Cavid Osmanov: Bələdiyyə institutu təkmilləşdirilməlidir

Bələdiyyə institutu təkmilləşdirilməli, digər sahələrdə olduğu kimi bu sahədə də islahatlara gedilməlidir.

Bunu -ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki, artıq Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərpa edilib: “Müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə regionda yeni reallıqlar yaranıb. Bütün sahələr, eləcə də bələdiyyələrimiz bu reallıqlara uyğunlaşdırılmalıdır. İllərdir parlamentdə bələdiyyələrin birləşdirilməsi barədə təkliflər səsləndirilir. Bələdiyyələrin birləşdirilməsi ilə də iş bitmir. Bu sahənin dirçəldilməsi çox vacibdir. Çünki ilk dəfə bu ilin sonunda Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Azad edilmiş ərazilərimizdə formalaşdırılacaq bələdiyyələr digərlərinə də nümunə olmalıdır. 25 ildir yaradılan bələdiyyə institutunda islahatlar aparılmalıdır. İlk olaraq kiçik bələdiyyələr birləşdirilməlidir. Bir sıra amillər bələdiyyələrin birləşdirilməsini şərtləndirir. Belə ki, hazırda fəaliyyət göstərən 1606 bələdiyyədən təqribən 1200 bələdiyyənin maliyyə-iqtisadi potensialı əhəmiyyətli sosial-iqtisadi, ekoloji proqramların qəbulunu və icrasını mümkünsüz edir. Digər tərəfdən, həmin bələdiyyələrin gəlirlərinin əhəmiyyətli hissəsi dövlət büdcəsindən ayrılan dotasiyadan ibarətdir. Doğrudur, ötən il bələdiyyələrə büdcədən 8 milyon vəsait nəzərdə tutulsa da, bələdiyyələr öz gəlirlərini 47 milyon manata çatdıra biliblər. Amma illik gəlirlər tam toplansa belə daimi əsaslarla işləyən bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əməkhaqqı xərcləri qarşılana bilmir. Belə olan halda maliyyə çatışmazlığı səbəbindən ixtisaslı kadrlar cəlb edilə bilmir, müasir texnologiyaların tətbiqində çətinliklər mövcuddur”.

Deputat diqqətə çatdırıb ki, göstərilənlər ümumilikdə əhali arasında yerli özünüidarəetmə institutunun nüfuzuna mənfi təsir göstərir:

“Maliyyə-iqtisadi potensialın zəifliyi və fəaliyyətlərinin davam etdirilməsinin mümkünsüzlüyü ölkəmizdə növbəti dəfə bələdiyyələrin birləşdirilməsini şərtləndirir. Buna görə də qanunvericilikdə bir sıra dəyişikliklər təklif edilir. Bunlardan biri maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələr əsasən kiçik kənd bələdiyyələri olduğu üçün onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin birləşdirilməsidir. Bu dəyişiklik qəbul olunacağı təqdirdə ilkin hesablamalara görə 1000-ə yaxın bələdiyyənin birləşdirilməsi nəzərdə tutulur, nəticədə bələdiyyələrin sayı təqribən 50 faiz azalacaq. Bu, beynəlxalq təcrübəyə əsaslanan dəyişikliklərdir. Çünki hazırda maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin əhali sayının aşağı həddi əsas götürülərək birləşdirilməsi təcrübəsi Türkiyə, İtaliya, Estoniya, Gürcüstan və bir sıra digər ölkələrdə mövcuddur. Beynəlxalq təcrübədə əhali sayının aşağı həddi əsasən 2000-5000 aralığında müəyyən olunur. Türkiyə Respublikasında 2009-cu ildən etibarən bir neçə mərhələdə birləşdirilməklə, bələdiyyələrin sayı 2950 vahiddən 1391 vahidə endirilib. Bu onu deməyə əsas verir ki, bələdiyyə vahidinə düşən əhali sayı orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər, Azərbaycanda isə 6,5 min nəfər təşkil edir”.

Cavid Osmanov təklif edilən dəyişikliklərin bələdiyyə institutunun nüfuzunun artmasına müsbət təsir edəcəyi qənaətindədir: “Bələdiyyələrin maliyyə-iqtisadi potensialının artması nəticəsində əhaliyə göstərilən xidmətlərin səviyyəsi yüksələcək. Eyni zamanda yerli əhəmiyyətli məsələlərin həlli sürətlənəcək. Bələdiyyələrin maliyyə imkanları artacaq və nəticədə yerli problemlərin həllində çevik reaksiya göstərə biləcəklər. Bununla qanunvericiliklə bələdiyyələrin vəzifələrinə aid edilən yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji proqramların qəbulu və icrası nəticəsində əhali arasında bələdiyyələrin nüfuzu artacaq”.

Share: