Cəlilabad yazarları təşkilatlandı

Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubu yaradılmışdır  

Azərbaycan Yazıçılar Birliyinin Cəlilabad bölgəsindən olan üzvlərinin Abbasağa Azərtürk adına Poeziya Klubunun yaradılması haqqında təsis yığıncağı keçirmişlər.

Bu haqda Müstəqil.Az-a şair, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı məlumat verib.

Məlumaatda bildirilir ki, əsas məqsəd bölgədə yaşayan Birlik üzvlərinin AYB ilə səmərəli əlaqəsini təşkil etməkdir. Yığıncaqda bölgədə yaşayan 40-a yaxın Azərbaycan Yazıçılar Birliyi üzvündən 23 nəfər  iştirak etmişdir. Bundan başqa, Mikayıl İnçəçaylı, Sabir Nəsiroğlu, İlham Əsgərov, həmçinin Salyan rayonundan olan Firdovsi Sarvanlı, Yaşar Hüseynov və Əli Mirzə Bəşirli yığıncağın işində iştirak etmişlər.

Yığıncağa sədrlik edən  Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı (Hüseynov) gündəlikdə duran məsələləri təşkilat üzvlərinin nəzərinə çatdırmışdır.

Bilal Alarlı Müstəqil.Az-a onu da bildirdi ki, bölgədə yaşayan Azərbaycan Yazıçılar Birliyi üzvlərindən Ələddin Əzimli, Əlirza Həsrət, İman Abdulla, Meyxoş Abdullah, Ədalət Salman, Asif Həsənli, Əlizadə Sərdaroğlu, Firdovsi Sarvanlı çıxış edərək Cəlilabad Poeziya Klubunun adına münasibət bildirmiş, müzakirə olunan məsələlərlə bağlı qərar qəbul etmişlər.

Cəlilabadda yaşayan AYB üzvlərinin çoxluğunun istəyi nəzərə alınaraq, bölgədə Abbasağa Azərtürk adına Poeziya Klubu yaradılmasına qərar verilmiş, AYB üzvü, Prezident təqaüdçüsü olmuş Əlizadə Nuri Kluba sədr, Əlirza Həsrət (poeziya məsələləri üzrə) və Meyxoş Abdullah (nəsr məsələləri üzrə) katib seçilmişlər. Bilal Alarlıya isə Klubun mətbuat katibi funksiyasını icra etmək tapşırılmışdır.

Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad Rayon Şöbəsinin sədri Rəşad Salmanov, Abbasağa Azərtürk adına Poeziya Klubunun üzvlərinin müraciətini nəzərə alaraq, mədəniyyət evində onlara yer ayırmışdır.

Yeni yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubunun yaradıcı təşkilat kimi qeydə alınması üçün Azərbaycan Yazıçılar Birliyinin sədri Anara müraciət olunmuşdur.

Müstəqil.Az

Share: