Kitablar əbədiyyətə məxsusdur

.

Tanınmış Yazıçı-publisist Qafar Cəfərlinin 65 illiyi münasibətilə tanınmış yazıçı, ədəbiyyatşünas, pedaqoq və naşir Allahverdi Eminov onunla həmsöhbət olub. Müstəqil.az həmin söhbəti yayınlayır:

Sənin üçün “müasirlik ruhu” nə deməkdir? Məgər keçmişdən yazılan əsərlərdə müasirlik yoxdurmu?
 – “Müasirlik” insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənəti hesab olunan ədəbiyyatın əzəli qanunlarından hesab olunur. Müasirlik sözü dilimizdə bir qayda olaraq “dövrün, zamanın tələblərinə uyğunluq” anlamında işlədilir.
Mənim üçün “müasirlik ruhu” baş vermiş hadisələr fonunda insanların həyat tərzinin, düşüncəsinin, onların bir-birinə münasibətdə yaşadığı dövrün psixologiyasının bədii şəkildə əks olunması, ideya baxımından müasir fikir və düşüncə ilə səsləşməsidir. Tarixi, fantastik və detektiv mövzularda belə yazıçılar müasirlik ruhunu saxlayaraq milli düşüncə tərzinin dünyəviləşməsi, qlobal düşüncənin milli düşüncəyə inteqrasiyasını bədii şəkildə əks etdirməyə çalışırlar. Bu mənada keçmişdən yazılan əsərlərdə də müasirlik ruhunun olması təbiidir. Məşhur bir deyimdə olduğu kimi “insan zamanın içində deyil, zaman insanın içində yaşayar”.
– Detektiv əsərlərdə forma və kompozisiyaya necə baxırsan? Bu iki atributu necə birləşdirirsən?
– Bədii əsərlərin yazılışı prosesində yazıçı müşahidə etdiyi həyat hadisələrini, ətraf mühiti, insan münasibətlərini öyrəndikdən sonra bunları obrazlar vasitəsi ilə canlandırmağa çalışır. Obrazların yaradılmasında isə əsas şərt onların daxili aləmi, xarici görünüşləri, xarakterik xüsusiyyətlərini diqqət mərkəzində saxlayaraq məzmuna müvafiq forma seçilməsidir. Məzmunla forma bir-biri ilə sıx bağlıdır və onlar arasındakı münasibəti gözləmədən bədii əsər yaratmaq mümkün deyil. Məzmun formanı müəyyən etsə də forma da məzmuna təsir edərək onu tamamlayır, ona bədii don geydirir. Yeni məzmun köhnə formaya sığışmayanda yeni formaların yaranması zərirəti ortaya çıxır. 19-cu əsrin ortalarında detektiv janrın yaranması da bu zərurətdən həyata vəsiqə almışdır. Yarandığı ilk vaxtlarda bu janrda yazıan əsərlərin böyük şöhrət qazanması da təsadüfi deyildir. Doğrudur, oxucu üçün bu janrı oxunaqlı edən insanın həmişə marağında olduğu cinayət xarakterli hadisələr olsa da yarandığı ilk illərdə bu janrda istedadlı yazıçıların fəaliyyət göstərmələri də bu işdə mühüm rol oynadı. Və təsadüfi deyiuldir ki, bu janr istər nəşri əsərlərdə, istərsə də film və seriallarda bu gündə öz yüksək reytinqini saxlamaqdadır.
Məzmun və formaca müxtəlif olduğu kimi kompoziya cəhətdən də detektiv əsərlər digər bədii nümunələrdən müəyyən qədər fərqli olur. Qeyd etdiyim ki, detektiv əsərlər baş vermiş cinayət və bu cinayətin açılmasına həsr olunsa da burda da seçilmiş hadisələrinin bir-birilə əlaqələndirilməsi və müəyyən bir sistemdə qurulması mühüm əhəmiyyət daşıyır. Peyzajlar, insan portretləri, əşya təsvirləri də hadisənin məzmununa, hadisənin gedişinə uyğun istifadə edildikdə əsərin kompozisiyası da da mükəmməl olur. Əslində, bütün bunlar detektiv əsəri quru, cansıxıcı olmaqdan qurtarır, hadisələrə bir maraq qatır, əsərə oxunaqlıq gətirir.
Detektiv əsərlərin özünə xas cəhətləri, üsulları vardır. Bu mənada bu tip əsərlərdə də məzmun, forma, süjet və kompozisiya sıx vəhdətdə olurlar. Bu janrda olan əsərlərə ən xas olan cəhət oxucunu daima intizarda, təşvişdə, narahatçılıqda saxlamaqdır. Bəzən oxucu baş verən hadisə üzrə baş sındırsa da bir nəticəyə gələ bilmir və bu maraq onu əsəri sona qədər oxumağa şövq edir.
Fikrimcə, bütün bədii əsərlərdə süjet xəttinin inkişafına xidmət edən başlanğıc və sonluq çox önəmlidir, xüsusən detektivdə. 2018-ci ildə yazdığım “Xəyanət ” adlı povestimdən misal gətirmək istəyirəm. Əsər al-qan içində sürünüb gələn qonşu uşağını həyətində görən ər-arvadın qısa dialoqu ilə başlayır. Məlum olur ki, həmin uşağın bacısı və anası evlərində qətlə yetiriliblər. Hüquq-mühafizə orqanları cinayət hadisəsi ilə məşğul olmağa başlayırlar. Hüzr məclisinin üçü günü təqaüddə olan peşəkar əməliyyatçı Əli Zaminli bu ailədə baş verən dəhşətli cinayətdən xəbər tutaraq köhnə dostu olan ailənin başçısı Hümmətlə görüşməyə gəlir. Üstündən günlər keçməsinə baxmayaraq cinayətin açılmamasaından narahat olan Hümmət dostundan bu cinayətin açılmasına kömək etməyi xahiş edir və Zaminlinin razılaşmaqdan başqa çarəsi qalmır. Zaminlinin çox gərgin axtarışları sayəsində bu ağır cinayət açılır. Povest çox az sayda detektiv əsərlərdə rast gəlinən bir sonluqla bitir. Sona qədər bu ağır cinayəti törədənin kim olması qeyri-müəyyən qalır. Hadisə ilə əlaqəsi olan heç kimin ağlına gəlməyən bir şəxsin- Hümmətin doğma qardaşının bu cinayəti törətməsi isə insanların, həmçinin oxucuların da heyrətinə səbəb olur. Cinayətkarın adı isə əsərin son cümləsində bəlli olur.
 – İlk əsərini yazandan sonra gələcək peşə taleyin barədə konkret fikrə gəldinmi? Hansı yolu seçməyi qərarlaşdırdın? Axı, qonorarla yaşamaq müşküldür, heç qonorar da verilmirdi, çap üçün şəxsi vəsait lazım idi.
 – İlk publisistik yazılarım 13 yaşından qəzetlərdə görünməyə başlayıb. Həmin vaxtı və sonrakı illərdə xırda həcmli bədii yazılar: miniatürlər, mənsur şeirlər yazırdım. Uşaqlıq arzum ədəbiyyatçı-jurnalist olmaq olub. Həmin dövrlərdə jurnalistlər – yazıçılar cəmiyyətin hörmətli təbəqəsinə daxil idilər və onlar həm də aldıqları yüksək qonorar hesabına yaxşı yaşayırdılar. Məktəbi qurtaran ili jurnalistika fakültəsinə imtahan versəm də müsabiqədən keçmədim. İstintaq aparmaq, cinayəti açmaq, cinayətkarı tutmaq həvəsi isə hərbi xidmətdə olanda – hərbi prokurorluqda xidmətdə olan vaxtı yarandı və bu həvəs məni hüquq fakültəsinə apardı. Amma yazıb-yaratmaq eşqi bütün həyatım boyu məni tərk etmədi və artıq neçə illərdir ki, peşəkar ədəbi fəaliyyətlə məşğul oluram.
Doğrudur, əvvəlki vaxtdan fərqli olaraq indi kitab çap etmək asan olsa da bundan maddi cəhətdən faydalanmaqdan, ən azından qonorar almaqdan söhbət gedə bilməz. Kitabı öz puluna nəşr etdikdən sonra ən yaxşı halda dost-tanışa hədiyyə etmək olur. Əlbəttə, dövlət bu sahəyə diqqət etməsə vəziyyət elə bu cür də davam edəcək. Yaxud da özəl şirkətlərə bu sahədə çalışmaq üçün müəyyən güzəşt və imtiyazlara şərait yaratmaq lazımdır.
 – Sən həyatı yaxşı öyrənmişdin, ziddiyyətlərin, konfliktlərin içində idin, elə bu həyatın özü detektiv deyildimi? Hər halda insan taleyini olduğu kimi vermək ədəbiyyatın işi deyil, bəs çıxış yolunu nədə gördün və bu problemi daha çox hansı əsərində verdin?
– Düz qeyd edirsiz, ömrümün təxminən otuz ilini hüquq-mühafizə sistemində müxtəlif vəzifələrdə işlədim. Bu həyatın nə qədər çətin, ağır olduğunu bu sahədə çalışanlar bilir. Gecə-gündüz iş başında, rahatlıq bilmədən çalışmaq, cəmiyyətin ən çətin və təhlükəli təbəqəsi hesab olunan cinayətkarlarla gündə bir neçə dəfə üz-üzə gəlmək, bəzən günlərlə əynindəki paltarları belə çıxartmağa imkan olmadan işləmək həqiqətən çox çətindir. Üstəlik, Qarabağ hadisələri ilə bağlı bir neçə il ərzində həftələrlə müharibə bölgəsində yaşamağın, döyüşlərdə iştirak etməyin nə demək olduğunu izah etməyə ehtiyac görmürəm. Sözümün canı budur ki, ömrümün otuz ilini mən bu cür, qeyd etdiyiniz kimi ziddiyyətlərin, konfliktlərin içində yaşadım. Bəli, bu həyatın özü əsil detektiv idi və təsadüfü deyildir ki, bir çox ölkələrdə bu sahənin işçilərinə elə “detektiv” deyirlər.
Bütün bədii əsərlərimdə olan qəhrəmanlar ümumən hansısa bir insan taleyidir- desəm yəqin ki, yanılmaram. Təbii ki, olduğu kimi deyil, burda yazıçı təxəyyülü öz “işini” görür. Demək olar ki, çox böyük əksər əsərlərimin mövzusunu həyatdan götürmüşəm. Qəhrəmanlarımın böyük əksəriyyətinin prototipləri həyatda var və ya olmuşlar. İstər detektiv, istərsə də digər janrda yazdığım bütün əsərlərdə bu belədir. Müsbət və ya mənfi olmasından asılı olmayaraq həmin şəxslərlə ya şəxsən görüşmüş, ya da barəsində məlumatlar toplamışam. Bu mənim ən çox sevdiyim bir yazı üsuludur. Bu cür əsərlərdə həyat, ədəbi qəhrəmanlar daha canlı görünür və elə bu səbəbdən də oxuculara da doğma gəlir.
– Ədəbiyyatda belə bir formula var: qəhrəmanlarını özün seçmisən, yoxsa onlar səni seçiblər? O obrazlar mövcud vəziyyəti (Əli Zaminli kimi), ətraf mühiti necə qiymətləndiriblər, onların davranışından razı qalmısanmı? Detektiv janrda bu əlbəttə çətindir.
 – Seçdiyim qəhrəmanlarım çox olub, amma məni seçənlər də olub. Yazı prosesində qəfil üzə çıxan kimsəni qəbul etməli olursan. Ümumən, yaradıcılıq prosesi canlı bir orqanizmdir. Burda səbirli və diqqətli olmalısan ki, hər şey yerinə otursun.
Detektiv əsərlərimin bir qəhrəmanı var: Əli Zaminli. Ümumən detektiv janrda bu qəbul olunan bir haldır. Artur Konan Doylun Şerlok Holmsu, Jorj Simenonun Komissar Meqresi, Edrqard Allan Ponun Oğust Düpeni, Emil Qaborionun Mesye Lekoku, Çestertonun Braun Atası, Aqata Kristonun Erkül Puarosu, Boris Akunun Erast Fandorinisi, nəhayət dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin məşhur Dronqosu bu qəbildən olan qəhrəmanlardır. Mümkündür ki, ədəbi qəhrəmanımın bəzi hərəkətlərini bəyənməyim, amma sonradan fikirləşirəm ki, bu onun taleyidir, yaxşı-pis nə varsa onundur və onun həyatına qarışmağa haqqım yoxdur.
Onu da qeyd edim ki, detektiv janrın qəhrəmanlarını çox da “özbaşına” buraxmaq olmaz. Əgər digər janrlarda yazılan bədii əsərlərdə hadisələrin axını uzun-uzadı davam edirsə və hətta çox vaxt gözlənilməzliklərə də gətirib çıxara bilirsə detektiv janrda buna nəzarət etməli olursan, çünki son məqsəd baş verən cinayəti açmaq, cinayətkarları ifşa edib məsuliyyətə cəlb etməkdir ki, qəhrəmanlar məhz bu ətrafda dolanmalıdırlar.
 – Roman və povestlərin mövzusu şəxsi təcrübəndən götürülmüşdür, yoxsa bədii fantaziyanın “diqtəsi”dir?
-Əvvəlki sualların cavabında mən bu məsələyə nisbətən aydınlıq gətirmişəm. Ümumən, bütün hekayələrdə, povestlərdə, romanlarda və digər bədii nümunələrdə müəyyən payda müəllifin həyatı ( yaşadığı, şahidi olduğu, oxuduğu, eşitdiyi) gizlənir və bu da təbiidir. Həmin pay da əsərin ideya xəttinin müəyyən olunmasına xidmət edir. Amma bədii fantaziyanın diqtəsi olmadan bədii əsər yazılmır. Yazıçı təxəyyülü əsərin məzmun və formasını müəyyən edir, bütün süjet xəttini nizamlayır, kompozisiyasına nəzarət edir. Yazıçı təxəyyülü əsərin tamlığını təmin edir və yazıçını çox “çətinliklərdən” xilas edir. Odur ki, şəxsi təcrübə ilə yanaşı yazıçı təxəyyülünü, yazıçı düşüncəsini vacib hesab edirəm.
 – Əsərlərini yorulmadan, hövsələ ilə ixtisar etmək, təzədən işləmək (məsələn hansı əsərini) səni yormurmu? Əsərin qazandığı nə olur ki, arxayınlaşırsan?
– Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski yazır ki, “Yazıçının ən böyük bacarığı pozmağı bacarmaqdır. Kim bunu bacarmasa, kim özününkünü pozmaq iqtidarında olmasa o uzağa gedə bilməz”. Doğrudan da, yazmaq kimi yazdığını pozmaq da böyük cəsarət və ürək istəyir. Bütün hallarda yenidən işləmək əsərin qazancı hesab olunmalıdır, yəni bu halda əsərdəki çatışmamazlıqlar aradan qaldırılır, yeni ovqata köklənir, dadı, tamı artır.
Mən təcrübəmdə indiyə kimi bircə “Namus yarası” povestimi yenidən işləmiş, ixtisarlar edib əlavələr etmişəm. Təbii ki, ilk variantla sonrakı arasında keyfiyyət cəhətdən çox fərq oldu. Bu mənada bunun müsbət tərəfi danılmazdır.
Ümumən, yazdığım əsərlərə yenidəın müraciət etməyi xoşlamıram. Fikirləşirəm ki, hər bir əsər yaradıcılığımın müəyyən bir dövrünü əks edir. Amma yaradıcılıq prosesində yazını yenidən işləməyə tənbəllik etmirəm. Xüsusən son redakta işi mənim üçün ən əzablı məqamdır. Bu zaman bəzən süjet xəttində belə dəyişiklik etdiyim, səhifələrcə yazını ixtisar və ya əlavə etdiyim hallar olub və sonda əlbəttə ki, daha maraqlı, daha məzmunlu alınan əsər qazanıb.
– Yazı prosesində öz tənqidi qeydlərinin üzərindən keçirsən, yoxsa qələmi dayandırıb təxəyyülü “işə” salırsan? Məsələn, bu hansı əsərində özünü göstərib?
– Yazı prosesi elədir ki, çox zaman əsəri yazıb qurtarandan sonra yenidən işləməli olursan. Əsərə yenidən baxanda artıq tənqidçi kimi baxırsan və təxəyyülü “işə” salıb mətnə əlavələr edirsən, diqqət çəkən çatışmazlıqları düzəldirsən. Demək olar ki, əksər əsərlərimdə bu proses özünü göstərmişdir.
 – Adətən sənətkarlar yazdıqlarından sevinirlər, məmniun qalırlar, özlərini ən xoşbəxt adam kimi hiss edirlər, səndə necə olur? Olubmu, yazdığın hansı əsərindənsə narazı qalmısan?
 – Yazıçının ən böyük sevinci həvəslə üstündə çalışdığı və arzusunda olduğu əsəri “dünyaya gətirəndə” yaranır- desəm yanılmaram.. Bu proses həqiqətən qadının dünyaya uşaq gətirmək kimi əzablıdır, elə sevinci də buna bərabərdir. Yazdıqlarından məmnun qalmaq isə başqa məsələdir. Ümumən əsəri bitirib qələmi yerə qoymaq bir rahatlıq, hətta məmnunluq da yaradır ki, bu da təbii hisslərdir. Amma uğurlu hesab etdiyin əsəri bitirəndən sonra yaranan məmnunluq xüsusilə fərqli və gözəldir.
“Bir ömür sevgi”, “Bərzəx sakinin etirafları”, “Saatın 61-ci dəqiqəsi” hekayələrini, “Möcüzə” novellasını, “Namus yarası”, “Xəyanət” povestlərini, “Tanrının göz yaşları” romanınını bitirərkən bu hissləri yaşadığımı xatırlayıram.
Narazı qalmaq məsələsinə gəldikdə . yazıldığı vaxtda əsərdən narazı qaldığım yadıma düşmür. Amma zaman keçdikcə həmin əsəri yenidən oxuyanda bəzi məqamlardan narazı qalmağım olub. Fikirləşmişəm ki, bunu bu cür yazsaydım daha maraqlı və daha məntiqli alınardı. Burda artıq necə deyərlər “qatar getdi” məsəli ilə təskinlik tapıram.
– Kitablar əbədiyyətə məxsusdur, gələcək nəsillər üçündür, onlar sənətkar əməyinin məhsullarıdırlar. Bu hissi keçirmisənmi və son qənaətin nə olubdur?
 – Çox doğru, kitablar həqiqətən əbədiyyətə məxsusdur. Məşhur fransız filosofu və ictimai-siyasi xadimi Şarl Lui Monteskyönın maraqlı bir fikri var. Deyir ki, “Keçmiş həyatını heç vaxt geri qaytara bilməzsən, amma bir kitabın köməyi ilə dünyanın ən böyük alimlərinin ömür boyu əldə etdikləri təcrübəni qazana bilərsən”.
Kitabın insan həyatında, ümumən dövlətin və cəmiyyətin inkişafındakı rolu barədə çox deyilib. Dahi Viktor Hüqo deyir ki, “Kitablar soyuq, amma etibarlı dostlardır”. Qədim Romanın məşhur dövlət xadimi və natiqi Siseronun fikrinə görə “Kitab olmayan ev ruhdan ayrılmış bədənə bənzər”. Qədim Roma filosofu Senekanın fikri daha maraqlıdır: ”Kitabsız yaşamaq kor,kar və lal yaşamağa bənzəyər”.
Kitabların sənətkar əməyinin məhsulu, sənətkar ömrünün bir parçası olması danılmaz həqiqətdir. Oxucu çox vaxt əlinə götürüb bir neçə saata, bir gecəyə, bir və ya bir neçə günə oxuduğu kitabıın yazılıb ərsəyə gətirilməsi üçün müəllifin həftələr, aylar, bəzən illərini sərf etməsinin, həyatının ən gərəkli vaxtını yazı masası arxasında keçirtməsinin, bu yolda gözünün işığını sərf etməsinin, beynini yükləməsinin, ürək ağrıları çəkib sağlamlığını qurban verməsinin fərqində olmur. Acı bir həqiqətdir ki, sovet dövründən fərqli olaraq indi kitaba və onun müəllifinə, kitab təbliğinə və satışına cəmiyyətdə biganə münasibət hökm sürməkdədir. Saatlarla kitab mağazasının qarşısında kitab almaq növbəsinə dayandığımı və sevdiyim kitabı əldə etdikdən sonra yaşadığım möhtəşəm hissləri xatırladıqca indi də sevincdən bədənim uçunur. İndi dövlətin dəstəyi ilə ölkədə kitab satışının təşkilinə, nəşriyyatlara qonorar verilməsinə maddı yardım olunmasına, layiqli əsərlərin dünya çapında tanınması üçün müvafiq işlərin görülməsinə daha çox ehtiyac vardır.
Hardasa belə bir fikir yadımda qalıb ki, “Sizlər gec-tez gedəcəksiniz,amma yazdıqlarınız qalacaq; buna görə də özünüzdən sonra lənətlənə biləcək yazılar qoyub getməyin”. Hər dəfə əlimə qələm alanda bu fikri xatırlayıram və çalışıram elə əsər yazım ki, özümü və ruhumu kimsə narahat etməsin.
– Sualın davamı kimi: Zaman kitabları mühakimə edə bilməz. Keçmişdə insan davranışı başqa əxlaqa xidmət edirdi, bu gün başqa cürdür, bu problemə necə baxırsan, narahatçılıq yaşayırsanmı? Əlbəttə, layiq olan kitablar yaşayırlar.
– Həyat yaşamaq uğrunda mübarizədən ibarətdir. Bu mübarizə ədəbiyyatda öz bədii əksini tapır. Bütün zamanlarda ədəbiyyat insanın kamilləşməsinə xidmət edib. Odur ki, əsl ədəbi nümunələri zaman heç vaxt mühakimə edə bilmir. Bu baxımdan heç bir narahatçılıq keçirməyə dəyməz. Çünki insanlığa xidmət edən ən layiqli əsərlər zamanın çərçivəsini yarıb əbədi yaşarlıq qazanırlar.
Müasir romanlarda, povestlərdə, əlinə qələm alan az qala bir ildə iki-üç roman yazsın, oxuyursan heç bir tərbiyəvi iş görmür, əsərin dili də bərbaddır. Bədii əsər məgər yalnız estetik zövq aşılamaq üçün yazılır?
– Bədii əsəri oxuyarkən ilk diqqəti çəkən onun estetik cəhətidir. Bədii mətn digər mətnlərdən öz estetik gözəlliyi ilə fərqlənir. Dil faktoru və obrazlılıq isə estetik gözəlliyin ilkin şərtlərindəndir. Hər bir əsərin isə tərbiyəvi əhəmiyyəti olmalıdır. Bu, eyni zamanda, əsərin başlıca ideyasını özündə ehtiva edir. Bütün zamanlarda olduğu kimi müasir dövrdə də kamil əsərlərlə yanaşı, estetik cəhətdən naqis və heç bir tərbiyəvi əhəmiyyəti olmayan kitablar da nəşr olunmaqdadır. Bunun üçün çox da narahat olmağa dəyməz. Zaman öz işini görəcək. Əsl əsərlər zamanı yarıb keçərək gələcək nəsillərə ötürüləcək və müəllifini yaşadacaq. Zəif əsərlər isə öz zamanında belə oxunmur.
 – Dil məsələsi gözəl, qəşəng paltar kimidir. Əsərinə bir yazıçı olaraq “dil təfəkkürünə” necə baxırsan? Nəsr də obrazlılıq, fikri epitetlərlə ifadə etmək qabiliyyətinə malikdir.
– Söz, dil ədəbiyyatın əsas vasitəsi hesab edilir. Ədəbiyyatda dil müəyyən spesifik xüsusiyyətlərə malikdir. Bu mənada nə qədər yaxın olsalar da ədəbi və bədii dili fərqləndirmək əhəmiyyətlidir. Əgər ədəbi dil müəyyən normaya, orfoepiyanın tələblərinə, qrammatik qaydalara əsaslanırsa, əsasını canlı xalq dili təşkil edən bədii dil ədəbi dildən alınıb obrazlaşdırılmış, cilalanmış dil hesab olunur. Bədii dilin əsas xüsusiyyətlərindəın biri onun yığcamlığı, yəni az sözlə dərin məna, geniş fikir ifadə etmək xüsusiyyətidir.
Bədii dilin çox mühüm tərkib hissələri olan bədii təsvir və ifadə vasitələri poeziyada olduğu kimi nəsrdə də çox əhəmiyyətlidir.
Birinci imamımız Həzrəti Əli əleyhissalam buyurub ki, “Dil insanı ölçmək üçün vasitədir. Danışın ki, tanınasız, çünki insan öz dilinin altında gizlənmişdir”. Bu mənada ədəbiyyatda da belədir. Həqiqətən müəllif də yazdığı əsərin dilində gizlənib, onu tanımaq istəsən əsərin dilinə fikir vermək kifayət edir.
Təbii ki, mən də dilin məsuliyyətini dərk edib əsərlərimin dilinə xüsusi diqqət yetirməyə çalışıram. Bədii dilin tərkibini təşkil edən arxaizm və neologizmlərdən, varvarizmdən, yeri düşəndə vulqarizmdən, həmçinin dialekt sözlərdən, o cümlədən bədii təsvir və ifadə vasitələrindən istifadə etməyə çalışıram. Fikrimcə, bütün bunlar vaxtında və yerində işlədiləndə əsərin daha maraqlı və oxunaqlı olmasını təmin edir, surətlərin daha təbii, daha dolğun, daha güclü çıxmasında vasitəyə çevrilir.
Bakı-Lənkəran.
Share: