ABŞ Dövlət Departamenti İranda məcburi hicaba qarşı etiraz edən qadınlara dəstək olub

ABŞ Dövlət Departamenti son həftələr İranda məcburi hicaba qarşı etiraz edən qadınlara dəstək nümayiş etdirib.

Müstəqil.Az xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatı Dövlət Departamentinin sözçüsü Hizer Noyert yayıb:

“Amerika hökuməti İranda məcburi hicaba qarşı etiraz edən bütün qadınlara və kişilərə dəstək verir. Vaşinqton həmçinin məcburi hicaba qarşı çıxaraq hüquq və azadlıqlarını tələb etdiklərinə görə 29 qadının tutulub həbsə salınmasını pisləyir.

ABŞ həmişə olduğu kimi yenə də dinlərin sərbəstliyinə, söz azadlığına, dinc toplantıların keçirilməsinə, haqq və ədalətə dəstək verir. Hesab edirik ki, insanlar öz geyimlərini seçməkdə, dini inanclarını istədikləri tərzdə yerinə yetirməkdə sərbəst olmalıdırlar”.

Xatırladaq ki, İranda qadınların məcburi hicaba qarşı dinc etirazına dekabrın 6-da start verilib. Bir uşaq anası olan 31 yaşlı Vida Müvəhhid Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

Bu olaydan sonra onlarla qadın müxtəlif şəhərlərdə baş örtüklərini açıblar.


 Müstəqil.Az

Share: