Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır

Konstitusiya hüququ cəmiyyət, dövlət, müxtəlif birliklər və şəxsiyyət üçün təməl əhəmiyyətə malik ictimai münasibətlər sahəsini tənzimləyən hüquq normalarının (qaydaların) məcmusudur. Bəzi ölkələrdə (Almaniya və s.) bu hüquq sahəsinin analoji adı qismində “dövlət hüququ” terminindən istifadə olunur, sovet dövründə ölkəmizdə də bu termin işlədilmişdir.

Əksər dövlətlərdə konstitusiya hüququnun əsas mənbəyi digər hüquqi  aktların və hüquqi təcrübənin uyğun gəlməli olduğu Əsas qanun – Konstitusiyadır.  Konstitusiyanın normaları ən ümumi müddəaları təsbit edir, digər hüquq sahələri (mülki, əmək və s.) bu müddəalara əsaslanaraq onları inkişaf etdirir və konkretləşdirir. İslam dövlətlərində Quran konstitusiya hüququnun əsas mənbəyi hesab olunur. Bu ölkələrdə Konstitusiyalar, qanunlar, digər aktlar, ictimai həyatın nizamı Qurana və sünnəyə uyğun olmalıdır.

Konstitusiya hüququ normaları habelə parlamentlərin qəbul etdiyi  qanunlarda, dövlət başçılarının fərmanlarında, hökumətin qərarlarında, konstitusiya nəzarəti orqanlarının qərarlarında təsbit olunur.  Bəzən konstitusiya hüququnun mənbələri qismində məhkəmə presedentləri və konstitusion adətlər də çıxış edə bilər.

Konstitusiya hüququ dövlətlərin hüquq sistemində hüququn ayrıca sahəsi kimi digər sahələrdən daha sonra fərqləndirilmişdir. Müasir dövrdə konstitusiya hüququ normaları ilə tənzimlənən ictimai münasibətlər eynicincli deyil, dünyada müxtəlif idarəetmə formaları, dövlət-ərazi quruluşları, dövlət orqanları mövcuddur. Lakin bütövlükdə və ümumiyyətlə, konstitusiya hüququ həmişə münasibətlərdə təməl əlaqələr sistemini tənzimləyir: şəxsiyyət – kollektiv (birlik) – cəmiyyət – dövlət. Bu münasibətlər müxtəlif ictimai-siyasi qüvvələrin əməkdaşlığı və çəkişməsi əsasında qurulur və , qeyri-siyasi qüvvələr və son dövrdə ictimai qaydanın qorunması və sözün ən geniş mənasında başa düşülən ictimai asayişin qurulması və qorunması üçün istifadə olunan dövlət hakimiyyəti tərəfindən tənzimlənir. Konstitusiya hüququnun normaları ilə tənzimlənən belə ictimai münasibətlər konstitusion-hüquqi münasibətlər təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında göstərilir:  “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

– xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

– ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”.

Müasir Azərbaycan Respublikasının konstitusiya hüququnun prinsipləri  ölkəmizin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla, ümumbəşəri dəyərlərin  tanınması və həyata keçirilməsi əsasında təşəkkül tapmışdır. Bu prinsiplərə aşağıdakılar aiddir:

-xalq hakimiyyəti: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” (1-ci maddənin 1-ci hissəsi);

-xalqın vahidliyi: “Azərbaycan xalqı vahiddir.  Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir” (5-ci maddə);

-respublika idarə formasına malik demokratik, hüquqi,  dünyəvi, unitar dövlət: ”Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi,unitar respublikadır” (7-ci maddənin 1-ci hissəsi);

– dövlət hakimiyyətinin qollara bölünməsi: Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

– qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

– icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

– məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir (7-ci maddənin 3-cü hissəsi);

-ən yüksək dəyər kimi insan və onun hüquqları: insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (12-ci maddənin 1-ci hissəsi);

– sosial rifah: Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır(16-cı maddənin 1-ci hissəsi).

Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası şəxsiyyətin hüquqi  statusunun əsaslarını, cəmiyyətin iqtisadi və sosial quruluşunu, siyasi sistemi  təsbit edir. Şəxsiyyətə tətbiqən konstitusiya hüququ insanın əsas hüquqlarını, azadlıqlarını və vəzifələrini, onların həyata keçirilməsinin və qorunmasının təminatlarını müəyyən edir. Əsas Qanun sosial-iqtisadi sahədə mülkiyyətin toxunulmazlığını və mülkiyyət münasibətlərinin əsaslarını təsbit edir. Konstitusiyada habelə  Azərbaycanda  siyasi institutların təşkilinin əsasları müəyyən olunur.

Konstitusiya hüququnun institutlarının və normalarının məcmusu konstitusiya hüququnun yarımsahələrini əmələ gətirir. Konstitusiya hüququ normalarının əksəriyyəti hakimiyyət münasibətləri ilə bağlı olduğundan, vəzifə müəyyən edici, qadağanedici və göstəriş xarakteri daşıyır. İcazə normaları, əsasən, şəxsiyyətin hüquqi vəziyyətinin tənzimlənməsində tətbiq olunur.

Konstitusiya hüquq münasibətlərinin subyektləri qismində hüquqi faktlar nəticəsində arasında konstitusion-hüquqi münasibətlərin yarandığı tərəflər    çıxış edirlər. Konstitusion hüquq münasibətləri, ilk növbədə, tərəflərin hüquq və vəzifələrində ifadə olunan fərdi, konkret hüquqi əlaqələrdir.

Ümumi hüququn digər sahələrində olduğu kimi, Konstitusiya hüququnda  dövlət idarəetmə orqanlarının fəaliyyəti zamanı hüquqlar və vəzifələr çox zaman vəhdət şəklində səlahiyyətlər kimi çıxış edir. Konstitusion-hüquqi münasibətlərin  subyektləri  qismində sadəcə fiziki və hüquqi şəxslər deyil, belə şəxslərin  müəyyən növləri çıxış edir.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbitini tapmış müddəalar əsasında geniş konstitusiya qanuinvericiliyi (konstitusiya qanunları və qanunlar)  qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanları, Azərbaycan Respublikası Hökumətinin ayrı-ayrı qərarları konstitusion-hüquqi tənzimləmə sahəsinə aiddir.

Konstitusiya hüququ sistemi konkret dövlətin milli xüsusiyyətlərindən asılıdır, lakin bir qayda olaraq şəxsiyyətin hüquqi statusunun əsaslarını, dövlət və ictimai quruluşun əsaslarını,idarəetmə formasını və dövlət quruluşunu, seçki   sistemini, dövlət hakimiyyətinin təşkilini, yerli özünüidarənin əsaslarını ehtiva edir.

Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin əsaslarını  təsbit edərək nəzərdə tutur ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.  Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir.

Konstitusiyada referendum institutuna xüsusi diqqət yetirilir: “Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi”( 3-cü maddə).

Əsas Qanun təsbit edir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

Əsas Qanun nəzərdə tutur ki, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.  Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.

Konstitusiyaya görə, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Əsas Qanun təsbit edir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin Əsas  Qanunu kimi hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır. Buna görə də Konstitusiyaya riayət etmək və onun müddəalarına hörmətlə yanaşmaq, dönmədən riayət etmək hər birimizin vətəndaşlıq borcudur.

Şükürov Nəsib

Hüquq üzrə fəlsəfə doktoru

Bakı Dövldət Universitetinin dosenti

Konstitusiya hüququ üzrə ekspert.

 

Share: