“Bakını Azərbaycandan tam ayırmaq üçün Yevlaxa qədərki ərazilər zəbt olunmalıdır…-Bir mücahidin xatirəsinə…-Minəxanım Nuriyeva

Qəhrəmanlarımızı tanıyaq:

Qaraman soyunun aslanı (Bir mücahidin xatirəsinə)

Nuri paşa Mondros sazişindən sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalan Qafqaz İslam Ordusundan ayrılıb özü kimi “sərdən keçdi” ürəkli, Turan sevdalısı dostları ilə indi atrıq öz müqəddəratını təkbaşına həll etməli olan Azərbaycanda qaldı.

O cəbhədən-cəbhəyə atılır, tez-tez qaynar nöqtələrdə görünürdü. Günlərin bir günü ermənilərin fitnəsi ilə o tutulub ingilislərə təhvil verilir. İndi o, “cəfakeş” erməni qatili kimi mühakimə olunmalıdır.

Təcili olaraq yerli ziyalıların, sayılan-seçilən nəcabətli insanların təşəbbüsü ilə İngilis baş komandanlığına əslində Nuri paşanın sülhsevər məramından, fərq qoymadan millətlərin hüququnu qorumaq tədbirləri barədə əfv xahişli məktublar təşkil olunur. Yevlaxdan göndərilən belə ixlas məktubuna imza atanlar sırasında Qamboy ağa Qaramanlı da vardı.
….Bakıda mart faciəsinin ardınca ermənilər elə 1918-ci ilin mayında Şamaxıdan başlamaqla Kürdəmirə, oradan Salyana çatacaq qədər böyük ərazilərdə yerli əhalini biçib tökməkdə idilər.

Ter-Qazaryantsın rəhbərliyi ilə bu ərazilərdə bölgənin ermənilərindən təşkil olunmuş tabor Lalayevin, Əmirovun, Hamazasp Sirvantsyanın qanlı daşnak ordusuna qoşuldu.

Üstünlük İblisdə idi; Şamaxı qəzası başdan-başa yandırıldı. Artıq fitnəkar erməni çıxışları Bakını, Şamaxını, Qarabağı və s. bürüməkdə, Azərbaycanın bütövlüyünü təhdid etməkdə idi. Beləliklə, qarşıda Azərbaycanın tarixi bir diyarı olan Qarabağ üzərində də Azərbaycan hökumətinin tanınması, düşmənin buradakı müqavimətinin qırılması, Bakının daşnak-bolşevik qatillərdən azad edilməsi, Azərbaycanın digər bölgələrində tüğyan edən erməni vəhşətinə son qoymaq kimi çətin vəzifələr dururdu.
Bu dözülməz ağır anlarda Azərbaycanın yerində milli hərəkat dirçəlib özünü göstərməkdə idi. Yarandığı gündən müdhiş təhlükələrin verdiyi çətinliklərlə üzləşən Azərbaycan liderləri nicat istəkləri ilə Türkiyəyə müraciət etdi.
Qardaş köməyi kimi yeridilən ordu qısa müddətdə ölkənin hərbi qüvvələrini də nizami şəkildə yetişdirə bildi. Bakı-Şamaxı qırğınından daha da quduzlaşıb fəallaşan daşnak-bolşevik birləşmiş qüvvələri Yevlax yolunca Gəncədə təşəkkül tapıb formalaşan Milli hökumətin qüvvələrinə qarşı irəliləyirdilər. Hər yan qana qərq olmuşdu. Lakin ermənilər elə burayacan irəliləyə bildilər.

Daha buradan Gəncəyə gedən yol bağlanmışdı. Qeyrətli oğullar öz köksü ilə yolu kəsdilər. Ölüm-dirim savaşı gedirdi, lakin qələbə ağlagəlməz uzaqlıqda idi.
Bu müharibədə qanı qanımızdan, canı-canımızdan olan igidlərin – Sultan bəy, Xosrov bəy qardaşları, Bəhram bəy Kəkilbəyov, Rəfibəyovlar, Sarı Ələkbərin, Qarxunlu Əşrəf bəy, Qaramanlı Qamboy ağanın, qoçu Ədil ağanın və s. adları illərcə bizdən – həm qəlbimizdən, həm də qulaqlarımızdan aralı saxlanacaq, əksinə öz xalqına qarşı döyüşən satqınların adları isə tariximizin əsas səhifələrinə çevriləcəkdi.
Mənə qalarsa, top-tüfənglə bərabər ən çoxu da hiylə-məkr müharibəsi olan bu qanlı savaşda əlində silah ayağa qalxan hər bir Azərbaycan oğlunu milli qəhrəmanımız saymaq olar. Şaumyan hökumətinin acından taqətsiz saldığı, hələ də tüfənglə davrana bilməyən yerli əhali, ambarlarını, banklarını açıb varını-yoxunu xalqın nicatına xərcləyən Azərbaycan zənginləri və rus ordusunda layiqincə xidmət edən bəy-xan oğulları – yurdun bu müsibətli günlərində vətənə tələsən ilk hərb adamlarımız – fəlakət qarşısında tək qalmış millətin o zamankı birliyinin əsl təcəssümü idi.
Daşnaklarla sazişə girən quldur kazak ordusu komandanı Lazar Biçeraxovun raportunda deyilirdi ki, Bakını Azərbaycandan tam şəkildə ayırmaq üçün Yevlaxa qədərki ərazilər zəbt olunmalıdır. Lakin bu məqsədlə irəliləyən erməni-rus hərbi gücünün qarşısı Yevlaxa çatmamış alındı.

Könüllülərdən təşkil olunmuş dəstələrin ölüm-dirim savaşı Qafqaz İslam Ordusunun gəlişiylə qələbə yürüşünə çevrildi. Sonralar hökumətin yerlərdə qurulub möhkəmləndirilməsi məqsədilə belə çətin məqamda Məmməd Əmin Rəsulzadə Qaramanlı Qamboy ağaya güvənir, ona müraciət edir. (Bu məktub ailədə müqəddəs əmanət kimi qorunmaqdadır) Lakin Qamboy ağanın vətən qarşısında fədakarlığı cavabsız qalırdısa da yüksək şərəf nişanəsi olaraq Qafqaz İslam Ordusu tərəfindən onaçılan tüfənglə mükafatlandırılır.
Sovet hakimiyyətinin gəlişiylə artıq gizli şəraitdə mübarizəyə keçən, indi dağı-daşı özünə doğma yurd seçən bu qıvraq görkəmli, cəsur Qaraman oğlu artıq libasını dəyişib gələn əski düşməni daşnak-bolşevik başkəsənləri ilə birgə yaşaya bilməzdi. Məhrumiyyət dolu çətin yolu seçir: qaçaq həyatına üstünlük verir. Əldə tüfəng, ətrafında vəfalı məslək dostları, ağır tale, qismət ortaqları. 12 il sürən məşəqqətli həyat… amma baş əyməmək üçün, kölə olub dünənki düşmənlərinə tabe olmamaq üçün könüllü seçilən yol.
…Qamboy ağa 1932-ci ildə xaincəsinə öldürüldü; amma döyüşə-döyüşə, əldə tüfəng həlak oldu. Öz kəndlərinin taxıl zəmiləri onun son döyüş meydanına çevrildi. Ən ağrılısı odur ki, bu dəfə qarşısında daha ermənilər deyil, qan qardaşları, lakin əqidə düşməni olan Dövlət Siyasi Şöbəsinin silahlı dəstələri dayanmışdı.
Qaraman soyuna mənsub olan bu ailədə 1990-cı illərə qədər babalarının qəhrəmanlığından danışmaq şərəf yox, sirr əmanəti olub. “Qaçaq oğulları” ittihamı 70 il bu ailəni susmağa məcbur edib.

Amma…amma ömrünü mübarizələrdə keçirən, yadelli işğalçılara qarşı barışmaz el qəhrəmanı olan Qaramanlı Qamboy ağanı və yüzlərlə Vətən fədailərimizi unutmağa bizim haqqımız yoxdur. Onun adını böyük məmnuniyyətlə Vətən fədailəri cərgəsinə yazmalı olduq…

Minaxanım Nuriyeva

Share: