Mətbuatda mənim nə işim varıydı?
İki gün öncə mətbuat adamları bayram etdi. Bayram günümüzdü axı. Zərdabi rəhmətlik nə zülmlərə qatlaşaraq “Əkinçi” qəzetinin ilkini məhz iyulun 22-də çapdan çıxarmışdı. Allah ona qəni-qəni rəhmət eləsin ki, “biz də varıq” deməklə, səsimizi aləmə car edə bildi.
Bu yazımı yazmağım bu günə təsadüfmü etdi, yaxud zərurətdən doğdu, dəqiq deyə bilmərəm. Bircə onu bilirəm ki, nə Zərdabi, nə Məmmədquluzadə, nə Şahtaxtinski, nə S. Hüseyn, nə Nemanzadə, nə də Ü. Hacıbəyov sağ olsaydılar, mətbuatımızın bu gününə sevinə bilməzdilər. Ona görə ki, bu yolu tutanların əksəriyyəti azad mətbuatın azadlığının ləzzətini hələ dadmayıb.
Mətbuatda mənim nə işim varıydı?
Əslində texniki universitet bitirmişəm. Öyrəndiyim fənlər riyaziyyat, tərsimi-həndəsə, fizika, kimya və s. olub. Əsas olan isə bu ki, evdə atama olan sevgim kimyaya, məktəbdə Qərənfil müəlliməyə olan sayğım məni daim ədəbiyyata sürükləyib. Ortada qalan özüm ədəbiyyatı sevdim, kimyanı seçdim. Və universiteti bitirəndən sonra ilk şeirlər kitabım çapa getdi. Əziz müəllimim, folklorşünas alim Sədnik Paşa Pirsultanlı ilə tanışlıq məni nəşriyyatda işləməyə sövq etdi. Beləliklə, yazdım, qəzetim oldu, hakimiyyətə asi çıxdım, əvvəl qəzetimin ofisi əlimizdən alındı pərən düşdük, sonra qəzet bağlandı, sonra ayrı-ayrı Tv-lərdə işlədim (redaktor, aparıcı), hakimiyyət asi zamanlarımı sinirmədi, hər yerdə “pampıqla başımı kəsərək” məni işdən uzaqlaşdırdı.
Bu gün…işləyirəm, yazıram…Ədəbiyyatdan yazıram, yalnız ədəbiyyat! Rəhbəri olduğum sayt da məhz ədəbiyyata və mədəniyyətə xidmət edir.
O gün xəcalətimdən yer ayrılsaydı, yerə girərdim…
Gəncə ədəbi mühitini sevirəm. Sevilirəm həm də. O gün ədəbi mühitimizin iştirakıyla keçirilən bir məclisdə idim. Əslində həmişə mənə böyük sayğı, qayğı, diqqət, pərəstişlə yanaşan bir mətbuat adamı “yüz qramın şərəfinə” məni qəşəng “təriflədi”. Dedi ki, “elə sənin kimilərdi də bu gün ədəbiyyatdan xəbəri olmayan qoyunları “ədəbiyyatçı”, əli qələm tutammayanları “jurnalist” kimi təqdim edən. Və hətta bir zamanlar ehtiyac ucbatından birisinə yazdığım (inanın ki, yazdığım və enerjimi tamlıqla sərf etdiyim) kitabı, (hansı ki, o kitabın səsi xarici ölkələrdən gəlir bu gun) üzümə elə “çırpdı” ki, mənim kimi dilli-dilavər birisinin dili tutuldu. Adam düz deyirdi, mənim əməyimlə həmin “yazıçı” bu gün efirlərdədir, reklamı da ki,öz yerində. Amma, əmmasını həmkarlarım əla bilir. Əmması bu ki, onda pula ehtiyacım var idi. Birinə hekayə, birinə şeir redaktə edirdim (yazırdım), birinə dissertasiya işi yazırdım, biri yazıçı olmaq istəyirdi hekayəmi satırdım və dolanırdım. Nə etməliydim, bu işi bacarırdım. Bilirəm, məni qınadınız. Qınamayın! Ya da qınayın! Qadınlar daha gözəl bilirlər ki, yaşamaq necə çətindir…
Bax, onda ürəyim param-parça olur…
Birdən görürəm ki, kiməsə “satdığım” bir əsərim reklam olunur. Bilirsiz ürəyim necə param-parça olur? Eh, bilirsiniz… yazmağı bacaranlar əla anlayır məni…
Bir dostum kitab nəşr etdirmək sevdasına düşdü. Mənə deyəndə, doğrusu, çox yayınmaq istədim, lakin, o kitabın nəşrinə qol qoydum (qələm qoydum). Adam haqqımı qiymətləndirəcəyinə söz belə verdi. Kitab çap olundu, adam “yazıçı” oldu, kitab satıldı, növbəti nəşrə hazırlandı… Hələ də əməyim qiymətləndirilməyib…
Ay məni qınayanlar, daha qınamayacaqsınız, çünki kimisə yazıçı, yaxud şair qayırmağa daha enerjim qalmayıb. Getdi o dövran…
Keçək əsas mətləbə…
Bu gün mətbuatımıza yol qəribə “daş-kəsəkli”cığırlardan keçir. Ya gərək konkret olaraq hakimiyyətin, yaxud hansısa məmurun yaratdığı mətbuatda “azad” qələm carçısı olub, onların əqidəsini azad şəkildə qoruya və hər ayın sonunda beş qəpiyinə sahib olasan, ya ucuz kafelərin küncündə ucuz araqların “şərəfinə” ucuz və saysız-hesabsız baş redaktorcuğazların badə dolduranı olasan, ya o redaktorların “müxbirə sevgili”si olasan, ya da “Əkinçi”yə sadiq qalaraq kənanhacıların acı həyatını yaşayasan.
Əslində fikrim bu gözəl gündə Kənanı danışdırmaq idi. Məni uzun müddətdi düşündürən bir suala bəlkə o, cavab verərdi. Sual isə budur: Ay Kənan (kənanlar), sizin kimi qələmin başına dolana-dolana, ömrünü mətbuata həsr edə-edə yarıac, yarıtox, evsiz-eşiksiz, səfil (bağışla, ifadəmə görə) mətbuat adamı yaxşıdı, ya dünən müxalifət, bu gün iqtidar adını qazanıb, amma harda para varsa, orda qurdalanmaq yaxşıdı? Yoxsa elə, sənin məşhur “Yağ kimi” romanındakı məşhur “Camış Abdulla” kimi rayon-rayon, idarə-idarə, məmur-məmur fırlanaraq mətbuat “xadimi” olmaq?
Nəysə…
Bayramımız mübarək, əzizlərim!
P.S. Bədənini satan adamlara ad da qoymuşuq: “fahişə!” Sual edirəm: Bəs istedadını satanlar necə adlanır?
…Deməli, biz də istedad fahişələriyik!