Elmin hamı üçün anlaşılan dili

ALBERT EYNŞTEYN

Müstəqil.Az Rusiyada yaşayıb-yaradan tanınmış yazar-tərcüməçi Araz Gündüzün  Albert  EYNŞTEYNindən  etdiyi “Elmin hamı üçün anlaşılan dili ” tərcüməsini təqdim edir:

Baş verən hadisələrin doğurduğu qıcıqları, – işarələr, səslər, habelə buna oxşar olan başqa vasitələrlə duyurmağa çalışmaq, dilin yaranması yolunda ilk addım olmuşdur. Çox ola bilsin, bu cür saya yollarla biri-biriylə ünsüyyət yaratmaq sürü ilə yaşayan heyvanların hamısında, azdan-çoxdan, vardır.

 

Bu yöndə gözəçarpan sonrakı addım isə, qarşılıqlı anlaşma yolu ilə, gözə dəyən bütün görüntülərə hamılıqla anlaşılan adların verilməsi, qarşıya çıxan bütün hadisələrin doğurduğu qıcıqların, bu adlardan yararlanaraq duyurulması olmuşdur. Artıq bu dönəmdə, dilin, çoxsaylı, qarmaqarışıq hadisələrdən və onların ardıcıllığından duyulanları da, anlada bilmək qabiliyyəti ortaya çıxmışdır. Dil dediyimiz gercəklik, bax belə yaranmışdır.

Dil, hansısa topluluqdakı insanların, qarşılıqlı olaraq, biri-birini anlaması üçündürsə, onda bu dildə danışanlar gərək, şeylərin adlarının, yəni dilin sözlərinin yaranmasında da, baş verən hadisələrin bu sözlərlə anladılmasında da, hansısa bəlli, ortaq qaydaları gözləsinlər. Bu isə artıq insanların bir dildə danışması deməkdir, bu cür dil birliyini yaradan bəlli, ortaq qaydalara alışmaq isə, sonradan, uşaqlıq çağlarından başlayaraq, intuitiv qavrama yolu ilə baş verir. Yaranıb oturuşan bu qaydaların, götür-qoy edilərək qavranılmasından isə, dilin qrammatikası yaranmışdır.

Dillərin yaranmasının ilk çağlarında, ayrıca bir söz, təkbaşına, hansısa bəlli bir hadisədən doğulan qıcığı duyurmaq üçün işlənmişdir. Ancaq sonrakı çağlarda, sözlərin  bəlli durumlarla bu cür birbaşa bağlılıqları aradan qalxmışdır, burada artıq, yalnız başqa sözlərlə birləşməklə nəyisə duyurmağa yarayan sözlər ortaya çıxmışdır (örnək üçün: “olmaq”, “şey” kimi sözləri göstərmək olar). Dilin bu dönəmində, təklikdə götürülmüş bir söz, bəlli bir durumu anlatmır, sözlər öz aralarında birləşərək, ayrı-ayrı, çoxsaylı durumları anlatmağa başlayır. Bununla da, dil yalnız hansısa ilk baxışdan duyulan durumları anlatmaqla bağlı olan asılılıqdan qurtulur, özünün ayrıca çevrəsini yaradaraq, onun içində, öz aralarında qırılmaz əlaqələri olan sözlərdən qurulan, müstəqil bir gerçəkliyə çevrilir.

İnkişafının bu yüksək dönəmində, abstrakt  anlayışlar üstünlük qazanandan sonra, dil artıq insanın düşünmək bacarığını doğuran yeganə vasitəyə çevrilir. Ancaq elə buradan da, dilin yanlışlara, yalanlara uyması qorxusu yaranır. Bundan sonra, baş verən hadisələri haracan düzgün duyura bilməsi, dilin başlıca dəyər ölçüsünə çevrilir.

Dil ilə düşüncənin belə qarşılıqlı və sıx asılılığı nə ilə bağlıdır? Doğrudanmı, dildən yararlanmadan düşünmək olmaz? – tutalım, hansısa, sözlərə çevrilməyən anlayışların, onların birləşmələrinin yardımı ilə düşünmək olmazmı? Bütün aydınlığı ilə qavradığımız hansısa anlayışları sözə çevirmək üçün çalışaraq baş sındırmaq, nəvaxtsa, bizim hamımızın başına gəlməyibmi? İnsanlar biri-birini anlamaq üçün, dildən fərqli bir vasitə tapa bilsəydilər, onda düşüncə də, dildən asılı olmazdı. Ancaq dediyimiz bu, başqa cür yaranacaq düşüncə, çox ola bilsin, insan şüurunu olduqca dar bir çevrəyə qapamış olardı. Deməli, insanın şüurca yüksəlişi də, onun gerçəkliyi qavramaq üçün yararlandığı anlayışların biçimlənməsi, biri-biri ilə birləşərək bütövləşməsi də, dildən çox asılıdır. Elə isə, bir dildə danışmaq, elə bir tərzdə düşünmək anlamına gəlir. Bu baxımdan da, düşüncə ilə dilin biri-biri ilə çox sıx bağlılığı vardır.

Elmin dili, danışmağa alışdığımız dildən nə ilə seçilir? Elmin yararlandığı dilin hamı üçün anlaşılan olması nə deməkdir? Elm, özünün yaratdığı anlayışların olduqca aydın, mükəmməl görünməsinə, onların arasında qarşılıqlı əlaqənin olmasına, eləcə də, bu anlayışların duyurmaq istədikləri gerçəkliklərə büsbütün uyğun gəlməsinə çalışır. Bu dediklərimizi aydınlaşdırmaq üçün, Evklid həndəsəsi ilə Cəbrin yararlandığı elmi dilə, örnək olaraq, baxa bilərik. Burada, öncə, az sayda: ədəd, nöqtə, düz xətt kimi, asılı olmayan anlayışlarla simvollar ortaya qoyulur, bununla yanaşı, bu anlayışların biri-biri ilə necə birləşə bilməsi üçün təməl prinsiplər də, göstərilir. Yaradılmış bu təməlin üzərində isə, ardıcıl olaraq doğruldulan yeni teoremlər və anlayışlar qurulmağa başlayır. Ən başlıcası, burada, anlayışlarla teoremlər arasındakı bağlılıq da, bunların hər ikisinin, duyurmaq istədikləri gerçəkliyə uyğunluğu da, yetərincə inandırıcı olan sayma və ölçmələrlə sınanaraq  yoxlanıla bilir.

Elmin dilinin milli dillərdən üstün olması isə, bu dili sürəkli olaraq bütün xalqların içərisindən çıxmış, ən idraklı, ən uzaqgörən şəxslərin yaratmasından qaynaqlanır. Onlardan hər biri, öncə ayrılıqda, sonradan isə bu biliklərin yayılması ilə bağlı olaraq, demək olar  ki, birlikdə, uzun illər boyunca, insan ruhunu yetərincə silahlandıra bilmiş və son yüzildə insanın həyatını kökündən dəyişmiş böyük texniki çevrilişin baş tuta bilməsinə yol açmışlar. Onların yaratdığı anlayışlar sistemi, yanlış duyğularımıza qapılaraq düşdüyümüz anlaşılmaz xaosdan çıxmaq üçün ipucu olmuş, ayrı-ayrılıqda aparılan müstəqil sınaqları necə bütövləşdirib, gerçək biçimlərə salmaq yollarını bizə öyrətmişdir.

Elmin göstərdiyi yolla getmək, insanlığı hansı uğurlara çatdıra, hansı təhlükələrlə qarşılaşdıra bilər? Məncə, bu sualı belə qoymağın özündə bir yanlışlıq vardır. İnsanların əlində olan hansısa bir qurğunun nə isə yarada bilməsi, birbaşa, insanların özlüyündə hansı işi görmək istəyindən asılıdır. Öncədən hansı işin görüləcəyi bəlli olanda, elm də, bunun üçün hansı yolu seçməyin lazım gəldiyini göstərə bilir. Yoxsa elm, özü-özlüyündə, qabaqcadan, hansı işi görməyin lazım olduğunu anlada bilməz. İnsanlarda gerçəkliyi bütün aydınlığı ilə qavramaq istəyi olmasaydı, hansısa elmi yoldan danışmaq bir yana, elmi yolun özünün yaranmasından belə söz ola bilməzdi.

 

Mənim düşüncəmə görə, indi yaşadığımız  yüzillik, ortalıqda olan problemlərin üzə çıxarılaraq aradan qaldırılması üçün ən yaxşı vasitələrin tapılması yönündəki çalışmalırına görə, özündən öncəki yüzillikləri çox-çox üstələyir. Biz, bütün insanlığın qorxusuz, azad yaşamasını, yaxşı ömür sürməsini ürəkdən istəyiriksə, onun bu uğura çata bilməsi üçün gərəkən vasitələri də, axtarıb tapmalıyıq. Bu istiqamətdəki axtarışları, insanların arasındakı çox kiçik bir hissəni təşkil edən elm adamlarının aparmasına baxmayaraq, onların bu çalışmalarının necə gərəkli olduğunu gələcək özü göstərəcəkdir.

1942-ci il.

Rus dilindən çevirdi Araz GÜNDÜZ

 

Share: