Ağ ev və ya səssizlik – Təranə MUSAYEVAnın xatirə yazısı

“Ölmüşün rəngi nə gözəldi”, – səsi yadımda bu cümlə ilə qalmışdı. Bişirdiyi bütün mürəbbələrə baxanda belə deyirdi…Yapon qızılgülü, uzunsov bağın başındakı alça ağaçı, evdən aralı, evə bitişik təndirxana… və s.

İkiqatlı bəmbəyaz bu evə gələndə küçə qapısına yaxınlaşar-yaxınlaşmaz qələbəliyin səsi duyulurdu. Səkkiz müxtəlif yaşdakı uşaqlar, səsi az hallarda “görünən” ata və həmişə şən və söhbətcil ana. Evin atası nə qədər ağırbaşlı, təmkinli və sakit idisə, qadın bir o qədər onun əksi idi.
Naxışlı göy darvazadan həyətə girəndə damaltı başlayırdı. Yandakı səliqəli divarlarda böyük taxçalar olan damaltı. Ev sağ əldə yerləşirdi. İki pilləkənlə birinci qatın rəngsiz taxtaları ilə ayaqlar öpüşürdü. Bura açıq balkon idi. Biri böyük, biri balaca iki otaq və kiçik bir əlyeri vardı ki, lazımsız əşyalar bura yığılırdı. Burda yerləşən iki otaq bəzi vaxtlarda kirayə verilirdi.
Taxta pilləkənlərlə ikinci mərtəbəyə çıxılırdı. Burda geniş şüşəbənd, şüşəbəndin başından kəsilib qurulmuş mətbəx və iki böyük otaq vardı. Ev əhlinin zamanı elə o şüşəbənddə keçərdi. Burda televizor, stol və bir dolab vardı. Yay gələndə sökülən odun peçi qışda hər zamankı yerinə qurulardı. Otaqlardan biri yataq otağı idi ki burda biri böyük və biri kiçik iki çarpayı yerləşirdi. Axşamdan axşama bu iki çarpayı arasına yataqlar sərilər uşaqlar orda yatardılar.
Qonaq otağının qapısı həmişə örtülü olardı. Bu otaqda orta üzərinə zoğalı rəngli məxmər örtük salınmış bir stol qoyulmuşdu. Stolun üzərində siqaret qoymaq üçün maraqlı bir aksesuar vardı. Otağın başında sağ tərəfdəki bufet ilk baxışda nəzəri cəlb etmirdi. Az girildiyindənmi, nədənsə bu otağın əsrarəngiz bir havası vardı.
***
Çörək qoxusu ən doğma qorxudur. Həftədə iki kərə bu evi o doğma qoxu bürüyürdü. Evin anası təndirxada çörək bişirəndə ağ yanaqları qıp-qırmızı olurdu. Alnındankı pul-pul damlalar silinməmiş yenisi özünü göstərirdi. Məncə təndirə çörək yapanların hamısı eyni cür tərləyir – o tərdə doğmalıq, əmək, qayğı, şirinlik olur.
Evə müəyyən zamanlarda gələn yəhudi əsilli Parad xala vardı ki, o gələndə əylənərdik. Fərqli, bir az biz uşaqlara gülməli görünən geyimi olardı. Arıq, hündür boylu bu qadın evlərdə qadınlara çətin gələn işləri görər, pulunu qazanardı. Gördüyümüz – istər doğma, istər kənar – o yerin qadınlarının çoxuna xas olan fors, əda, naz bu qadında olmazdı. Harda gəldi oturar, hər bir qabdan yemək yeyər, onunla məzələnənlərə acığı tutmaz, özünü eşitməzliyə vurar, cavab qaytarmazdı. Gördüyü işlərin pulundan əlavə evlərdən ona geyinməsi üçün verilən artıq geyilməyən paltarları, ayaqqabıları götürüb gedərdi. Amma yenə gələndə öz köhnə paltarlarını geyinib gələrdi. Onun bizi heyrətləndirən məqamlarından biri bu kasıb geyimli qadının bəzi zamanlar satmaq üçün gətirdiyi tapılmayan, o dövr üçün hamını heyrətləndirən parçalar, paltarlar, baş örtükləri olardı. Deyilənə görə, bunlar İsraildən birbaşa onlara gələn mallar idi. Sərhədlərin sım-sıxı bağlı olan zamanlarında bunlar necə gəlirdi, bilmrdik. Tək bildiyimiz İsraildə qohumlarının, doğmalarının olması idi və məhz bu üzdən də bizim ona qibtə hissimiz də vardı….
×××
Yaddaşımın oturuşmadığı zamanlarda bir müddət kiçik otaqda qaldığımızı çox sonralar eşitmişdim. İkilaylı taxta qapı və o laylardan birinin arxasında qapını bağlamaq üçün yoğun ağac vardı. İki pəncərəsi küçəyə açılırdı. O otaqla bağlı yaddaşımda iz salan bir xatirə qalmışdı. Bəlkə yanımda çox damışmışdılar, bəlkə yuxuda görmüşdüm, bilmirəm. Amma… Dumanlı və sisli bir gün idi. O qədər qatı dumanlı idi ki beş addım irəlini görmək mümkün deyildi. Hər yer səma kimi masmavi idi və dünya tilsimli bir məkana bənzəyirdi. Göydən gələn təyyarə səsi bu tilsimi bir az da sirli edirdi. Ürəyim yarpaq kimi əsirdi. Kim bilir, bəlkə də həyəcan adlı duyğunu ilk o an yaşamışdım. Yanımda anam vardı və mən onun əlindən bərk-bərk tutmuşdum. Qorxurdum, sanki əlini buraxsam, dumanda bir-birimizi itirəcəkdik…
Həyatımda bir də heç vaxt elə əsrarəngiz duman görmədim…
Sonralar biz öz evimizə köçsək də, o bəyaz evə tez-tez gələrdik – yayda iri çəlləkləri su ilə doldurub içinə girmək, bir-birimizə su ataraq əylənmək, qışda odun peçinin yaxınlığına qoyulmuş uzunsov iri stolun ətrafına yığılaraq domino oynamaq üçün. Bəzən gülüş, bəzən mübahisə, çək-çevir, söz-söhbət – evdə hər cür səs vardı. Daim ayaq üstə olan bu insanlar – ata, ana, uşaqlar – nə vaxt dincəlirlər, səsdən yorulmurlarmı, deyə düşünərdim.
Evin atası evə gələndə səs bir az qısılsa da, sonra yenə yavaş-yavaş yüksələrdi. Ata – qəhvəyi gözlü, yer-yerdən dən-dən ağarmış gur saçlı, ucaboy və qamətli bədən quruluşu olan yaraşıqlı və ciddi biri idi. Gözlərinin dərinliklərində gizlənmiş kədərlə bərabər mülayimlik, səmimilik və qayğıkeşlik də görünərdi. Az danışar, az gülərdi. Ailənin anası isə atadan fərqli olaraq hey danışar, gülər, evin bütün qayğısını, dərd-sərini uşaqlarının köməyi ilə yoluna qoyardı. Etdiyi zarafatlara çox zaman ərinin acığı tutar, məzəmmərlə ona baxar, bəzən asta, ancaq hökmlü səslə onu məzəmmət edərdi. Ana Səs, Ata Səssizlik idi.
Mən özüm də səssiz olsam da, səs-küyü sevərdim. Ona görə bu evə gəlmək, burda vaxt keçirmək çox xoşuma gəlirdi. Edilən söhbətlərə, zarafatlara sakitcə qulaq asar, səsimi çıxarmadan gülərdim. Atanın nəvazişli, mehriban baxışları bu evdə özümü doğma hiss etməyim üçün yetərliydi. Evin anası sakitliyimə görə dəfələrlə mənə – Ay qız, bir səsini çıxar, səsin çıxmayanda varlığın-yoxluğun bilinmir, görünmürsən də – deyə iradını bildirmişdi.
Axşamlar yeməkdən sonra aynabənddəki uzun stolun ətrafına toplaşıb domino oyunumuzu şirin söhbətlərlə də qataraq oynardıq. Böyüklər qonşu qızının geydiyi zövqsüz təzə paltardan, üzbəüzdəki evə köçən yeni qonşuların gətirdikləri gözəl mebellərdən tutmuş çəpər qonşusu Püstə xalanın iki ev arasındakı taxta çəpərdə olan dəlikdən bu həyətə baxmağına qədər, hər şeydən danışar, gündüz gördüklərini müzakirə edırdilər.
Sonra evin böyük qızı gəlin köçdü, evin böyük oğlu evləndi. Artıq o evdə yalnız mənə doğma insanlar deyil, o insanlarla doğmalaşan insanlar da görünməyə başladılar. Daha sonra evin atası xəstələndi. Və bir gecə…. O gecə anam o evdə idi. Biz öz evimizdə idik. Sanki o gecə ölüm qapımızı tanıdı; çünki ondan sonra ölümlər ard-arda düzüldü…
O gecə qapımız bərkdən döyüldü. Atam neçə gecə idi ki, oyaq idi. Səhərlərə qədər siqaret və ah çəkirdi.
Qapıya getdi və qapıya gələn adamla danışdıqdan sonra geri qayıtdı. Qardaşlarım yatmışdı. Atam biz yatan otağın qapısını aralayıb baxdı. Mənim içimdə bir şeylər qırılmışdı. Qorxumdan yerimdən tərpənmədim. Atam qapını örtüb getdi və az sonra hıçqırığının səsini eşidib qapıya sarı gəldim. Qapını sakitcə aralayıb baxdım. Atam başını stolun üzərində qollarının üstünə qoyub hönkürtü ilə ağlayırdı. İlk dəfə idi atamı ağlayam görürdüm. Ağlayan yetim uşaqlara oxşayırdı atam. O qədər çarəsizdi ki…
Çılpaq ayaqlarım üşüyür, barmaqlarım göynəyirdi, ürəyim sızıldayırdı. Atama yaxınlaşa da bilmirdim, onu tək də qoyub gedə bilmirdim. Tutrəyən dizlərim yavaş-yavaş büküldü və elə qapının yanında yerə oturub atamın çarəsizcə uşaq kimi axıtdığı göz yaşlarına baxırdım. Sevimli, dəfələrlə yol yoldaşı, dərd yoldaşı olmuş dayısı az əvvəl dünyasını dəyişməklə atamn da dünyasını alt-üst etmişdi.
Elə ordaca nə zaman yuxuya getdiyimi anlamadım…
×××
Pillələri yuxarı qalxanda həyəcanlı idim. O ağ evin anası – gəlincanımla illər sonra görüşəcəkdim.
İkinci qızının evində, geniş aynabənddə oturmuşdu. Yaşı ötməsinə baxmayaraq yenə gözəl idi – pambıq kimi bəmbəyaz və yupyumşaq. Yaxınlaşıb sakitcə üzündən öpdüm. Çörək ətirli doğma qoxusu vardı. Gözümdən axan yaş dizinin üstünə qoyduğu əlinin üzərinə düşdü. Qızı soruşdu:
– Mama, bizə kim gəlib, bilirsən?
Tərəddüd etmədən dedi:
– A, niyə bilmirəm, Təriş gəlib də.
– Hardan bildin, ay mama?
– Hardan biləcəm, sakit dayanmağından.
Gəlincanım məni səssizliyimlə tanımışdı.
Mən özümü saxlaya bilməyib ağlayanda o çevrilib dünya işığına həsrət qalmış gözləri ilə naməlum istiqamətə baxdı.
Gördüyü isə keçmiş idi…
Share: