Natəvan Dəmirçioğlunun “AÇAR” romanının bir parçasından təssürat

Təxminən iki ay əvvəl Natəvan Dəmirçioğlunun “Ədəbiyyat” qəzetində dərc olunmuş “Açar” romanından bir parçanı bu gün, səhərin erkən çağında oxudum. Bir qədər obrazlı desəm, onu bir dolça su kimi içimə çəkdim. Ondan aldığım zövq məni çox duyğulandırdı…

Əvvəl onu deyim ki, yazı mənə bitkin bir əsər təsiri bağışladı. Bilmirəm, bəlkə də bu parça elə romanın girişidir. Burda diqqəti ayrı-ayrılıqda təsvir olunmuş üç epizod çəkir. Və oxuduqca da gördüm ki, bu hissələr biri digərini doğurur,  bədii keçiddə bir-birilə fikrən, ruhən çox bağlıdır…

Alatoran çağının insan ovqatında, gözündə-könlündə yaratdığı rahatlıq… Sübhün təsviri, xüsusən də kənddə açılan səhərlərin əsrarəngiz tablosunu xatırlatdı. Təbiəti bütün çalarları ilə gözümüzün qarşısında canlandırması mənə uşaqlıq, yeniyetmə çağlarımın rayon həyatını, hər açılan səhərdən duyduğum gözəlliyi, rahatlığı yenidən yaşatdı. Bu, əsərin ilk epizodudur…

Səhərin alatoran çağının ecazı, əslində heç vəchlə solub-sozalmayan, gözümüzü, könlümüzü təravətləndirən gerçək həyatın özüdür. Fəqət, onun gözəlliyini, mübhəmliyini, füsunkarlığını indi əvvəlki fərəhlə, duyğusallıqla yaşaya, duya bilmirik. Gözümüzdə nə səhərin bakirəliyinin, ruhu dincəldən paklığının şövqü qalıb, nə də onu canımızda, qanımızda hiss etməyə, yaşamağa marağımız. Amma təbiətin yaradılışı əbədi olan doğallıqdır. İnsanın yaşadığı həyat necə bir ağrı-acılarla süslü olsa, təbəddülatlar içərisində keçsə də təbiət öz qaydasınca insanların üzünə gülür. Səhərlər yenə də gecənin bətnindən bakirə bir varlıq təki doğulur. Canlıların əşrəfi insanlar bunun fərqində olub duysa da, duymasa da təbiət özünün yaratdığı yepyeni, əsrarəngiz tablosu ilə hər gün beləcə oyanır…

Natəvan Dəmirçioğlu bu epizodla bizdə gözəl bir ovqat yarada bilib. Bu epizod yadımıza yaşadığımız həyatın nisbətən sakit, nizamlı çağlarını xatırladır. Amma… Az qala bir qərinəyə yaxındır ki, növrağımız taran olub, dədə-baba torpaqlarımızın düşmən tapdağı altında inləməsi, yurd itkisi həyatımızın nizamını pozub, param-parça bir ömür yaşayırıq.

  İkinci epizod…

Bəlkə də çavuş Eldar təbiətin yaratdığı bu adi həqiqəti duyar, ondan zövq almağı bacarardı, təəssüf ki, müharibə onun da həyatının yönünü dəyişib. Lakin döyüşlərin mərkəzində olsa da hələ çox şeyə alışmayıb, bişməyib. İndiki halda qarşısında təcrübəli, dəqiq taktikaya malik olan komandirinin fəhminə, cəsurluğuna heyrandı. Ondan öyrənmək, onun kimi olmaq istəyir. Çavuş onunçün qaranlıq olan məqamlara aydınlıq gətirməkdən ötrü komandirinə suallar verir. Suallar zahirən sadə, adi görünsə də sonda aldığı cavab döyüş taktikasının bir cəhdi, sirri kimi onda maraq doğurur. Zabit, maqazində güllə qurtararkən onu dəyişməyə nə qədər vaxt sərf olunduğunu çavuşdan xəbər alır və həmin saniyələrdə qarşı tərəf bu işlə məşğulkən düşmənə bəlli olan yerini dəyişməyin, gözdən yayınmağın əsl məqamı olduğunu ona anladır.

Mən söhbətin məğzini nəzərə çatdırdım, amma dialoqu oxuyan oxucu müəllifin də sanki cəbhə həyatına bələd olduğunu (sonrakı hissələrdə yəqin ki, hələ çox hadisələr, qaydalar, taktika ilə tanış olacağıq) düşünməyə əsas verir. Axı müharibədən yazan yazıçı ən azından özü də bəzi döyüşlərin canlı şahidi olmalıdır…

    Epizodun üçüncü qanadına keçid…

Gəlin novruz bayramına hazırlaşır. Təmizlik işləri ilə məşğul olur. Bir qadının novruzqabağı görəcəyi işlər burda elə bir məhəbbətlə, yeni biçimdə təqdim olunur ki… Gəlin səksəkədə, xəyallar içindədir… Düşünür ki, əri yanında olsaydı, ona kömək edərdi, pərdələri çıxarıb verər, o da yuyardı. Burda kişini ev işlərinə cəlb etməkdə məqsədi bambaşqaydı: “Qonşu psixoloq deyir ki, kişiləri ev işlərinə cəlb edə bilsəniz, bu, sizin uğurunuzdur. O kömək fiziki cəhətdən, bəlkə də, elə böyük bir mahiyyət daşımasın, amma bir sıra məqamlar üçün çox gərəklidir: münasibətləri yaxınlaşdırır, evdə ümumi dostlaşma-yardımlaşma aurası yaradır, uşaqlara psixoloji cəhətdən müsbət təsir göstərir, onların da ailə işlərinə qoşulması zərurətini uşağın şüurunun altyapısına yükləyir və üstəlik, ev işlərinə cəlb olunan kişilərdə kobud hərəkətlər, digər qaba davranışlar xeyli nizamlanır. Ağlabatandır” – deyə düşündü.”

Bunlar ailə mühitində ər-arvad arasında başqa bir doğmalıq, birgəlik yaratmağın yolu, ştrixləridir. Bu fikirlər olsun ki, yazıçının həyati müşahidələrindən doğub, əsərdə rəngarənglik olsun deyə, qonşunun fikirləri kimi mətnə daxil olub. Deyim ki, bu hissə əvvəlkilərdən daha yüklüdür. Müəllif burda bir güllə ilə neçə hədəfi nişan alır. Hamısı da uğurlu… Müharibədə olan əri ilə münasibətini xatırlaması, həsrətlə, həyəcanla onu gözləməsi, düşüncələr içində çabalaması, cəbhədə gedən döyüşlərlə bağlı verilən məlumatlara analitik yanaşmaları, daha nələr yeni ab-havada, özünəməxsus üslubda, həm də görüntülü təsvir olunur. Yəni oxucu bu təsvirləri gözünün qarşısında canlandıra bilir…

Qadının fikri-zikri ərinin yanındadı. Bilir ki, imkanı olan kimi zəng edəcək. Amma ondan bir xəbər yoxdi. Gəlin nigarandı, təlaşdadı. Və gözləmədiyi halda qapı açarla açılır… Burda gənc ər-arvadın görüş səhnəsi… tam yeni, bənzərsiz bir təsvirlə düşüncəmi sardı. Düymələri açılmış gödəkcəsinin yaxasından ərinin odlu sinəsinə sığınmış qadının sevgi-sevinci ürəyində alışır… “Gəlin əllərini ərinin qalın gödəkcəsinin altından salaraq, çiyinlərindən üzüaşağı sürüşdürərək, kürəyinə doğru aşağı salladı. Zərif, kiçik əllərini onun kürəyində gəzdirdi. Kənardan baxan onları bir adam zənn eləyə bilərdi. Əri gödəkcəsinin hər iki tərəfini tutub üst-üstə gətirdi və sağ əlində qalmış kəməri qalın üst paltarının belindən dolayıb gəlinin kürəyində bağladı. İndi qucaqlaşmış şəkildə hər ikisinin belində eyni qalın zabit kəməri var idi. Onun bu jestinə gəlin uğunub getdi…”

Görüşün, istəyin yepyeni təsviridi, deyilmi?.. Vüsalın ən şirin, vəsvəgəlməz anları… Həyat, sevgi… bəlkə də sonu ölüm olacaq. Bəlkə də ondan o yana xatirələr od alacaq… Müəllifin təsvir-vəsvini oxuduqca sanki bir cərəyan keçdi canımdan, təsiri isə yəqin ki, uzun müddət tərk etməyəcək düşüncəmi…

Qadının yatağına girməsi, səliqə-sahmanı pozmadan quş yuxusuna dalması, döyüşçünün qəflətən evində peyda olması, vanna otağında yuyunması, qaynar çaydan aldığı bir neçə qurtumu, telefonun boşalmış daşını doldurmaq üçün elektirik yuvaya salaraq gözləməsi, telefonuna gələn qəfl zəng (təcili geri çağrılması), yuxuda olan körpəsini oyatmadan ayaqlarından öpməsi, qəfl gəldiyi kimi, qəfl də yığışıb evdən çıxması 10-15 dəqiqə çəkir. Bütün bunlar, üstəlik gəlinin ürkək düşüncə-tərpənişi, ərinə, ailəsinə böyük ürəyilə bağlı olması elə bir ustalıqla, zəngin, şirəli dillə təsvir olunub ki, burda bir detal, bir hərəkət belə oxucunun diqqətindən yayınmır. İlıq bir cazibə onu çəkir. Və romana qızğın bir maraq da burdan başlayır.

Elə bu parçadan görünür ki, müəllif romanını yazmaqdan ötrü böyük hazırlıqdan keçib. Süjetdəki hadisələr bədii təxəyyülündə cilalanıb. Natəvan Dəmirçioğlunun təhkiyə dili çox rahat, rəvan və lakonikdir. Yazıçının qəhrəmanı (yəqin ki, qəhrəmanlarından biri), əri cəbhədə olan cavan gəlin bütün hərəkətlərində, düşüncəsində, danışığında ismətli ləyaqətli analarımızın həyat vərdişlərinə doğmalığı, bağlılığı ilə bizdə rəğbət doğurdu…

Uğur olsun, Natəvan xanım.

Şəfəq Nasir

 “Respublika” qəzetinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist

05.08.2020. səhər saatları: 7.15-8.45.

 

mersin escort