Elm fədailərimiz: Professor Mİrzə Ağa Bağırov haqqında

Elm fədailərimiz:
Professor Mİrzə Ağa Bağırov

“Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət”.
( Nizami Gəncəvi)

İnsan əməyi həyat gerçəkliklərindən yoğrulmuş portret cizgilərinin tablosunu yaradır. Zamanın bərpa olunmayan məqamları bu cizgilərin əsas xəttini təşkil edir. Geriyə boylananda həyat fəlsəfəsinin zəngin boyalardan çəkilmiş bir tablosunun şahidinə çevrilirsən. Müəllifi olduğun həyat tablosunun. İdrakın, təfəkkürün məhsulu olan bu tabloda zəhmət məfhumu da mühüm rol oynayır.
Allah-Təala hər insana bir ömür və bir tale bəxş edib. Ağıllı və müdrik insanlar Allah-Təalanın verdiyi bu ömrü çox gözəl, çox yaddaqalan və çox da yaxşı yaşayırlar. Yəni onlar ömrünün hər dəqiqəsinin, hər anının qədrini bilir, ötən aylarda və illərdə iz qoymaqla yadda qalırlar. Və bu insanlar həm də ağılları, kamalları, cəmiyyətdə tutduqları mövqeləri ilə digərlərindən seçilməyi bacarırlar,başqaları tərəfindən sevilməyi də yaddan çıxarmırlar. Çünki onlar hamıya öz sevgisini, məhəbbətini, qayğısını və istəyini göstərə bilirlər. Daha doğrusu, sevinclərini, kədərlərini bölüşdükləri kimi, başqalarının da xoş anlarına, kədərli dəqiqələrinə şərik çıxırlar.
Ömrünü Azərbaycan elminə sərf edən professor Mirzə Ağa Bağırovun da yaratdığı tablodan – həyat tablosundan oxuya biləcəyimiz maraqlı, yaddaqalan, həyat eşqi ilə dolu çoxlu məqamlar var. Bir vaxtlar həm tələbəsi olduğum, həm də sonrakı illərdə müəllim olaraq Lənkəran Dövlət Universitetində Mirzə müəllimin rəhbərliyi altında işlədiyim dövrdə, gündəlik pedaqoji prosesdə onu yaxından tanıdığım üçün hər zaman ictimai və pedaqoji həyatda daim fəallığı, bacarığı, işgüzarlığı, səmimiyyəti, təvazökarlığı ilə seçilən bir insan kimi özünəməxsus keyfiyyətləri daim diqqət cəlb edib.
Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Mirzə Ağa Əyyub oğlu Bağırov 1927-ci il iyun ayının 16-da Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Energetika fakültəsini bitirmişdir.
1953-cü ildə SSRİ Elmlər Akademiyasının Energetika İnstitutunda dissertasiya müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır. Gənc alim tədqiqatlarını davam etdirərək, 1966-cı ildə İ.M. Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda texnika elmləri doktoru alimlik dərəcəsi almış və həmin il professor elmi adına layiq görülmüşdür. 1976-cı ildə M.Ə. Bağırov Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti ) rektoru vəzifəsinə təyin edilir və ardıcıl olaraq 12 il Azərbaycanın mühəndis kadrları hazırlayan əsas ali təhsil ocağı olan Poltexnik İnstitutuna rəhbərlik edib. 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın müəllifi olan alimin əsərlərinin çoxu xarici ölkələrdə, nüfuzlu elmi nəşrlərdə çap olunmuşdur.
Mirzə Ağa Bağırov ABŞ, Almaniya, Polşa, Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarında Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Onun rəhbərliyi altında 30-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. 1981-ci ildə M.Ə. Bağırova “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. O, “Şərəf nişanı” ordeni, medallarla təltif edilmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş, komissiya sədri seçilmişdir.
Ulu öndər Heydər Əliyevin 23 iyul 1997-ci il 623 saylı Sərəncamı ilə M.Ə. Bağırov 1997-ci ildə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş, 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır. Lənkəran Dövlət Universitetinə o, illər üçün müasir təhsil texnologiyalarının, pedaqoji innovasiyaların gətirilməsində, bölgənin yüksək ixtisaslı kadrlarla təminatında, çoxsaylı ixtisasların, yeni kafedra, laboratoriya və mərkəzlərin açılmasında Mirzə Bağırovun misilsiz şəxsi zəhməti olmuşdur.
ABŞ-ın Bioqrafik İnstitutu prof. M. Bağırovu 2009-cu ildə dünyada elm üzrə “İlin adamı” elan etmişdir. Bu, həm də onun Azərbaycan elminə qazandırdığı böyük nüfuzun təsdiqi idi.
Professor Mİrzə Ağa Bağırov sözün həqiqi mənasında təkrarsız bir insan idi. Tələbələrinin sevimlisi, Azərbaycan elmində öz dəst-xətti ilə seçilən bir alim idi. Belə fəxri titullardan istənilən qədər sadalamaq olar. Amma bircə bu kəlməni də demək kifayət edər: Mirzə müəllim tələbələrinin ən sevimli müəllimi idi. Bütün tələbələrinə yüksək dərəcədə həssaslıqla yanaşırdı. Özünün həyatı keşməkeşli olduğundan tələbələrə də, xüsusən kimsəsiz və aztəminatlı ailələrdən olanlara diqqətcil və qayğıkeş idi.
Hər bir alimin yaradıcılıq uğurları yalnız yazdığı tədqiqatları ilə deyil, həmçinin yetirmiş olduğu alimlərin sayı, sanbalı və elmi nüfuzu ilə də ölçülür. Bu mənada professor Mirzə Ağa Bağırovun bilavasitə qayğısı və himayəsi ilə yetişən onlarla alim bu gün Azərbaycan elminin ən mütərəqqi təmsilçiləridir.
Mirzə müəllim ona tanrı tərəfindən verilən ömrün illərini çox mənalı və yaddaqalan yaşayıb. Yaşanan illəri saf-çürük edəndə , bu illərdən dönüb geri baxanda xəsislik etmədən bəşərə, insanlığa, çevrəsinə səxavətlə xərclənən insan ömründən ,qürur hissi keçirməyə bilmirsən. Mirzə Ağa müəllim yaşıdları arasında da yaxşı dost, yoldaş idi.Yalanı sevməyən , düzgünlüyü sevən,şəxsiyyətə dəyər verən ziyalı idi. Atası Əyyub kişi represiya qurbanı olduğundan O,satkın,nəyəsə nail olmaq üçün ona xəbərçilik edən,vəzifə üçün sinov gedən isanlara,işçilərə,qarşı daha sərt idi.Bu cür düzgün dəyərlər həmişə ağayana ziyalıya hörmət gətirirdi. Professor Mirzə Ağa Bağırov 2011-ci il aprel ayının 8-də Bakı şəhərində vəfat etmişdi. Bu gün dəyərli professorumuz Mirzə müəllimin anım günüdür. Allah rəhmət eləsin,ruhu şad,məkanı cənnət olsun!

Leyla Qadir qızı Məcidova


Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin
baş müəllimi

Share: