıb. Buradakı kitabların ən qədimi 17-ci əsrə aiddir. Vitrində yer alan Quranlar, İncillər, Buddizm, Tövrat, “Bizim atamız”, “On buyruq” kitabları mikro və mini ölçülərdədir.

Miniatür Kitab Muzeyində Şeksprin, Puşkinin, Dostoyevskinin, Lermontovun, Qoqolun, Svetayevanın, Dantenin, Da Vinçinin, Moppassanın, Allan Ponun, Balzakın və demək olar ki, dünya tarixinə düşmüş bütün dahi və tanınmış ədəbiyyat adamlarının miniatür kitabları yer alıb. Hər bir kitab öz kateqosiyasına aid vitrində nümayiş edilir. Vitrinlər şüşə örtükdədir. Kitablara yalnız baxmaq mümkündür.

Rəmzi tarixdə – bir nəsr və bir nəzm dahisinin dünyadan köçdüyü gün yaradılan muzeyin sanki simvolik bir mesajı var; bu tarixdə kitablar, dolayısı ilə kitablar kiçildi.

Muzeyə daxil olmaq ödənişsizdir və həftəiçi gündüz saatlarında fəaliyyət göstərir.

Share: