Bu günlərdə qardaş Türkiyədə də hər kəsin ürəyi Azərbaycanla döyünür, hər kəs Tovuz bölgəsində düşmənlə savaş aparan qəhrəman əsgər və zabitimiz üçün dualar edir. Onlardan biri də Azərbaycan üçün daim canından keçməyə hazır olan Türkiyə millət vəkili Atilla Kayadır.
Müstəqil.Az xəbər verir ki, Atilla Kaya da Azərbaycan tarixində qalan iki möhtəşəm hərbi əməliyyatın planlayıcılarından və icraçılarından olub. Onlardan biri də 1993-cü ilin 26 aprelində, Xocalı soyqırımının ilk ildönümündə qisas əməliyyatı olaraq baş verib. Milliyyətçi Hərəkatın əfsanə lideri, mərhum Başbuğ Alparslan Türkeşin təlimatı ilə Azərbaycana gələn türk könüllüləri Elçibəy iqtidarının bəlli görəvliləri tərəfindən Ermənistan sərhəddinə yaxın Kirən kəndində düşərgə salıblar. 1992-93-cü illərdə erməni işğalçılarına qarşı savaşda qurulan “Ruzigar kampı” adlandırılan hərbi düşərgədə (düşərgənin qurulmasına və hər cür təchiz edilməsinə Tovuz rayonunun o zamankı polis rəisi, rəhmətlik Novruz Həsənli məsul idi – E.P.) erməni terrorçularına qarşı döyüşən Atilla bəy vaxtilə döyüşdüyü mövqelərə ermənilərin təcavüz etmək qəsdini Musavat.com-a müsahibəsində lənətləməklə yanaşı, yenidən öz qardaşlarına yardıma hazır olduğunu bildirdi. Yeri gəlmişkən, üç il əvvəl Atilla Kaya Tovuzda olarkən vaxtilə döyüşdüyü yerlərə də baş çəkmişdi.
– Atilla bəy, əminik ki, bu günlərdə sizin də ürəyiniz Azərbaycanla bir yerdə döyünür. Çünki 90-cı illərdə silahdaşlarınızla birgə döyüşdüyünüz Tovuz bölgəsi yenə də Ermənistanın xain təxribatları ilə üz-üzə qalıb.
– Təbii ki. Baş verənləri davamlı şəkildə izləyirəm, Rauf bəylə, digər dostlarla əlaqə saxlayıram, medianı təqib edirəm. Tovuz bölgəsini də çox yaxşı tanıyıram.
– Son hadisələr Qarabağdan uzaqda baş verir və hər kəs bunun səbəbini axtarır. Tovuza erməni hücumu barədə xəbər sizinçün də gözlənilməz oldu?
– Sözün doğrusu, Tovuz tərəfdən hücum gözləmirdim. Bunun çox yaxşı təhlil edilməsi lazımdır ki, hansı səbəbdən ermənilər qəfildən Tovuz istiqamətindən atəşkəsi pozub, hücuma keçdilər? Bunun səbəbləri uzmanlar tərəfindən çox fərqli şəkildə dəyərləndirilir. Amma mənim fikrim budur: atəşkəs razılaşması 1994-cü ildə olub. O vaxtdan 26 il keçir. Amma zaman-zaman toqquşmalar olub. Bu, 26 illik müddət bizə bunu göstərir: birincisi, Minsk Qrupunun fəaliyyətsiz olduğu, hər hansı funksiyanı yerinə yetirə bilmədiyi, ermənilərin mövqeyini dəstəkləyən mövqe sərgilədiyi aydın görünür. Dolayısı ilə durduğu yerdə savaşı kimsə istəməz. Amma haqlı olduğumuzda, savaş da qaçılmaz olur. Düşmən sizə hücum etdiyi, torpaqları işğal etdiyi zaman döyüşməyə məcbur qalırsınız. Bu mənada Azərbaycan torpaqlarının yüzdə iyirmisi işğal altındadır. İşğalın üzərindən 30 ilə yaxın, atəşkəsdən 27 il vaxt keçdiyi halda, demək bu minvalla Ermənistanla danışıqlarda bir nəticə əldə olunmayacağı ortaya çıxır.
– Bir çoxları indiki vəziyyətin Qarabağın işğalına son qoymaq üçün bir fürsət olduğunu dilə gətirir. Sizin müşahidə və qənaətiniz necədir?
– Azərbaycanın böyük imkanları var, neft-qaz gəlirləri gəlir, demək, bu müddət ərzində çox güclü, dinamik, silah-sursat, hərbi texnika baxımından çox hazırlıqlı bir ordu yarada bilib. Demək, Qarabağ torpaqlarının işğaldan azad edilməsi üçün bu, bir fürsətdir. Ancaq Ermənistanın təcavüzkar əməllərinin dünyaya tanıdılması işində bəzi çatışmazlıqların olduğunu düşünürəm. Xarici medianı da təqib edirəm, hətta Azərbaycanı günahkar sayan iddiaları da görürəm. Demək, Azərbaycan Xarici İşlər Nazirliyi və onun tabeçiliyində olanlar da beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından yetərincə fəaliyyət göstərə bilməyiblər.
– Elə həm də bu səbəbdən XİN rəhbərliyi istefaya göndərildi və yeni nazir təyin olundu…
– Dolayısı ilə Azərbaycan burdan bir dərs çıxartmaq durumundadır. Yəni atəşkəslə, Minsk Qrupu ilə torpaqlarının geri qaytarılması mümkün deyil, üstəlik, düşmən tərəfdən yeni hücumların olması bu qənaəti möhkəmləndirir.
– Azərbaycan xalqının da israrlı tələbi budur ki, Ermənistanın Tovuz istiqamətindən alçaq təxribatına cavab olaraq bütün cəbhəboyu zərbələr endirilməli və Qarabağın terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatlar başlanmalıdır. Sizdəmi bu fikirdəsiniz?
– Bəli. Bunu da məmnuniyyətlə ifadə edirəm: Azərbaycan xalqındakı bu yüksək milli şüuru daha bir kərə gördüm. Gerçəkdən mən çox böyük məmnuniyyət duydum. Azərbaycanın bütün şəhərlərində xalqın küçələrə axışıb Qarabağla bağlı yüksək səviyyədə mövqe ortaya qoyması həm ümid verir, həm də sevindirici bir durumdur. Eyni zamanda bu, beynəlxalq aləmə bir mesajdır. Yəni bu məsələdə bir addım atılmasa – həm hakimiyyət, həm də Azərbaycanla bağlı maraqları olan ölkələr tərəfindən – bu xalqı daha çox bu şəkildə saxlamaq mümkün olmaz. Əks təqdirdə, bu, başqa hadisələrə səbəb ola bilər. Məncə, bu, torpaqların qaytarılması üçün bir fürsətdir. Azərbaycan ordusunun yetərli gücə malik olduğuna inanıram. Xalqda da bu yüksək milli şüur, ruh yüksəkliyi ortaya çıxmışkən, ermənilərin bu təcavüzkarlığını bir fürsət bilərək təbii haqqımız olan, yəni bütün beynəlxalq anlaşmaların Azərbaycana tanıdığı haqlardan yararlanaraq ən qısa zamanda, şiddətli bir hərəkətlə bütün torpaqlarımızın azad edilməsi istiqamətində addım atılmalıdır deyə, düşünürəm.
– Qeyd etdiyimiz kimi, Birinci Qarabağ savaşında siz silahdaşlarınızla – bozqurdlarla Azərbaycana köməyə gəldiniz, Tovuz cəbhəsində döyüşdünüz, xalqımız bunu unutmayıb. Bəs bu gün necə, dostlarla Tovuz cəbhəsinə baş çəkmək niyyətiniz varmı?
– Biz bu yaşımıza baxmayaraq, daim bu mücadilənin sonuna qədər Azərbaycanımızın yanında olmağa hazırıq. Təbii ki, danışırıq, “gedək” deyirik. Amma hazırda karantinlə əlaqədar məhdudiyyətlər var. Yoxsa həm bizim ovaxtkı qardaşlarımız, həm də cavanlardan, bizim orda olduğumuzu bilən 20-25 yaşlarında olan gənc qardaşlarımız telefonla arayır, sosial media vasitəsilə mesaj göndərirlər. Yüzlərlə gəncimiz Azərbaycan üçün döyüşməyə, can verməyə hazır olduqlarını bildirirlər. Onların içərisində təbii ki, bozqurdlar da var.
– Türkiyənin ən yüksək səviyyədə baş verənlərlə bağlı nümayiş etdirdiyi mövqe, Ermənistana və havadarına xəbərdarlığı bizi çox qürurlandırdı. Prezident açıq şəkildə bəyan etdi ki, baş verənlər Ermənistanın boyunu aşan proseslərdir, ancaq istənilən halda Azərbaycanın yanındayıq. Yüksək səviyyədə görüşlər davam edir. Necə hesab edirsiniz, Türkiyə digər bölgələrdə terrora qarşı mübarizə apardığı kimi, erməni terroruna qarşı savaşda da Azərbaycanın yanında olacaqmı?
– Bu, Türkiyəyə yaraşan bir mövqedir və Türkiyənin bunu etməsi lazımdır. Ən azından bu gün Türkiyə öz mövqeyini ortaya qoyub. Amma digər tərəfdən baxdıqdan bu gün Türkiyə sərhədlərindən xaricdə, Suriya, İraq, Liviyada terrora qarşı mücadilə edərkən, eyni zamanda onun dost və qardaş Azərbaycanın, yəni eyni millətin məruz qaldığı hücuma qarşı da hər şeyi ilə Azərbaycanın yanında olması lazımdır. Türkiyənin siyasəti də bu yöndə olmalıdır, olacağına da mən inanıram. Ölkəmizi idarə edənlər bu məsələ ilə bağlı siyasətlərini, mövqelərini çox açıq, qəti şəkildə ortaya qoydular.
– Atilla bəy, bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Ermənistan nəinki Azərbaycana, hətta Türkiyəyə də ərazi iddiası irəli sürür və 2021-ci ildə Moskva müqaviləsinin 100 illiyinin olacağını qeyd edib, Türkiyə və Azərbaycanın bir sıra ərazilərinin ona verilməli olduğunu həyasızcasına iddia edir. Təbii ki, bu iddiaların cavabı sərt şəkildə verilməlidir. Sizin bununla bağlı təklifiniz nədir?
– 1921-ci il anlaşması həm də Türkiyə ilə sərhədləri konkretləşdirən anlaşmadır. Dolayısı ilə Ermənistanın bu anlaşmanı pozmağa cəhdi… Bizdə bir söz var: “Əcəli gələn it cami divarını mundarlayar”.
– Bizdə də “Keçinin buynuzu qaşınanda çobanın çomağına sürtər” misalı var…
– (Gülərək) Bəli. Eyni mənanı fərqli kəlmələrlə ifadə edirik. Təbii, Ermənistanın gücünə, imkanlarına, mövqeyinə baxdığımız zaman görürük ki, bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi onun ağlında olan bir iş deyil. Ermənistanın arxasında Rusiyanın olduğunu, Ermənistanın oyuncaq olduğunu hər kəs bilir.
– Elə son günlərdə Türkiyə rəhbərliyinin dəstək bəyanatlarının, Türkiyə təyyarələrinin Ermənistanla sərhəd istiqamətində uçuşlar keçirməsindən sonra Rusiyanın Ermənistandakı təyyarələri də havaya qalxdı. Bu mənada necə hesab edirsiniz, Rusiya Türkiyənin neytral mövqe tutmasına nail ola bilərmi?
– Buna qadir olacağını zənn etmirəm. İndi Liviyada muzdlu əsgərləri var. Liviya onlara hər cür dəstək verir. Suriyada da eyni şəkildə. Amma Türkiyə bütün bunlara baxmayaraq, oralarda mücadilə etməkdən geri durmur. Dolayısı ilə Azərbaycanla bağlı bir məsələdə də Türkiyənin Rusiyanın təzyiqləri ilə geri addım atacağını zənn etmirəm. Bu, olacaq şey deyil. Nə olursa-olsun, qarşımızdakı güc kim olursa-olsun, mənim Azərbaycan xalqının və əsgərinin ruh yüksəkliyi səbəbindən qısa bir zaman ərzində torpaqların geri qaytarılacağına inancım tamdır.
– Belə fikirlər var ki, Azərbaycan nəinki Qarabağı, digər tarixi torpaqlarını da geri qaytarmalı, blokadada olan Naxçıvana quru əlaqəsini bərpa etməlidir. Bu, həm də Türkiyəyə birbaşa çıxış və tarixi ədalətin bərpası deməkdir. Sizin münasibətiniz necədir?
– Təbii ki, bunlar bizim xəyallarımız, istəklərimizdir. Oralar tarixin bəlli bir dönəmində çeşidli yollarla əlimizdən alınmış torpaqlarımızdır. Amma qarşımızdakı ilk vəzifə bizim işğal altındakı torpaqların qaytarılmasıdır. Gələcəyin nələr gətirəcəyinə, nələr göstərəcəyinə ondan sonra baxarıq.
– Türkiyə Böyük Millət Məclisində təmsil olunan 5 partiyadan dördü Azərbaycana dəstək bəyanatı verdi və Azərbaycan olaraq bir daha qardaş dəstəyindən qürurlandıq. Bundan sonra Türkiyədən hansı dəstək gözləmək olar?
– Bəli, dörd parlament partiyası Azərbaycanı dəstəklədi, PKK-lılar xaric. Bu mövzuya Türkiyədə çox yüksək bir həssasiyyət var. Hətta vaxtilə bu məsələlərə çox laqeyd qalan, yaxından-uzaqdan heç bir əlaqəsi olmayan sənətçilər belə, Azərbaycana dəstək verirlər. Son illərdə əlaqələrin yüksəlməsi ilə əlaqədar olaraq Türkiyədə bu məsələlərdən xəbərsiz olan şəxslər belə, Azərbaycan mövzusuna çox yüksək həssasiyyət göstərirlər. Türkiyə ictimaiyyətində bu mövzuya çox həssas münasibət var. Hətta keçmişdə Türkiyəni idarə edənlərin Azərbaycanla əlaqədar yanlış addımları olduğu zaman belə, Türkiyə ictimai rəyinin yüksək təpkisi ilə o addımlardan geri çəkilmək məcburiyyətində qaldılar. O zaman Ermənistanla sərhədləri açmaq istədilər, amma Türk ictimaiyyətinin sərt təpkisi nəticəsində geri addım atdılar. Dolayısı ilə Türkiyədə bu mövzuya çox yüksək həssaslıq var. Eyni həssaslığın Azərbaycana da olması çox normaldır. Bir müsibətdən min nəsihət çıxar, deyirlər. Şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin! Amma o yüksək ruhu, həyəcanı görmüş olduq. Allah Azərbaycanın, əsgərlərimizin yardımçısı olsun!
– Amin! Təşəkkür edirəm sizə! Türkiyə də növbəti şəhidlərini verdi, biz də üzüldük, şəhidlərimizə rəhmət dilədik. Allah Türkiyəmizi və Azərbaycanımızı qorusun!
Qeyd: video 2017-ci ilin may ayında Tovuzun Kirən kəndində çəkilib