Rusiyanı tərk edən ruslar hara gedirlər?

Rusiyanın Ukraynaya hücumundan sonra minlərlə və bəlkə də onminlərlə rusiyalı ölkəni tərk edib. İnsanlar qorxudan, qeyri-müəyyənlikdən, müharibəni başlatmış dövlətlə assosiasiya olunmaq istəmədiklərindən, artıq başlamış iqtisadi böhrandan qaçırlar. Bu barədə virtualaz.org BBC-yə istinadən yazır.

İndilik ən populyar istiqamət Gürcüstandır. Rusiyalılar bu ölkəyə hələ ötən ildən – Aleksey Navalnının Korrupsiyayla Mübarizə Fondunun müxtəlif şəhərlərdəki qərargahları dağıdılandan və qurum ekstremist təşkilatlar siyahısına daxil ediləndən, bəzi jurnalistlər və media quruluşları “xarici agent” elan olunandan sonra getməyə başlamışdılar.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 24-dən etibarən ölkəyə 20 mindən çox rusiyalı daxil olub. Nazir Vaxtanq Qomelauri onlardan təxminən 3000 nəfərinin Gürcüstanda qaldığını deyib.

Biletlər kəskin bahalaşsa da, hazırda ən əlçatan istiqamətlər Ermənistan və Türkiyədir. Bundan başqa, insanlar ya müvəqqəti, ya da həmişəlik (bunu hələ özləri də bilmirlər) Azərbaycana, BƏƏ-yə, Qazaxıstana,Qırğızıstana, Mərkəzi və Cənubi Amerikanın viza rejimi olmayan ölkələrinə üz tuturlar.

Britaniya, ABŞ və Avropa Birliyinə vizası olan şəxslər bu ölkələrə getmək üçün əvvəlcə üçüncü ölkələrə – uçuşlar ləğv edildiyi üçün qatarla Finlandiyaya, ya da avtobusla Riqaya – yollanırlar.

Rusiyanın ekspansiyası kirayə qiymətlərinin də kəskin artmasına gətirib çıxarıb. Bundan başqa, gedənlər arasında mənfi münasibətlə üzləşənlər olub – Tbilisidə bəzi kirayə mənzil elanlarında rusların və belarusların müraciət etməməsi vurğulanıb. Rusiyayla viza rejiminin tətbiqini tələb edən petisiyanı artıq 15 mindən çox Gürcüstan vətəndaşı imzalayıb.

“Teleqram”da müxtəlif ölkələrə relokasiyalarla bağlı 10-dan çox çat açılıb, bu çatların 3 mindən 40 minədək üzvü var. Mühacirət haqqında yalnız nəzəri olaraq düşünən, amma 2-3 günə yığışıb ölkədən getmək məcburiyyətində qalan insanlar gündəlik məsələlərin həllində – etibarlı rieltor tapmaqda, bank hesabı açmaqda, mobil operator seçimində bir-birlərinə kömək edirlər.

Bundan başqa, “Visa” və “Mastercard” sistemlərinin Rusiya kartlarını qəbul etmədiyi və nağd rublu dəyişməyin, demək olar ki, mümkün olmadığı (Bir çox ölkədə rubl heç vaxt işlək valyuta olmayıb) indiki şəraitdə yerli valyuta əldə etmək üçün də yardım göstərmək lazım gəlir.

Şok və panika

“Biz Rusiyadan köçməyi çoxdan planlaşdırırdıq, bunu ailə daxilində müzakirə də etmişdik. Ayın 24-dən (Ukraynaya hücum başlayanda – red.) sonra anladıq ki, təcili bilet almalıyıq. Çünki bu dağılmanın miqyasını biz heç təxmin də edə bilmərik”, – internet marketoloqu Tatyana (bəzi digər həmsöhbətlərimiz kimi, o da Rusiyada qalan qohumlarını təhlükəyə atmamaq üçün soyadını açıqlamamağı xahiş etdi) BBC-yə belə deyib.

7 mart. Tbilisi aeroportundakı Rusiya vətəndaşları. Bura ailəlikcə və dönüş bileti almadan gəlirlər

Tatyana deyir ki, onun Avropada qohumları var, amma ailəsi bu haqda ciddi düşünməyə macal tapmamış Avropa İttifaqına uçuşlar dayandırılıb. Şri-Lankadakı tanışlarının yanına getmək istəyiblər, amma həm baha başa gəldiyi üçün, həm də turistlərə orda cəmi 1 ay qalmağa icazə verildiyinə görə bu variantdan vaz keçiblər. Martın 1-də Tatyana əriylə birlikdə Tbilisiyə uçub.

Belarus və İsrail vətəndaşı Mariya Dubrovskaya tanınmış blogerdir. Fevral ayına qədər Mariya sevgilisiylə birlikdə Moskvada yaşayıb, 21 fevralda – Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilən gün onlar ayrılmağa qərar veriblər:

“Bu, əsl şok idi. Rusiyadan getmək barədə elə həmin gün düşündüm. Amma müharibə başlayandan sonra hər şey çox sürətlə dəyişdi. Rublun məzənnəsi sürətlə düşməyə başladı, mən pul çıxarmağa getdim. Bankın mobil tətbiqində bankomatda valyuta olduğu görünürdü, əslində isə pul artıq qurtarmışdı. O arada xəbərlərə də baxırdım və bu, panikaydı”.

Dubrovskaya Minskdə yaşayan anasına zəng edərək ona ordan getməyi məsləhət görüb, özü isə Ermənistanın Gümrü şəhərinə uçub – sonra Yerevana, Tbilisiyə və ya hansısa başqa yerə gedəcəyini qərarlaşdırmadan.

“Təhlükəsizlik Şurasının iclasından artıq bir gün sonra biz işimizdə problemlər yaranacağına əminiydik. Dərhal Kiprə – şirkətimizin qeydiyyatdan keçdiyi ölkəyə getməyə qərar verdik, amma reyslər bitmişdi. İndi Ermənistandayıq, bundan sonra nə edəcəyimizi qərarlaşdırana qədər burda qalmağı düşünürük”, – internet oyunları tərtibatçısı Sergey belə deyir.

Layihə bürosunun direktoru İvansa qeyd edir ki, Qərb ölkələrinin anons etdikləri sanksiyalar paketi “bizim Rusiyadakı şirkətimizin ya uzun müddət öz fəaliyyətinə ara verəcəyi, ya da ümumiyyətlə qapanacağı demək idi. Martın 1-də şirkətimizin baş ofisiylə müzakirələrdən sonra müvəqqəti olaraq ölkədən getmək qərarına gəldim və artıq martın 2-də bilet aldım – İstanbula, ordan da Londona”.

Sankt-Peterburqdan olan android proqramçısı Nikolay da ölkədən getmək barədə çoxdan düşündüyünü bildirir.

“Neytral mövqe tutan insanlara görə dərin məyusluq hissi keçirdim. Mən belələrini baş verənlərin Putindən sonra ikinci günahkarları hesab edirəm. Onlar seçkilərə getmirdilər, siyasəti rədd edirdilər, hətta müharibəni də onlara dəxli olmayan hadisə kimi qarşıladılar”, – Nikolay belə deyir.

24 fevraldan sonra Rusiyanın hər yerində şayiə yayılıb ki, hakimiyyət fövqəladə vəziyyət elan edəcək və kişilərin ölkədən çıxışına qadağa qoyacaq. Bunu eşidən Nikolay təxminən 900 dollara başa gələn təyyarə bilet alaraq Yerevana uçub, ordan da qatarla Tbilisiyə gedib.

O, “qatarda, demək olar ki, bütün sərnişinlərin rusdilli olduğunu” qeyd edir.

32 yaşlı İT mütəxəssisi olan Nikita Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığındakı manevrlərinin xəritəsini hələ fevralın əvvəlində gördüyünü deyir. O bunun pis nəticələrə gətirib çıxaracağını elə həmin gündən etibarən düşünürmüş: “Fevralın 24-də – bütün bu hadisələr başlayanda ilk reaksiyam donub qalmaq oldu. Bütün gecə yata bilmədim. Axı hər şey məhv olurdu. Getdikcə daha çox anlamağa başlayırdım ki, Rusiyada qalsam, mənim həyatım da məhv olacaq”.

Artıq fevralın 25-də o, həyat yoldaşı və 10 yaşlı qızı İstanbula uçublar, bir neçə gün sonrasa Batumiyə gediblər.

Çamadanlar və pişiklər

İnternet marketoloqu Tatyana əşyalarını çox sürətlə topladığını, özünün və həyat yoldaşının təmiz paltarlarını iki kiçik çamadana yığdığını deyir. Bazar ertəsi birjalar açılanda rublun məzənnəsinin çökəcəyini təxmin edən Tatyana və əri biletlərini bazar günü gecəykən alıblar.

Rusiyalılar Tbilisidə keçirilmiş antimüharibə aksiyasında. Onlar Rusiya bayrağının qırmızı zolağı olmayan variantından getdikcə daha çox istifadə edirlər – ölkənin mümkün yeni simvolu kimi

Onlar pişiklərini öz valideynlərinin yanında qoymalı olublar.

 

Əvvəl Nijni Novqoroda, sonra Bakıya, ordan da Tbilisiyə uçan ər-arvad sərhəd-nəzarət məntəqəsinin əməkdaşlarına turist olduqlarını deyiblər, niyə dönüş bileti almadıqlarını soruşanda isə cavab veriblər ki, qiymətlər tez-tez dəyişdiyinə və heç nə aydın olmadığına görə.

Tatyana mindikləri təyyarənin dolu olduğunu qeyd edir.

“Bloqumun izləyicilərindən biri mənə eyni təyyarədə uçduğumuzu, birlikdə hərəkət edə biləcəyimizi yazdı. Gürcüstan sərhədini çox çətinliklə keçə bildik: dövlət xidmətləri saytı artıq işləmirdi deyə QR-kodlarımızı (vaksinasiyanı təsdiq edən – red.) göstərə bilmirdik. Cürbəcür hiylə və üsullarla saytı açıb onları çap edə bildik”, – Mariya Dubrovskaya belə deyir.

Layihə bürosunun direktoru İvan İstanbula martın 4-də, uzaq məsafələr üçün nəzərdə tutulmuş aerobusla uçduğunu qeyd edir: “Belələrinə mən ancaq Atlantik okeanı üzərindən uçanda minmişdim. Hələ sərhəddəykən bəzi tanışlarımla rastlaşdım, onlar da başqa ölkəyə keçmək üçün İstanbula gəlmişdilər”.

İvan deyir ki, Londonun Hitrou aeroportunun mülki geyimli əməkdaşları Rusiya vətəndaşlarından müharibəyə münasibətlərini soruşublar, ölkədəki vəziyyətlə maraqlanıblar: “Mənim baqajım sadəcə bel çantasından ibarətiydi, onun da içində paltarlar, şarj cihazları və noutbuk vardı. Hə, bir də notlar – bu yaxınlarda mən piano çalmağı öyrənmişəm”.

Tbilisidə rusiyalı emiqrantların görüş yeri “Ploxobar”dır. Bu yeri Gürcüstana siyasi motivlərlə getmiş Rusiya və Qazaxıstan vətəndaşları açıblar

İvan çox narahatdır: “Hələ ki həyat yoldaşımın xarici pasportu yoxdur. Üstəlik, bizim pişiklərimiz, dəniz donuzcuqlarımız var. Pişiklərə təzəlikcə – mən ölkədən çıxan ərəfədə mikroçip taxdırmışıq (xaricə apara bilmək üçün – red.). Klinikaların birində çiplər qurtarmışdı. Səhər başqa birinə zəng vurdum, təəccüblə dedilər ki, onlarda çip çoxdur. Amma axşam orda bizim pişiklərimizə axırıncıları taxdılar”.

Moskvalı Yekaterina Soboleva Yerevana Çelyabinskdən uçub. O, biletin birini 14 min rubla aldığını deyir: “Onda ən ucuzu buydu, indi qat-qat bahadır. Sadəcə əl baqajımız vardı, ancaq ən vacib şeylərimizi götürmüşdük”.

“Tbilisiyə ququ quşu kimi getməmək”

İnternet marketoloqu Tatyana və əri Tbilisidə hələ ki mehmanxanada qalırlar. Tatyana yaşamağa ev axtardıqlarını və işini burdan davam etdirdiyini deyir: “Mən Rusiyadakı fəaliyyətini dayandıran beynəlxalq təşkilatda çalışıram, bizi ixtisar edəcəklər”.

O, mütəmadi olaraq çatlarda rusiyalılara verilən sualla rastlaşır: niyə hakimiyyətə etiraz etmək əvəzinə ölkədən getdiniz?

“Belaruslar bizi başa düşür, amma qalanlarına izah etmək çətindir. Orda həyəcan bircə saniyəliyə də olsa keçmir. Düzdür, burda özümü daha yaxşı hiss etdiyimi deyə bilmərəm, amma heç olmasa, gələcəklə bağlı bir şey yaranıb. Nəyəsə fokuslanmaq çətindir, dərin bir məyusluq hissi var. Heç vaxt belə olmamışdım, bu, şok vəziyyətidir”, – Tatyana belə deyir.

Mariya Dubrovskaya bir müddət Tbilisidə yaşayacağını, amma hələ ki qalmağa ev tapmadığını bildirir. Deyir ki, bir-iki gün burda ev tutmuş izləyicilərinin yanında, bir-iki gün də mehmanxanada – israilli dostlarının yanında qalıb.

Bu şəhərdə Mariya Ukraynaya humanitar dəstək kampaniyasına qoşulub, onun kimi Gürcüstan paytaxtına yeni gələnlər üçün “Teleqram”da “Tbilisiyə ququ quşu kimi getməmək” adlı çat yaradıb. Onlar görüşürlər, başlarına gələnləri müzakirə edirlər, məsləhətləşirlər.

Tbilisidə Ukrayna üçün toplanan humanitar yardımı rusiyalılar, gürcülər və ukraynalılar birlikdə qablaşdırırlar

“İnteqrasiya olmaq, ksenofobiyanın səviyyərini azaltmaq istəyirəm. Faciəni tam olaraq qəbul edə bilmirəm. Bəlli simptomları olan qrip anlayışı da var, hiss etdiklərinin hamısını təsvir edə bilmədiyin zədə də: ya müharibənin dəhşətindən, ya sındırılmış talelərə görə hiss etdiyin ağrıdan, ya da nəticələrinə bir neçə nəslin məruz qalacağını bilməkdən yaranmış zədə”, – Mariya belə deyir.

“Mənimçün London müvəqqəti qeydiyyat üçün məcburi bir məntəqədir. Mən tezliklə, vəziyyət sabitləşəndə yenidən Peterburqa qayıtmağa ümid edirəm”, – bu isə layihə bürosunun rəhbəri İvanın sözləridir.

Android proqramçısı Nikolay bildirir ki, daha əvvəl tanımadığı bir şəxslə birlikdə Tbilisinin kənarında ev tutub. Aylıq icarə haqqı 1200 dollardır. 2020-21-ci illərdə belə mənzili 300 dollara icarəyə verirdilər.

Yekaterina Sobolevanın sözlərinə görə, rieltor ona Tbilisidə evini rusiyalılara icarəyə vermək istəməyənlər olduğunu bildirib: “Ona görə də mən evin sahibəsiylə şəxsən danışmaq istədim. Cəmi 5 dəqiqə kifayət etdi ki, biz bir-birimizi başa düşək. Vəziyyəti sadələşdirən, dünyanı ağ və qara rənglərə bölən insanlar bütün ölkələrdə var. Halbuki dünya mürəkkəbdir. Digər tərəfdən, məndə həm də kollektiv günah hissi var və mağazaya gedəndə rusca danışmağa qorxuram”.

Share: