Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubu təqdim edir

Azərbaycan Yazıçılar Birliyinin Cəlilabad bölgəsindən olan üzvləri Abbasağa Azərtürk adına Poeziya Klubunun yaradılması haqqında təsis yığıncağı keçirmişlər. Əsas məqsəd bölgədə yaşayan Birlik üzvlərinin AYB ilə səmərəli əlaqəsini təşkil etməkdir. Yığıncaqda bölgədə yaşayan 40-a yaxın Azərbaycan Yazıçılar Birliyi üzvündən 23 nəfər  iştirak etmişdir. Bundan başqa, Mikayıl İnçəçaylı, Sabir Nəsiroğlu, İlham Əsgərov, Elçin Hüseynov, həmçinin Salyan rayonundan olan Firdovsi Sarvanlı, Yaşar Hüseynov və Əli Mirzə Bəşirli yığıncağın işində iştirak etmişlər. Bölgədə yaşayan Azərbaycan Yazıçılar Birliyi üzvlərindən Ələddin Əzimli, Əlirza Həsrət, İman Abdulla, Meyxoş Abdullah, Ədalət Salman, Asif Həsənli, Əlizadə Sərdaroğlu, Firdovsi Sarvanlı çıxış edərək Cəlilabad Poeziya Klubunun adına münasibət bildirmiş, müzakirə olunan məsələlərlə bağlı qərar qəbul etmişlər.

Cəlilabadda yaşayan AYB üzvlərinin çoxluğunun istəyi nəzərə alınaraq, bölgədə Abbasağa Azərtürk adına Poeziya Klubu yaradılmasına qərar verilmiş, AYB üzvü, Prezident təqaüdçüsü olmuş Əlizadə Nuri Kluba sədr, Əlirza Həsrət (poeziya məsələləri üzrə) və Meyxoş Abdullah (nəsr məsələləri üzrə) katib seçilmişlər. Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad Rayon Şöbəsinin sədri Rəşad Salmanov, Abbasağa Azərtürk adına Poeziya Klubunun üzvlərinin müraciətini nəzərə alaraq, mədəniyyət şöbəsinə mənsub olan binalardan birində onlara yer ayırmışdır. Yeni yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubu Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradıcı təşkilat kimi qeydə alınmış, AYB-nin sədri, xalq yazıçısı Anar cəlilabadlı yazarların müraciətinə  qayğıkeşliklə yanaşmışdır.

Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubunun növbəti yığıncağında bir sıra təşkilatı məsələlər müzakirə olunmuşdur. Klubun sədri  Əlizadə Nuri, həmçinin yığıncağın işində iştirak edən AYB üzvlərindən Əlirza Həsrət, Ələddin Əzimli, İman Abdulla və Faiq Hüseynbəyli ilk növbədə Gənclər bölməsinin yaradılması məsələsini təklif etmişlər. Bölgə yazarları Hacı İlham Əsgərov və Bəşir Nuri müzakirələrə qatılmışlar. Gənclər adından çıxış edən Faiq Hüseynbəyli bölgəni təmsil edən xeyli istedadlı gəncin AYB üzvü olduğunu bildirmiş, onların bir qisminin bölgədə yaşadığını və işlədiyini yığıncaq iştiakçılarının nəzərinə çatdırmışdır. O, təklif etmişdir ki, Gənclər bölməsinə katib seçmək AYB-nin gənc cəlilabadlı üzvlərinə həvalə olunsun, çünki katib gənc yazarlarla bağlı təşkilatı işləri görməli, bir növ, əlaqələndirici funksiyasını yerinə yetirməlidir. Gənc şair, ADPU Cəlilabad filialının tələbəsi Allahşükür Alaşarlının bu yaxınlarda AYB üzvlüyünə qəbul edilməsini bölgə gənclərinin uğuru saymaq olar. Faiq Hüseynbəyli belə uğurların davamlı olacağına əminliyini bildirmişdir.

Yığıncaqda qeyd olunmuşdur ki, Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubu fəaliyyət sənədi kimi AYB-nin Nizamnaməsini əsas götürür. Gənclər adından Faiq Hüseynbəyli Poeziya Klubunun xüsusi aylıq dərgisinin yaradılmasını məsləhət görmüşdür.  

Poeziya Klubunun yığıncaqlarında Ələddin Əzimli, Əlirza Həsrət, Faiq Hüseynbəyli və digər şairlərin şeirləri oxunub müzakirə olunmuş, ədəbi orqanlarda və sosial şəbəkələrdə yer alan yazılara münasibət bildirilmişdir.

Qərara alınmışdır ki, Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubunun növbəti yığıncaqlarında bölgə yazarlarının doğum günləri qeyd olunsun, onların yeni kitablarının təqdimat mərasimi təşkil edilsin.

Yaxın gələcəkdə Abbasağa Azərtürk adına Poeziya Klubunun əsasında AYB-nin Cəlilabad filialının açılması nəzərdə tutulmuşdur.

Oxuculara bölgə yazarlarının yaradıcılıq nümunələrini təqdim edirik. Hələlik şeirlərə yer vermişik, növbəti təqdimatlarda nəsr əsərlərini də oxucuların ixtiyarına verəcəyik. Bölgə yazarlarının qələm təcrübələri ilə belə tanışlığın davamlı olacağına inanırıq.

 

Bilal ALARLI (Hüseynov),

Abbasağa Azərtürk adına Poeziya Klubunun mətbuat katibi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

filologiya üzrə fəlsəfə doktoru

 

 

 

Əlizadə NURİ

 

DUA

(Hüseyn Cavid adına müsabiqənin qalibi olmuş şeirin tam versiyası) 

 

Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Qoyun bu sevinclə şəkil çəkdirim,-
Bir azdan harasa çıxıb gedəcək…

 

… Nə yaxşı bu gecə səhərə çıxdı,-
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı göy üzünə tor atıb… durub
Qızıl bəxt istəyir ,,qızıl balıq” dan…

 

Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı, ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi,
Tapacaq- kimin ki, qanadları var.

 

…O xoş gün nə yaman uzağa düşüb,–
İlahi, bu yolda yorulub hamı.
İndi ürəyindən sınır adamlar,
İndi çörəyindən vurulur hamı…

 

Qaldı cavan başlar dar ağacında,
O cavan saçlara indi dən düşür!..
İlahi, bu dünya bir damla yaştək,
Bəlkə də haçansa gözündən düşüb?!

 

…Şairi vağzalda gecələyirmiş…
Taciri bir otel nömrəsindədir.
Çörək növbələri azalıb bir az,
Adamlar xoşbəxtlik növbəsindədir…

 

…İlahi, ümid ver əkim canıma,
Haçandı yerini qazıb, qalmışam.
Bu həyat – qərib bir şəhər kimidi,-
Mən də bu “şəhərdə” azıb qalmışam…

 

…Dilini Ay bilir, mənə də öyrət,
Hər gecə o Ayla danışan qızın.
İlahi, bir dəfə üzünü göstər,-
Adamlar bilmir ki, hara yıxılsın…

 

SƏNSİZ

 

Yazıb, sonra itirdiyim
Ən gözəl əsərimsən.
Dünənki sevgim idin,
Bügünkü kədərimsən.

 

…Sənsiz daşdı gecələr,–
Səndən sonra səhər yox..
Şəhər yerində idi
Sən getdiyin o gecə,-
Bir də gördüm, şəhər yox!..

 

Hara alıb apardın?-
Səhəri qaytar geri,
Şəhəri qaytar geri,
Qayıt gəl öz taxtına.
…Onları qaytarma heç
Barı qayıt özün gəl,
Gir  könül paytaxtıma…

 

…Ayrılıq sularında
Sığındığım bərəmsən.
Bu vəfasız dünyada,
Vəfalı xatirəmsən.

 

Dilimdəki şeirsən,
Dodağımda ahımsan.
Özümü vurmaq üçün
Sonuncu silahımsan…

 

Sənsiz də səninləyəm,
Xoş gündə, ya çətində.
Düşən nəbzimdə varsan,
Qalxan hərarətimdə…

 

…Qayıt gəl, İŞIQ QADIN,
Qaytar, o “eynəyimi”.
Gələcəyin O GÜNƏ
Sərmişəm köynəyimi…

SƏNƏ MƏKTUB

 

Hardasan, şəhlagözlüm?
Sən nə şirin ACIMSAN!
Mən hələ də bilmirəm,
Dərdimsən, əlacımsan?

 

Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün,
Bu sevda uşağını?

 

Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam,-
Gəl, səndə daldalanım…

 

Düşmüşəm bu çöllərə,
Düşmüşəm azmaq üçün.
Ürəyim bir divarmış,
Şəklini asmaq üçün…

 

Bir körpə ümidim var,
Ağlayır qundağında.
Arzularım can verir,
Kədərin qucağında…

 

Hardasan, hardan bilim,
Mən hara üz döndərim?
Darıxmağın rəsmini
Çəkib sənə göndərim…

 

Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
…Adına soyuq dəyər –
Düşmə dodaqlarımdan.

 

 

Salam SARVAN

 

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.

SƏN DƏ GƏL GET CƏZANI AL

Üç-üçün neçə eyləyər?…
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?

Sən də gəl  get cəzanı al –
sən də qoşul hamımıza:
Tanrı ölüm hökmü kəsib
doğulmaq günahımıza.

Ha çalsan qəmgin havalar
qəmi oynatmaz, ay uşaq.
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.

BU GÜN VAXTIM YOXDU, BU GÜN ÖLÜRƏM

Yaranın üstü tək açıldı gözün –
indi bu yaradan axan qandı su.
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.

Səni necə atım, necə, bilmirəm –
bir zərsən düşmürsən heç üzü üstə.
Şəklini asdığım mıx qalıb ancaq
sinə divarımın iç üzü üstə.

İki tərəfin var – gözlərin, dilin:
bu işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.

 

 

Əlirza HƏSRƏT

 

GÖZÜMDƏN SU İÇƏN ÇİÇƏK

Saraldı gözümdən su içən çiçək,
Üstündə şeh də yox, əyilib içək.
Hələ bu ağacı çox göynədəcək,-
Çarmıxa çəkilən o yarpaq yeri.

 

Hardandır bu qədər köz ürəyimdə?
Qalandı ocaq tək söz ürəyimdə.
Vətən düzəltmişəm öz ürəyimdə,
Görsən tanıyarsan bu torpaq yeri.

 

Dedilər, qan çəkib durudu ömür,
Ahıma tutmuşdum, qurudu ömür.
Əynindən tökülür gün-gün bu ömür,
Düşüb arxasınca ha çılpaq yeri!..

 

DUMAN ŞEHİNDƏ

Qırdın bu ağacın budaqlarını,-
Boyuma düz gəlsin bu kötük bir az.
Zirvələr üşüyür duman şehində,
Dağları ahıma barı bük bir az.

 

Sən məndən gizlənib girəndə hinə,
Küsüb daş atırdım qonşu itinə.
Aldanıb dünyanın naz-nemətinə,-
Uşaqlıq eləyib böyüdük bir az.

 

Son nəğmə rəsmidir əlimdə bu şam,
Sən sevda yolçusu, mən qarlı qışam.
Yaşanmış günlərdən şələ çatmışam,
Ağırdır çiynimə düşən yük bir az.

 

KÖTÜK

Başı bədənindən üzülən kötük,
Nədir bu işgəncə, nədir bu qiyam?
Yuvası ağzında gəzən quşların
Gərək nəğməsini özüm oxuyam.

 

İçində közərən ocaqsan elə,
Qoy basım bağrıma tüstünü, kötük.
Sənin yıxıldığın o ucalıqla
Örtüm günahımın üstünü, kötük.

 

Kəsildin, keçmədin ağaclığından,
Hey çıxdın qarşıma kötük günündə.
Zamanın edamlıq adamıyam mən,
Karıma kələcək kötüklüyün də.

 

Gəlim, halallaşaq ağac dilində,
Bir-bir xatırlayaq olub keçəni.
Ümidim torpağa gəlir, ay kötük,
Elə torpağa da tapşırım səni.

 

 

Gülbala TEYMUR

 

AD GÜNÜMƏ

 

Bir yaş da böyüdüm bu qış günündə,
Bir buğda boyunda boyum uzandı.
Tapdığım az oldu itirdiyimdən,
Bəlkə də əksinə, çoxu qazandım.

 

Bilmirəm, bildiym yaşamağımdı,
Əyər-əskiyimi zaman, vaxt bilər.
Xöşbəxt olmuşammı, olmamışammı?-
Bunu qismət bilər, bunu bəxt bilər.

 

Heç fərqim olmadı babalarımdan,
Ömürdən nə şahlıq, nə ad güdürəm.
Nə də miras qalmır şair adımdan,
Allaha qul gəldim, qul da gedirəm.

 

YOL ÇƏKİR MƏNİ

 

Bir dünya cəm olub bir quru canda,
Bir dildən car olur düz də, yalan da.
Kağızlar ürəksiz imzalalananda
Qolu mən çəkmirəm, qol çəkir məni.

 

Elə gecikirəm, payım az qalır,
El köçür, payıma yetim qız qalır.
Gör, nə bədbəxtəm ki, dodaq, göz qalır,
Buxaqda qaralan xal çəkir məni.

 

Kamanım tuşlanıb daşıma sarı,
Ayağım yol gedir başıma sarı.
Təzə cığır düşüb qışıma sarı,
Mən yolu getmirəm, yol çəkir məni.

 

QƏZƏL

 

Heyif o günlərə, mən sevgidən kənar elədim,
Baxdım aşiqlərə, sevdim!-deməyi ar elədim.

 

Bilmədim zərrədə tam, tam da neçə zərrə olur,
Dilimi lal, gözümü kor, qulağı kar elədim.

 

Hərə bir cür boğazın bənd eyləyir zəncirə,
Eşqsiz ömür sürüb, mən də intihar elədim.

 

Getmədim “Gəl!” çağıran hissilərin ardınca,
Bu könül mülkümü başdan-ayağa xar elədim.

 

Çox şükürlər, bu qəmin dərdinə tapdım çarə,
Gülbala, “eşq” sözün dəftərimdə var elədim.

 

 

Mirkamil MİRXƏLİLOĞLU

 

QƏZƏLLƏR

 

1

Hüsnü – rüxsar dərdini, bu cismimə can etmişəm,
Qanım ilən, bəsləyib, məşhuri-cahan etmişəm.

 

Dərdi yara, can derəm tərk etməsin bu cismimi,
Çün onu faş etməyib, cismimdə insan etmişəm.

 

Xoş nəfis olduğuna, yar dərdini işvə sanıb,
Eyləyib ömrü fəda, bu dərdi umman etmişəm.

 

Ləzzəti dünya olan, dilbər, nazın az eyləyir,
Mən onun az nazını, çərx ilən dövran etmişəm.

 

Ey könül, yar zülfünün sayəsini qəsb eylə tez,
Biləsən zülf sayəsin, əzəldən pünhan etmişəm.

 

Çeşmi-müjganın, o yar, gövhəri almaz eyləyib,
Sinəmi mövlud günü, tiğinə mərcan etmişəm.

 

İncələ cismim əgər, xof etmərəm eşq əhliyəm,
Dərdimə tərəf çıxıb, cismimi divan etmişəm.

 

Zərreyi-eşq bağrımı bağça qılıb qanım ilən,
Bu səbəb eşq sözünü, nəzm ilən, dastan etmişəm.

 

Seyyidin ah fəğanı, yarına müjdə paylayır,
Xatiri müjdə üçün, fəğanı üryan etmişəm.

 

2

Mahi–camalın rəng ilən, bütxnə deyilmi?
Büt olduğuna vurğunun, divanə deyilmi?

 

Hüsnü-camalın eşqinə məxsus yaranıbdı,
Təvaf eləyən hüsnünü, pərvanə deyilmi?

 

Göstər üzünü, kafiri həkdən kənar etsin,
Söylə, camalın kafirə bürhanə deyilmi?

 

Ruhun libası olduğun anda səni gördüm,
Aşkarı görən gözümə, dürdanə deyilmi?

 

Qan qönçəsini dərmərəm ilkən sənin olsun,
Qusur gətirən olmasa, əfsanə deyilmi?

 

Alsam camalın rəngini əldən ələ verməm,
Çox məna verən rənglərin, viranə deyilmi?

 

Şəkkər dodağı dadmağa vardır neçə nöqtə,
Zuhr eyləməyir, hikməti sirranə deyilmi?

 

Aftab yanağın busəmə hicran dağı çəksə,
Aşkar soraram, busələr hürranə deiyilmi?

 

Hüsnü – camalın Seyyidə bütxanə misaldı,
Yəqin soruram ruh ona, cananə deyilmi?

 

 

Böyüş YAQUBOĞLU

 

AÇIR, QAÇIR, SAÇIR, AMMA…

 

Bağlar sənsiz gül açmırmı, eh, açır,

açır, amma aça-aça hönkürür.

Səhərini gün açmırmı, eh, açır,

açır, amma aça-aça hönkürür.

 

Badəsindən nalə çəkib, mey qaçır,

ah oduna Kaman cumur, ney qaçır,

dərd də bezib öz-özündən hey qaçır,

qaçır, amma qaça-qaça hönkürür.

 

Yoxsan, qəlbim qucaqlayıb dərd-səri,

bilir, bir də qayıtmazsan sən bəri,

şəfəqini yenə saçır dan yeri,

saçır, amma saça-saça hönkürür.

 

UNUTMAQ DA ƏZAB, UNUTMAMAQ DA

Sənin əksinə baxarkən

 

Bu üzdə şəklindir, o üzdə yazın:

“Baxıb xatırlama, xatırlaıb bax!”

Nə qədər qəddarmış sənin bu nazın,

anlamıram, nədir, de, bu xatırlamaq?

 

“Yaddan çıxırsan ki, düşəsən yada?” –

bunu mən həmişə demişəm sənə.

Axı unudulan xatırlanar da,

ağ olmaq olurmu ürək üzünə?!

 

Qəlbim – gözəlliyin bolluq sərgisi,

seçib götür, buyur, istədiyindən.

Sevgidə acgözlük – ağlın vergisi,

pişik bala yeyir istədiyindən.

 

ÖLMƏYƏ BİLMİRƏM MƏN DÖNƏ-DÖNƏ

 

Eşqi duyan andan dərdim bilmişəm,

yenə bilməyə bilmirəm.

Mən onun yolunda min yol ölmüşəm,

yenə ölməyə bilmirəm.

 

Sevən – “kor”, görünmür ona “ağ”, “qara”,

məhəbbətin “duzu” sağalmaz yara.

Bu “duza” dözməyib “ağlayanlara”

yenə gülməyə bilmirəm.

 

Ürək düzənlikdir, hey qəm “at çapar”,

ah odu adamı min yandan “qapar”.

Gözüm silinməkdən olsa da qabar,

yenə silməyə bilmirəm.

 

 

Faiq HÜSEYNBƏYLİ

 

MƏNİMÇÜN

 

Sən demə bu tindən sonra payızmış,
Sanırdım bahardı, yazdı mənimçün.
Mən görən yuxular gerçək olmadı,
Fələklər tərsinə yozdu mənimçün.

Tanrının üzüydü üzün… sevirdim,
Kirpiyi sevirdim, gözü sevirdim.
Sözə inanırdım, sözü sevirdim,
Deyirdim bu dünya sözdü mənimçün.

Sel kimi, su kimi axıb getmisən,
Eşqin çaxmağını çaxıb getmisən.
Məni qaranlığa yıxıb getmisən,
Hər tərəf dumandı, tozdu mənimçün.

Kimə təsəllidi, göynədər kimi –
Ayrılıq… şəhərdən köylərə kimi.
Haqlısan yerlərdən göylərə kimi,
Mənə nə eləsən, azdı mənimçün.

ALINIRSAN

 

Səni misra-misra çəkdim içimə,
Başım dumanlanır, çən alınırsan.
Həsrətin, kədərin-qəmin içində,
Necə də mehriban, şən alınırsan.

Neynirəm atəşi, içim bir odkən,
Alışıb-yanarkən, adında adkən…
Bu qədər uzaqkən, bu qədər yadkən,
Ən yaxın, ən sadiq, ən… alınırsan.

Gəl, ey tənhalığım, təkliyim qadın,
Min ildi həsrətin çəkdiyim qadın.
Söz-söz ürəyimə əkdiyim qadın,
Saçımda bir ovuc dən alınırsan.

Daha faş olmalı bu sirr, yazıram,
Səni hərf-hərf, bir-bir yazıram.
Mən hansı qadına şeir yazıram,
Axırda yenə də sən alınırsan.

ÜZÜYÜMÜN BAXTI

Mən idim, o idi, bir də qismətim,
Mənim üzüyümün üç qaşı vardı.
Göydə xəyallarım, yerdə qismətim,
Mənim üzüyümün üç qaşı vardı.

Sanki yaddaşımı salıb itirdim,
İtirdim başımı, salıb itirdim…
Hər gün bir qaşını salıb itirdim,
Mənim üzüyümün üç qaşı vardı.

Məndən oğurladı vaxt üzüyümü,
O tac üzüyümü, taxt üzüyümü.
Kim satdı, kim aldı baxt üzüyümü?
Mənim üzüyümün üç qaşı vardı.

Mən hələ özümü sınayacağam,
Tale yazanımı qınayacağam.
Vallah, harda görsəm, tanıyacağam,
Mənim üzüyümün üç qaşı vardı.

GƏLMİŞƏM

 

İlmə-ilmə hörülüb
Naxış-naxış gəlmişəm.
Addım-addım gedənim,
Baxış-baxış gəlmişəm.

Mən bu eşqə yol oldum,
Susdum-susdum… dil oldum.
Dama-dama göl oldum,
Yağış-yağış gəlmişəm.

İnanmazdım heç nəyə,
Nə Yerə, nə də Göyə…
Səninçün bu zirvəyə,
Yoxuş-yoxuş gəlmişəm.
 

Faiq BALABƏYLİ

BİRCƏCİYİM

 

Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir, gözləyəmməz yaş durub,
Məndən xəlvət ağlamısan deyəsən,
Qurumayıb, yanağında yaş durub.

Belə getmə, görənlər var, dur görüm,
Bir gülümsə, gözlərində nur görüm.
Günahım var, gəl boynumu vur görüm,
Müntəzirdi, qabağında baş durub.

Ay gözləri yaşla dolan ağıllım,
Ay baxışı min ovsunlu, nağıllım,
İçərimdən söküm-söküm dağıldım
Ağlayacaq əvəzimdə daş durub

BİLİRƏM DARIXIRSAN

Bilirəm, darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.

Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.

Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.

Kövşən ətri gəlir, bax,
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.

Şəklimi gözlərinə
Nə tutub bağlayırsan?
Yaman islandı şəklim
Bu nədir, ağlayırsan?..

ARALIQDA

 

Bağ ola, yanıyca çay axa elə,
Bir də ki baLaca yol aralıqda.
Baxasan qarşıda duran gözələ,
Bir az uzaq dura, qol aralıqda.

Qıya gözlərini, guya gün düşə
Yana bağrın başı, ürəyin bişə…
Sinədə nar bitə – qoşa, gülüeşə,
Hansını dərəsən, al aralıqda..

Baxışı ox ola, taxıla elə,
Düşəsən ovsuna, nağıla elə.
Görənlər key düşə, yıxıla elə,
Deyəsən, beləcə öl aralıqda

 

 

Əfrahim HÜSEYNLİ

MƏNİM AXIRIMA CIXACAQ ŞEİR

Biri qəlbi duyan, beşi qəlbidaş,
Dinirəm,- yoluma hey ələnir daş.
Dilimə yiyəlik etmirəm, qardaş,
Mənim axırıma çıxacaq şeir.

Günəşdən soraq yox, yaddı bu bahar!-
Görən əriyərmi sonacan bu qar.
Axır yollarıma bulanan sular,
Məni bu sularda boğacaq şeir.

Yazıram, kimisi özünə yozur,
Yazmıram ürəyim günaha yazır.
Çıxıb uzaqlara gedim?.. Mən hazır!
…Boylanıb arxamca baxacaq şeir.

Təkcə sən qınama, təkcə sən məni,
Öz sevdam özümə kəsildi qənim!
Oxusan, indi kim ovudar səni?-
Gözündən yaş olub axacaq şeir.
Mənim axırıma çıxacaq şeir!

QALMIŞAM PAYIZLA QIŞ ARASINDA

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf… filan…
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir “qəlbiidaş”a.
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.

TANIYA BİLMƏDİM HEÇ ADAMLARI

Önümdə sel-sular axan olursa,
Qaya-dağ qarşıma çıxan olursa,
Dost-doğma uzaqdan baxan olursa,
Tanıya bilmədim heç adamları.

Kim keçdi yazılan sərhədi, səddi,-
Bilməz sonsuz bildi bu ömrü, nədi?
Hələ imtahana çəkə bilmədi
Hər gün neçə-neçə köç adamları.

Yanmadım nə günə, nə aya, ilə,-
Daşıdım hər yükü mən bilə-bilə.
Bilən-bilməyənə demədim belə
Nə yaman tanıdım gec adamları?!

Susummu, gözümü mən də döyümmü,-
Dağlara, daşlara baş da əyimmi?
Bu nahaqq önündə bəlkə deyimmi
Boyu – buxunuyla ölç adamları?

Yad ola bilmədim doğmaya, yada,-
Günəşli gündüzə bir ömür yadam.
Mənə naşı demə, qəlbidaş adam,
“Mən seçə bilmədim”, seç adamları.

Bilal ALARLI

 

NECƏ NƏĞMƏ OXUYUM?

 

Alışmayan ocağımın

tüstüsü xoşdu mənə.

Yad nəfəsdən qızınmağı,

ölsəm də, xoşlamıram.

 

İynə ucundan keçirəm,

ucuzluğa getmirəm.

Hamıya verdiyim dərsi

özümə öyrətmirəm.

 

Başıaşağı gəzsəm də,

başım aşağı deyil.

Necə nəğmə oxuyum ki,

ürəyim ağı deyir?..

 

SÖZÜNDƏN ÇIXA BİLƏRSƏNMİ?

 

Oturub özünlə üz-üzə
üzünə baxa bilirsənmi?
Fikrinlə baş-başa qalanda
özünü yıxa bilirsənmi?

Söz çıxır ki, dilə düşürsən,
bəmə qalxıb, zilə düşürsən.
Axıb gilə-gilə düşürsən,…
gözündən çıxa bilirsənmi?

Özünə yol olub gedirsən,
közünə kül olub gedirsən.
sözünə qul olub gedirsən,
sözündən çıxa bilirsənmi?

 

DAYAZ FİKİRLƏR

 

Tələsir ayağın mənim dalımca,

Mən səni arxada qoyub gedirəm.

Başımdan aşırdın köhnə dərd kimi,

İndi dizimdənsən – boyun gödəlib?

 

Dayaz fikirlərdə batıb qalmışam,

Tətiyim çəkilib – atılmamışam.

Yapıncım dəmirdən, atım qamışdan,

Dağsan, ətəyində qoyun güdürəm.

 

Uçub divarından suvağın gedir,

Həya pərdəsidir – duvağın gedir.

Keçdiyin palçığa ulağım gedir,

Gölün durulmur ki, suyun götürəm.

 

 

SÖZARDI: Blal Alarlı həyatda təkcə dostum deyil. O, eyni zamanda, gözəl insan, yaradıcı şəxsiyyət – fəal ictimaiyyətçi, aparıcı ədəbiyyatçı alim və folklorşünasdır! Bilal Alarlı ilə dost olmaq və onunla ünsiyyət qurmaq hər adama nəsib olursa, o, xoşbəxtdir. Mən bunu ona görə demirəm ki, bəziləri qısqansın və mənə irad tutsunlar, ona görə deyirəm ki, bu həqiqətən belədir və əgər kim istəyirsə, Bilal Alarlı olsun, buyurun, mən onu Bilaldan da çox təbliğ edə bilərəm və onu Bilal Alarlının şəxsiyyəti ilə müqayisə etmək iqtidarındayam. Dostlar, gəlin, səmimi olaq, Bilal kimi! Gəlin savadlı olaq, Bilal kimi! Gəlin təşəbbüskar olaq, Bilal kimi! Necə ki, Cəlilabadda çoxdan çürüyüb qalmış bir ocağı təzədən yandırıb ona alov verdi, yandırdı, işıqlandırdı və nəhayət, yeni bir “Poeziya Klubu”nun yaradılmasına şərait yaratdı. Əks təqdirdə, bu heç vaxt və heç kəsin təşəbbüskarlığı ilə yaradılmayacaqdı.

Cəlilabadda həqiqətən güclü qələm sahibləri var. Bu qələm sahibləri Seyyid Miryusif ağa, Abbasağa Azərtürk, Mirzəli Hüseynzadə, Böyükxan Bağırlı, Misir Alarlı, Əhməd İspər və digər dünyasını dəyişmiş şair və yazıçıların ənənəsini şərəflə davam etdirirlər. Salam Sarvan, Əlizadə Nuri, Böyüş Yaquboğlu, Əlirza Həsrət, İman Abdulla, Mirkamil Mirxəliloğlu, Rövşən Vəliyev, Camal Zeynaloğlu, Ədalət Salman, Gülbala Teymur, Meyxoş Abdullah, Saday Şəkərli, Əfrahim Hüseynli, Faiq Balabəyli, Faiq Hüseynbəyli, Reyhan Kənan və başqa istedadlı qələm sahibləri ölkədə və onun hüdudlarından kənarda tanınırlar. Xeyli gənc şair və yazıçı ədəbi mühitdə bölgəni ləyaqətlə təmsil edirlər. Abbasağa Azərtürk adına Poeziya Klubunu yaratdıqlarına görə Əlizadə Nuriyə, Əlirza Həsrətə və Bilal Alarlıya yalnız və yalnız təşəkkür düşür. Ümid edirəm ki, bölgə yazarları təşkilatlanandan sonra daha böyük uğurlar əldə edəcəklər.

 

Asif HƏSƏNLİ,

“Region Səs” qəzetinin təsisçisi və baş redaktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Share: