Analıq haqqına niyə göz yumursuz?… 

Müstəqil. Az elektron poçtuna daxil olan, Xəzər TV də yayınlanan “Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızına ünvanlanan   məktubu olduğu kimi yayınlayır:

Xoşqədəm  Hidayətqızına  açıq  məktub

Hörmətli Xoşqədəm xanım! Sizin  verilişinizin hər biri ilə əlaqədar saatlarla danışmaq və müxtəlif mülahizələr söyləmək olar. Gördüyünüz işləri  yüksək qiymətləndirərək haqqınızda istənilən qədər xoş sözlər söyləmək  mümkündür.

Amma mən bu məktubumda Sizə bir məsələ haqqında narazılığımı bildirmək istəyirəm. Son verilişlərinizin birində (29.VI. 2018) bacısı qızı  üçün gəlmiş xalaları və atanı qızı ilə görüşdürdünüz. Şübhəsiz, bu sizin üçün ilk belə axtarış, ilk belə tapıntı deyildi. Ötən illər ərzində Siz bir  çox atılmış, övladlığa verilmiş uşaqları tapıb “doğmalarına”, onlardan imtina etmişlərə “qovuşdurmusunuz.” Belə uşaqların bəzilərinə hörmətli Şəfiqə xanım deyəndə ki, “Səni atan, illərlə axtarmayan atanı (yaxud ananı)  neynirsən?” Bu sözlər Sizin könlünüzcə olmayıb, axtarmaqda davam  etmisiniz, bəzən axtarışın nəticəsində ortaya elə valideyn çıxıb ki, övlad öz axtarışına peşman olub.

Talelərin hamısı eyni deyil, ona görə də bütün bu əhvalatlara da fərdi  yanaşmaq daha düzgün olardı. Qayıdaq bacı qızını axtaran xalalara. Gəlin  həqiqəti düşünək. O xalalara 28 ildə bacı qızı lazım olmayıb. “Səni axtarıram” verilişi onlara xatırladıb ki, sizin  də bir bacınız qızı var,  gəlin axtarın. Atanın məsələsi daha aydındır. Qızı uşaq evinə verdiyi gündən unudub, indi də qınanmasın deyə gəlib. Görüş zamanı ata qızını  qucaqladısa da qız heç qollarını qaldırmadı; atanı qəbul etmədi.

Qız xalalarını qəbul etdi. Qızın  bibiləri,  xalaları, əmiləri, dayıları var. Bu ğündən sonra tapılan bu əqrəba qızın düşüncələrinin haçalanmasına səbəb olmayacaqmı? İndi qız öz düşüncələri ilə yolayrıcında qalana dönmədimi? Uşaq evindən götürülsə də bu ğünə qədər onu öz bacısı, yaxud qardaşı qızı kimi qəbul edənlərin bu gündən sonra az da olsa soyuqluqları olmayacaqmı? Bu qızın onu saxlayan ana rəhmətə gedəndən sonra hansı tərəfə meyl edəcəyi, yaxud hər iki təfəflə  münasibətləri qoruyub saxlaya biləcəyi də sual altındadır. Hörmətli  Xoşqədəm xanım, bu hadisə ona bənzəyir ki, vurulan calağı yerindən tərpədib yenidən yerinə qoyasan ki, qoy bitsin.  Sizcə  bitər?!

Əslində mənim bu məktubu yazmağıma səbəb nə xalalar, nə qız, nə də  onun atasıdır. Məni təsirləndirən o qızı saxlayan anadır. Bu ananın övladı  olmayıb. Mən o dərdi heç kəsə arzu etmərəm. Ataların yaxşı bir məsəli var:  “Ağrılarda ğöz  ağrısı, hər bir kəsin öz ağrısı.” Doğrudur, biz hər bir insanın dərdini başa düşməyə çalışırıq, amma o ağrını çəkən adamın  yerində olmasan onu tam duya bilməzsən. Övladsızlıq ağır dərdlər  sırasındadır. Adamı qara otağa qondurur, altına qara keçə döşəyir, qara  qoyun qovurmasından önünə gətirir, yeyərsə yesin, yeməzsə durub getsin deyırlər. Bu dərdi unutmaq, gözlərini bu dünayaya yumarkən meyidinə, ondan qalan mülkə sahib olacaq bir şəxsin olması, yiyəsiz kimi ölməməsi üçün insan başqasının uşağını ğötürüb saxlayır. Övlad ğötürmüş  valideynlər uşaq boya-başa çatınca özlərini övladlı cərgəsində hiss edirlər. (Əğər o ailəyə dil uzadan bədniyyətlər olmasa.) Elə ki, övlad ayaq üstə dura bildi, valideynlər hər an onu itirmək təhlükəsi altında yaşayırlar. Bu  halı mən hər ğün ölüm hökmünü gözləyən dustağın vəziyyəti ilə müqayisə  edərdim. Belə vəziyyətdə kiminsə qapını döyüb hökmü elan etməsini ğöz  önünə ğətirin.

Ananı zala dəvət etdiniz. Güman etdiniz ki, əsl ananı təqdim edirsiniz.  Bu, Sizin hisslərinizdir. Ana zala girib ğöz yaşları içərisində qızın qarşısında diz çöküb onun qıçlarını qucaqladı. (Güman edirəm ki, səhv ğörməmişəm.) Siz bunumu istəyirdiniz? O ana ölüm hokmü qarşısında diz çökürdü. O, cismən yox, ruhən ölürdü. Bu zaman bir atalar sözü yadıma düşdü: “Tısbağani ya öldür, ya da çanağı üstə çevir.”

Ana yerə çökmüşdü. Mən düşündüm ki, qız ananı cəld qaldırar, üzündən öpər, “anamsan” deyər. Amma qız çox ləng tərpənirdi; onu  böyüdən, onu oxudan, onu iki övlad sahibi edən, bu gün də özündən ayrı olmasına dözməyib öz evində saxlayan ANAya qarşı. Taleyi tərs yazılmış  anadırmı günahkar? Bu səhnə əvvəlcədən düşünülübsə, yaxud belə alınıbsa – hər iki halda müvəffəq sayıla bilməz. Bu anda heç kim o ananın  yerində olmaq istəməz.

Hörmətli Xoşqədəm xanım, Siz bu zaman anaya təskinlik verdiniz: “Əsl  ana sənsən!” Bilirsiniz bu nəyə bənzəyir? Bir məşhur məsəldə deyildiyi kimi, “Üzrü  ğünahından da betər”. Axı ananın o anda keçirdiyi həyəcanı heç  bir sözlə ifadə etmək mümkün deyil, bu anda onun qəlbini ən xoş sözlər belə ovuda bilməz; balanın ona olan sevğisindən başqa!

Siz ğünahkarları sevindirdiniz, onsuz da narahat yaşayan, xeyirxahlıq  edən ananın qalan ömrünü də narahatlıq içərisində keçirməsinə bais oldunuz. Xoşqədəm xanım, siz şərikli övlad sahibi oımaq istərsinizmi? Axı  övlad ğötürüb saxlayan ata-analar da o övladı özğə üçün saxlamaq istəməz. Siz bu tapıntılarınızla övlad ğötürüb saxlayanlara sanki mesaj  ğöndərirsiniz: “Ey özğə uşağı ilə övlad sahibi olanlar, bilin və ağah olun ki,  bir ğün mən ğəlib qapınızı döyəcək və deyəcəyəm: “Sizin saxladığınız o  uşağın ata-anasını, qohum-əqrəbasını tapmışam, indi onları qovuşduracağam.”

İstər qız üçün, istərsə də ana üçün qaysaq bağlamış yaranı açmağın, dərdlərini təzələməyin faydası varmı? Üstüörtülü, sakit həyat keçirən bir  ailədə “zəlzələ” törətmək, onların qapadılmış hisslərini oyatmaq kimə  xeyirlidir? Bu, verilişin reytinqi üçün edilirsə, çox pis!

Belə ailələrə müdaxilə etməyi dayandırın, yenicə övlad götürmüş anaları  da düşünün! Onlara yazığınız gəlsin! Onların analıq haqqının, analıqdan,  atalıqdan imtina etmişlərə görə, tapdalanmasına yol verməyin! Ümumiyyətlə,  övladlığa  verilmiş  uşaqların  axtarışlarını  dayandırın!

Bu məsələ çox həssas məsələdir. Bu heç də başqa ölkədə itkin düşmüşləri  tapmaqla eyni deyil. Övladlığa verilmiş azyaşlıları axtarmağın cinayət olduğunu, bunun sirr olaraq saxlanıldığını söyləyirsiniz. Bu sirr hansı  müddətədək qorunur? Bəs bu sirrin 28 ildən sonra açılmasına kim icazə verib? Deyəsən qanunun bu yerində boşluq var.

Ona ğörə də bu yerdə üzümü Milli Məclisdə oturan deputatlarımıza tutub  təklif edirəm: “Övladlığa ğötürənlərin və hədd-buluğa çatmış övladlığa  ğötürülənlərin rəsmi şəkildə öz müraciətləri olmazsa, bu sirrin başqaları  tərəfindən açılması qadağandır”cümləsi qanunun müvafiq bəndinə əlavə edilsin. Haqqında danışdığımız verilişdə axtarış ananın və qızın müraciətilə deyıl, xalaların müraciəti ilə aparılmış, ananın Analıq haqqı pozulmuşdur.

Hörmətli Xoşqədəm xanım, Sizin insanlarımız üçün ğördüyünüz işləri,  çəkdiyiniz zəhməti heç kim unuda bilməz. Amma mən də istəməzdim ki,  Sizin uğurlarınıza xələl ğətirə biləcək belə hallar da olsun. Mənimlə razılaşmaya bilərsiniz. Amma deyin görək bu sayaq axtarışlardan sonra Siz o analardan “Çox sağ ol” eşitmisinizmi? Sizcə, onlar gizlində, gecə  yorğanını başına çəkib xısın-xısın ağlayanda Sizə dua edəcəklərmi? Qorxun Allahdan! Allah çarəsizləri tez eşidir. Övlad ğötürmüş analarla işiniz olmasın, onlara ehtiyatla yanaşın, belə axtarışları saxlayın! İmkan  verin, ömürlərinin qalan hissəsini yarısevincli olsa da yaşasınlar.

Başqa bir verilişinizdə (10 VII. 2018) Gəncədən gəlmiş oğlanın  övladlığa verilmiş olduğunu bilən kimi dediniz: “İstəyirsən sənin  valideynlərini tapaq. ”Oğlan cavab verdi: “Məni doğma övladdan da artıq  sevib saxlamış ata-anamın qəlbini qıra bilmərəm…”Məncə, oğlanın bu cavabının sonunda üç nöqtə yox, üç nida işarəsi qoymaq daha düz olar.

Bütün bu söylədiklərimə qəlbimdə bir şübhə də yaranır. Elə bil ki, Bayandır xanın sözlərini eşidirəm: ,,oğlu –qızı olmayanı tanrı-taala qarğa-yıbdır, biz dəxi qarğarız.”

Qəlbimdə yaranmış şübhələr isə suallar doğurur: Dorrudanmı, Allahın qarğadığlarını bəndələr də qarğalamalıdır? Axı böyük nüfuz, vəzifə sahibi olan, hətta etiqat etdiyimiz şəxsiyyətlər arasında ovladı olmayanlar var. O zaman Bayandır xan nə dərəcədə haqlıdır və hansı ananın haqqı qorunma-lıdır?!

Mənim fikirlərimi övladsızlıq hisslərini yaşamayanlar qəbul etməyə  bilərlər. Amma güman edirəm ki, Siz bu hissləri yaşamasanız da qəbul etməyi bacararsınız. Əgər məni bu fikirlərimlə haqlı hesab etmirsinizsə, o zaman bir verilişinizə yalnız övladsız, övlad götürmüş insanları dəvət  edin. Özünüz qonaq qismində əyləşin. Aparıcı da qoy bu dərdi yaşamış  valideynlərdən biri olsun.

Hörmətlə:  Tahir Həsənli

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: