Musiqi müəlliməsi… – Cəbrail Həşimovun yeni hekayəsi

O, iyirmi ildən artıq idi ki, müəllimlik edirdi. Şagirdlərə musuqinin sirlərini, onun möcüzəli gücünü, gözəlliklərini öyrədirdi. Hər gün sinif otağına daxil olub uşaqların gülər üzünü, parlayan gözlərini görəndə sanırdı ki, dünyanın xoşbəxti odur.

Həmişə dərsə başlamamış hökmən pianoda kiçik bir musiqi ifa etməli idi. Barmaqları pianonun şirmayı dilləri üzərində gəzdikcə sanki bu dünyadan ayrılır, özünü haradasa, əsrarəngiz bir diyarda hiss edirdi. O diyarda yalnız güllər, çiçəklər var idi. Bir də musiqi. Könülləri oxşayan, qəlbləri sızıldadan musiqi. Həm də bu çiçəklər o çaldıqca açırdı. Musiqinin hər bir notu bir çiçək idi. O çaldıqca növbə ilə qızılgüllər, bənövşələr, nərgizlər açır, ətrafda xoş bir mənzərə yaradır, çiçəklərin ətri hər tərəfi bürüyürdü. Bu zaman uşaqlar da susur, səslərini çıxarmadan diqqətlə ona qulaq asır, gözlərini də onun barmaqlarından çəkmirdilər. Onların gözlərində olan parıltı musiqinin onların ruhuna necə təsir etdiyindən xəbər verirdi.
Musiqi alətində ifa etməyi öyrənmək heç vaxt gec deyil - BBC News Azərbaycanca
Musiqi isə dalğalanır, dalğalandıqca onu daha da ilhamlandırır, o da daha artıq həvəslə çalır, onun bu həvəsi uşaqları həyəcanlandırırdı. Musiqi sona çatanda əvvəlcə sinfə dərin sükut çökürdü. Sonra birdən uşaqların alqışları divarları titrədirdi. Bu alqışlar müəllimənin gözlərini yaşardırdı. Sevinirdi ki, onun musiqini duya bilən belə gözəl şagirdləri var. Və onlara bu hissi, bu duyğunu aşılayan odur. Müəllimə ayağa qalxır, sanki böyük səhnədə imiş kimi tamaşaçılarına yüngüncə təzim edirdi. Onun bu cür təzim etməsini görən uşaqlar da ayağa qalxıb daha böyük coşqu ilə onu alqışlayırdılar. Hətta bir dəfə məktəbin direktoru dəhlizdən keçərkən sinifdən gələn bu səs-küyü eşitmiş və qapını sakitcə açaraq nə baş verdiyini öyrənmək istəmişdi. Lakin sinifdə bu mənzərəni gördükdə gülümsəyərək qapını ehmalca örtüb razı halda getmişdi.
Bu gün də dərs həmişəki kimi başladı. Müəllimə şagirdlərlə salamlaşdıqdan sonra piano arxasına keçdi. Sinfə anidən sükut çökdü. Hamı səbirsizliklə müəllimənin bu gün hansı musiqini ifa edəcəyini gözləyirdi. Müəllimə yerini rahatladı, əlini ehmalca pianonun dillərinin üzərinə qoydu. Hansı musiqini çalacağı barədə fikrə getdi. Birdən o, qabaq cərgədə outran qızın çox yavaşdan “Şopen” deyə pıçıldadığını eşitdi. Müəllimə xəfifcə gülümsündü. Barmaqlarını pianonun ağ-qara dilləri üzərində gəzdirdi. Sinfə Şopenin “Noktürn”ünün sədaları yayıldı. Bu zaman o, arxadan astaca deyilən “Ah!” nidasını eşitdi. Bu, yəqin ki, bayaqkı pıçıldayan o qız idi. Arzusunun belə gözlənilmədən həyata keçməsi onu həyəcanlandırmışdı. Bu həyəcan müəlliməni daha da ruhlandırdı. Barmaqlarından süzülən həzin musiqi otağa yayıldı. “Payız fantaziyası” adlı 20 nömrəli Noktürnün bu gün – payızın qızıl vaxtında səslənməsi lap yerinə düşmüşdü.
Uşaqlar nəfəslərini içlərinə çəkib dayanmışdılar. Bütün diqqətləri musiqidə və bu musiqini ifa edən barmaqlarda idi. Sanki bu barmaqlardan ətrafa bir gözəllik yayılırdı, həyat nektarı süzülürdü. Deyəsən, elə belə də idi. Bu ecazkar musiqini ifa edən barmaqlar adi barmaqlar deyildi, ola bilməzdi. Yalnız sehrli barmaqlar belə gözəl ifa edə bilərdi. Şopenin ürəyinin bütün odu-alovu bu dəqiqələrdə müəllimənin zərif barmaqlarına hopmuşdu. Bu od-alov barmaqlardan ağ-qara dillərə keçir, oradan da dalğalanaraq ətrafa yayılırdı. Uşaqlar isə özlərini bu möcüzəli dünyanın tam ortasında hiss edirdilər. Onlardan bəzisi çənəsini əllərinə dirəyərək, bəzisi yerində donmuş kimi dik oturaraq, bəzisi isə ayaq üstə dayanaraq acgözlüklə musiqini dinləyirdi. Oğlanlardan biri isə bir ayağını irəli atıb, bir əlini də yuxarı qaldırıb, ağzını açaraq donub qalmışdı. Onun bu duruşu gülüş doğuracaq dərəcə də cəlbedici idi. Amma heç kim ona fikir vermirdi. Əslində heç onu görmürdülər də. Hamı musiqinin sehrinə düşmüşdü.
Nəhayət, musiqinin son akkordları vuruldu. Müəllimə də bir anlıq şagirdləri kimi yerində donub qaldı. Sonra üzünü onlara tərəf çevirdi. Gözləri yaşarmışdı. Musiqinin sehri onu da özündən alıb aparmışdı. Həmişə olduğu kimi bir anlıq səssizlikdən sonra uşaqların gurultulu alqışları sinfi lərzəyə gətirdi. Amma həmişəkindən fərqli olaraq bu dəfə onlar sanki komanda verilmiş kimi müəlliməyə tərəf qaçdılar. Onu qucaqlayan kim, üzünü paltarına sürtən kim, əlindən öpməyə çalışan kim… Müəllimə isə bu səhnədən daha da kövrələrək əlləri ilə onların hamısını qucaqlamağa çalışırdı. Sonra onları birtəhər yerlərində oturmağa məcbur edə bildi.
Hamı sakitləşəndən sonra növbəti dərsin öyrənilməsi gündəki axarı ilə getməyə başlandı. Müəllimə soruşur, şagirdlər cavab verirdilər. Bəzi notları oxumaq da lazım gəlirdi. Bəzən şagirdlər, bəzən də müəllimə özü ayrı-ayrı musiqi parçalarını oxuyurdular. Müəllimə oxuyanda şagirdlər yenə də susur, ona heyranlıqla qulaq asırdılar. Onun, doğrudan da, gözəl səsi var idi.
Sonra o, uşaqlara növbəti ev tapşırıqlarını verməyə başladı. Bundan ötrü dəftər tutmaq lazım olduğunu onlara xatırladaraq dedi:
-Uşaqlar, musiqidən bir dəftər tutun. Dəftərsiz işimiz çətin olacaq.
-Ay müəllimə, riyaziyyat dəftəri olsun, ya ana dili?
-Fərqi yoxdur. Əsas odur ki, dəftəriniz olsun.
-Neçə vərəq olsun, müəllimə?
-İyirmi vərəqdən yuxarı olsa, yaxşı olar. Çünki yazılarımız çox olacaq.
-Ay müəllimə, qırx vərəq ola bilər?
-Olar, qırx vərəq də olar.
-Müəllimə, bəlkə, yüz vərəq oldu. Onda necə?
Müəllimə güldü. O başa düşürdü ki, uşaqlar bu sualları, sadəcə, onu sinifdən buraxmamaq üçün verirlər. Yoxsa iyirmi vərəqdən artıq deyəndə nə fərqi var, istəyir qırx vərəq olsun, istəyir yüz vərəq. Amma yenə də gülə-gülə cavab verdi:
-Yüz vərəq də olar. Axı bayaq dedim ki, iyirmi vərəqdən artıq olsun.
-Müəllimə, dəftəri bəzəmək olar?
-Səliqəli olsa, əlbəttə, olar.
Bu vaxt sinfin ən sakit şagirdi olan balacaboy bir qızcığaz ona yaxınlaşıb əllərindən tutaraq yavaşdan dedi:
-Müəllimə, sizin belə gözəl səsiniz var, bəs niyə müğənni olmadınız?
-Bəs mən müğənni olsaydım, onda sizin müəlliminiz kim olardi?
Bunu deyib o, balaca qızcığazın başını qucaqlayıb özünə sıxdı. Qızcığazın bu nəvazişdən az qaldı ürəyi getsin. O da balaca əlləri ilə müəlliməni qucaqladı.
Suallar isə dalbadal yağırdı.
-Ay müəllimə…
-Ay müəllimə…
-Ay müəllimə…
-Ay müəllimə…
Ax, bu balaca şirin balaların sualları bitmir ki, bitmir! Hər il də eyni suallar təkrarlanır. Bu dəftər məsələsi isə lap ağır bir məsələyə çevrilmişdi. Dəftərin damalı, yaxud milli olması sanki qlobal bir məsələ imiş kimi böyük bir müzakirə obyekti olmuşdu.
…Müəllimə uşaqlarla sağollaşıb sinifdən çıxmaq istəyəndə qızlar ona yaxınlaşıb bir-birlərinin sözünü kəsə-kəsə dedilər:
-Müəllimə, olar sizi qucaqlayaq?
Müəllimə qollarını geniş açaraq onların hamısını qucaqlayıb bağrına basdı.
Share: