Din kimi poeziya, peyğəmbər kimi şair

Kulis.az Fəxri Uğurlunun Rayner Mariya Rilkenin poetik yaradıcılığı haqqında yazdığı “Din kimi poeziya, peyğəmbər kimi şair” adlı yeni yazısını təqdim edir.

Sevgidən şeirlər yazmayın, çoxdan bəlli olan tanış formalardan gen gəzin, bunlar işin ən çətin tərəfləridir… Gözəl obrazların olduğu bir yerdə özününkünü yaratmaq üçün möhtəşəm, yetkin güc lazımdır. Gündəlik həyatınızın Sizə diktə elədiyi ümumi mövzulardan xilas yolu axtarın: öz kədərinizi, arzularınızı, ötəri niyyətlərinizi, hansısa gözəlliyə inamınızı qələmə alın – bu haqda təsirli, həzin, təvazökar bir tövrlə yazın, özünüzü ifadə etmək üçün Sizi əhatə eləyən şeylərə, öz yuxularınızın obrazlarına, xatirələrinizin predmetinə üz tutun. Əgər gündəlik həyatınız Sizə kasad görünürsə, günahı özünüzdə axtarın, boynunuza alın ki, həyatın yeknəsəqliyindəki bütün bu zənginliyi canlandırmaq üçün, sadəcə, Sizin şairliyiniz yetərli deyil, çünki yaradıcı ruh üçün kasadlıq deyilən anlayış yoxdur, adamı biganə qoyan belə kasad yerlər ümumiyyətlə mövcud deyil.

Əgər dünyanın bircə sədasının belə hissiyyatınıza gəlib yetişmədiyi həbsxana divarları arasında olsaydınız, Siz öz uşaqlığınızın, misilsiz zənginliklə dolu bu xatirələr xəzinəsinin yiyəsi olmayacaqdınızmı? Fikrən ona üz tutun. Bu böyük zamanın içində unutduğunuz nə varsa, hamısını yaddaşınızda diriltməyə çalışın – onda Sizin şəxsiyyətiniz öz təsdiqini tapacaq, tənhalığınızın hüdudları genişlənib, toranlıqda kənardan insan səs-küyünün dalğası duyulan bir evə çevriləcək.

Əgər özünüzə xitabdan, şəxsi dünyanıza qapılmadan şeirlər doğulsa, həmin şeirlərin yaxşı, ya pis olması barədə nəsə soruşmaq Sizin heç ağlınıza da gəlməyəcək. Onda Siz qətiyyən marağında olmayacaqsınız ki, yazılarınız barədə jurnalların rəyi necədir. Siz bu şeirlərdə canınız-qanınız bahasına başa gələn həyatınızın səsini, cilasını görəcəksiniz.

Sənət əsəri o halda yaxşıdır ki, daxili zərurətdən yaranmış olsun…

Rayner Mariya Rilke – “Gənc şairə məktublar”dan

Rilkenin şeirləri Əhdi-ətiq peyğəmbərlərinin dualarına, nəğmələrinə, bəzən də qarğışlarına bənzəyir. Onun poeziyası – poeziyadan çox şeir qılafına bürünmüş dindir, şair özü də şairdən çox dərviş, peyğəmbər xislətli missionerdir. Ancaq Rilkenin yaradıcılığını konkret bir konfessiyanın sərhədləri çərçivəsinə sığışdırmaq olmaz. Onun dini ümumbəşəri dindir, hərçənd xristianlığın ideallarından, obrazlarından, simvollarından xali deyil.

Ömrünün beş ilini valideynlərinin təkidiylə getdiyi hərbi məktəbdə çürütsə də, Rilke yaradıcılığa da, şair kimi tanınmağa da çox erkən başlamışdı. İlk poetik toplusu hələ on doqquz yaşı olanda – 1894-cü ildə işıq üzü görmüşdü. İki əsrin qovuşağında Rilke artıq yetkin şair kimi tanınırdı. Ondan iyirmi yaş böyük başqa bir dünya şöhrətli şair – fransızdilli belçikalı Emil Verharn Rilkeni Avropanın bir nömrəli şairi adlandırmışdı. Nəzərə almaq lazımdır ki, Verharn hələ Rilkenin öz şah əsərlərini – “Duinez elegiyaları” ilə “Orfeyə sonetlər”i yazdığı zamana qədər yaşamamışdı.

Rainer Maria Rilke | Poetry Foundation

Rilke daim öz şair tənhalığının sərhədlərini, eynən gənc şairə tövsiyələrində yazdığı kimi, genişləndirməyə, öz mənəvi səltənətinin ərazisini böyütməyə çalışırdı. Ancaq bu işləri yalnız xəyallarının hesabına görmürdü, Praqada dünyaya gəlmiş Avstriya vətəndaşı olsa da, doğma şəhərinə sığmırdı – bir ucu Almaniya, İtaliya, Fransa, İsveçrə, bir ucu Rusiya – çox gəzir, çox dolaşırdı. Rus torpağını o, ruhunun vətəni, instinktlərinin qaynağı, duyğularının beşiyi adlandırırdı; deyirdi ki, Rusiya Tanrı dərgahı ilə həmsərhəddir. Şübhəsiz, şairin bu qənaətə gəlməsində özündən on beş yaş böyük peterburqlu rəfiqəsi Lu Salomenin (bir zamanlar bu ağıllı, xarizmatik qadın Fridrix Nitsşe ilə də sıx ünsiyyətdə olmuşdu), Rusiyada yaxından tanıyıb könül bağladığı Lev Tolstoyun, İlya Repin, Leonid Pasternak (sonralar Rilke ilə məktublaşacaq, onun şeirlərini ruscaya çevirəcək böyük şair Boris Pasternakın atası) kimi görkəmli rəssamların da rolu az olmamışdı. Dostoyevski, Tolstoy, Çexov yaradıcılığıyla Rilke ciddi maraqlanırdı, rus dilini öyrənib, bu dildə hətta bir neçə şeir də yazmışdı.

Rilke Avropa ədəbiyyatında ardıcılı olmayan sonsuz şairdir. Qlobal savaşların, epidemiyaların tüğyan elədiyi, xalqların, millətlərin ümidsizlik bataqlığında boğulduğu bir dönəmdə mistik şairin dini yaşantıları, ilahi illüziyaları, işıqlı xəyalları, çox güman, tragik zamanın kontekstinə sığmayıb, iki dünya müharibəsi arasındakı dövrün sənətkarları ya diqqəti daha çox sosial-siyasi reallıqların ifşasına yönəldiblər, ya da dekadansa, pessimizmə, ateizmə, materializmə, satanizmə yuvarlanıblar. Hər halda on doqquzuncu yüzildə böyük örnəkləri yaradılmış “dini” ədəbiyyat nümunələrinə iyirminci əsrdə çox az rast gəlinir. Belə sənət möcüzələri yaradan tək-tək adlardan biri də Rayner Mariya Rilkedir.

Rilke konseptual şairdir. Sağlığında da, özündən sonra da onu cürbəcür ədəbi-fəlsəfi cərəyanlara (həyat fəlsəfəsi, fenomenologiya, intuitivizm, simvolizm, modernizm, sürrealizm, ekzistensializm…) calamaq istəyənlər çox olub. Əlbəttə, Rilkenin yaradıcılığında bu cərəyanların, məktəblərin hər birinə aid nəsə tapmaq olar, ancaq bütün böyük qələm adamları kimi onu da hansısa cərəyanın çərçivəsinə salmaq olmaz. Onun hər silsiləsi bəlli bir poetik-fəlsəfi konsepsiya üzərində qurulub. Məsələn, “Dua kitabı” adlı üçbölümlük toplusu kilsə nəğmələri üslubunda, Tanrıyla dialoqa girməyə çalışan bir rahibin monoloqu kimi yazılıb.

“Yeni şeirlər” silsiləsi dahi skulptor Ogüst Rodenin heykəltəraşlıq tərzinin təsiri altında “şeir-əşya” konsepsiyasının ifadəsi kimi meydana gəlib. Konsepsiyanın mahiyyəti təxminən budur ki, biz ətrafımızdakı varlıqlarla, əşyalarla, predmetlərlə daimi ünsiyyətdəyik. Hansısa əşyaya dərindən dalanda biz ona can veririk, həmin predmet bizim ruhumuzda, şüurumuzda öz ifadəsini tapır, bizdə yaşamağa, təkmilləşməyə, mahiyyət qazanmağa başlayır. Yəni şüurumuz quşun, ağacın, daşın “qabığını soymaqla”, “donunu soyundurmaqla” onun gerçək mahiyyətinə nüfuz eləyir, onun qəlbinə yol tapır. Gerçəkdən də, quşa, ağaca, daşa bir şairin münasibətiylə ətrafındakı varlıqların “dilini” bilməyən adi adamın münasibəti arasında yerlə göy qədər fərq var. Müdrik insan hər predmetə, hər mənzərəyə qəlbinin gözüylə – üçüncü gözlə baxır, özündən qıraq aləmə altıncı hiss orqanıyla toxunur. Bu, dahi filosof Edmund Hüsserlin fenomenologiya fəlsəfəsi, ekzistensialistlərin subyektiv dərki ilə səsləşən vacib məqamdır.

22 September (1902): Rainer Maria Rilke to Auguste Rodin | The American  Reader

“Obrazlar kitabı” toplusu ən müxtəlif həyat, təbiət hadisələrinin, obrazların vahid dini-mistik konsepsiyaya tabe olunması sayəsində poeziya tarixinə simvolizmin misilsiz örnəyi kimi düşüb. Məsələn, bu silsilədən olan “Kitabla baş-başa” şeirinin lirik qəhrəmanı mütaliəyə necə aludə olursa, pəncərəsini döyəcləyən yağışın belə səsini eşitmir. Axşama doğru günəş işığını da götürüb bağ-bağçadan çəkiləndə onun qulağına hansısa dərinlikdən bir yerə yığışıb söhbətləşən adamların səsi gəlir. O, başını qaldırıb boylansa, danışan adamların necə yaxında olduğunu görəcək, belədə isə həmin səslər ona başqa dünyanın hənirtiləri, pıçıltıları kimi çatır. Ona görə də gözünü kitabdan çəkməyib toran qovuşan vaxtı gözləyir. Alaqaranlıqda başını qaldıranda ona elə gəlir ki, evinin çəpəri böyüyüb-böyüyüb bütün kainatı öz içinə alıb. Kəndin sonunda işaran sonuncu ulduz isə ona sonuncu evin çırağı kimi görsənir.

Ardı var…

Share: