QULPU QALMIŞ ÇANTA… – Aysel Nəsirzadə

QULPU QALMIŞ ÇANTA
 
Qışın oğlan çağı idi. Bakıya ilk dəfə illərdən bəri yağmayan qar yağmış, şəhər ağ libasını geyinmişdi… O gün nə vaxtdan həsrətlə (ehtiyacım olduğu üçün) yolunu gözlədiyim təqaüdümü almışdım. Dərsdən həmişəki vaxtdan bir az gec çıxdıq və tələbə yoldaşlarımla bərabər metroya gəldik. Metroda o qədər adam var idi ki, üç qatarı yola salandan sonra növbəti gələn qatara minə bildik. Metrodan çıxanda hava tamam qaralmışdı. İlk dəfə tək başıma qaranlıqda evə gedirdim. İçimdə qorxu yox idi desəm, yalan olardı. Təqaüdd də aldığıma görə lap qorxurdum. Deyirdim birdən kimsə izləyər, bilər… nəysə… Metrodan çıxdıqdan sonra olmayan dayanacağa tərəf irəlilədim. Olmayan dayanacaq-adamlar harda çox yığılırlarsa, ora da “dayanacaq” olur.
Bu naməlum dayanacaqda hər kəs kimi mən də bizim qəsəbəyə gedən avtobusu gözləyirdim.
Qəsəbəyə gedən düz beş avtobus keçdi amma birinə də minə bilmədim. Minmək mümkün olmurdu. Avtobus dayanacağa yaxınlaşan kimi adamlar bir-birini ayaqlamaq bahasına olsa belə avtobusa minirdilər. Mən də kənarda soyuqdan donmuş vəziyyətdə, nə vaxt avtobus boş geləcək və mən də avtobusa minəcəyəm deyə düşünürdüm. Elə düşünə-düşünə, öz içimdə danışa-danışa bir addım irəli atırdım ki, ayağım çuxura düşdü və çəkməmin altı deşildi, su keçirməyə başladı. Ayaqlarımı demək olar ki, buz kəsirdi. Həm soyuqdan, həm də avtobusa minə bilmədiyim üçün məni ağlamaq tutmuşdu. Amma yenə öz-özümə ”Sən uşaq deyilsən artıq böyümüsən heç kimdən də qorxmamalısan, gələn avtobuslardan birinə gec də olsa mütləq minəcəksən”deyə təsəlli verirdim.
Yarım saatdan çox gözləməyimə baxmayaraq, yenə də qəsəbəyə gedən heç bir avtobusda yer tapıb minə bilmirdim.
Elə bu vaxt kimsə mənə tərəf yaxınlaşıb “ay bala, deyəsən ilk dəfə belə halla rastlaşırsan, niyə kənarda dayanmısan, bu gedişlə sən səhərə qədər avtobus gözləməli olacaqsan. Bir cəhd et keç irəli” söylədi.
O, yaşlı, saçları ağarmış, beli bükülmüş bir kişi idi. Sonra öyrəndiyimə görə burda “dispecir”işləyir.
Mənim də soyuqdan dişim dodağımı kəsirdi. Səsim titrəyə-titrəyə cavab verdim.
Hə baba, ilk dəfədi ki, belə halla rastlaşıram, biri də boş gəlmir ki, minib gedəm. Burda soyuqdan dondum.
Qoca baxıb gülümsədi, əlini avtobusa minmək üçün bir-birini itələyən caamata tərəf uzadıb dedi:- Eh, ay bala,görmürsənmi necə avtobusa minmək üçün abırlarından-həyalarından keçiblər. Hələ o cavan oğlanların hərəkətinə fikir ver. Nə qadın bilirlər, nə qız bilirlər, nə də böyük kiçik yeri… Avtobus gələn kimi hamıdan birinci qaçıb minirlər. Əşşi onları da qınamalı deyil, onlar da evə getmək istəyirlər. Onların da narahat halda yollarını gözləyən var axı. Nə deyəsən, kimdən deyəsən günahı kimdə görəsən…?!
Mən demək olar ki, ayaq dırnağımdan saçlarıma qədər buzlamış, buz heykəlinə dönmüşdüm. Ağzımı açıb fikrimi belə, bildirə bilmədim. Bildirsəydim deyərdim ki, babam dediyinə görə Sovetin heç nəyini bəyənməsə də bir nizam-intizamını bəyənərmiş. Bəlkə bu sözün heç yeri yox idi deməyə, amma nəysə də fikrimdən keçdi.
Avtobus gəldi, qoca ciddi cəhdlə irəliləyib avtobusun sürücüsünə yaxınlaşdı. Nə danışdılar bilmirəm, əl edib məni yanına çağırdı. Sürücüyə dedi bu mənim nəvəmdi “N”qəsəbəsinə gedir. Sürücü də sağ olsun bir təhər yer edib məni avtobusa mindirdi. Dönüb qocaya sağ olun deyəcəkdim ki, bir də baxdım ayaqlarım yerdən kəsilib. Bir təhər yer tapıb ayaqüstə dayandım. O qədər adam minmişdi ki, avtobusda addım atmağa yer yox idi. Bu vaxt ”Telefonum kim oğurladı?”deyib ucadan qışqıran bir adam aləmi bir-birinə qatdı. Hamı soyuqdan donmuşdu kimin nəyinə lazım idi kimin telefonu itdi, kimə nə oldu?! Oğrular da qarışdı doğruların arasına səslərini çıxarmadı. Bir onu bildilər ki, adamı var gücləri ilə avtobusdan yerə saldılar “get yerdə axtar”deyə. Mən də fərasətli tərpənib tez mobil telefonumu qolumdan asdığım çantadan çıxarıb əlimdə saxladım ki, birdən mənim də telefonum oğurlayarlar.
Artıq qəsəbəyə çatmışdıq. Adamlar bir-birlərini itələyə-itələyə avtobusdan düşürdülər. Mən də çantamın qulpundan bərk-bərk yapışıb gözləyirdim ki, bir az avtobusdan adam boşalsın çantamdan yol pulumu çıxarım, rahat düşüm, əsas o idi ki, qəsəbəyə çatmışdım. Elə əl atdım ki, çantadan pulu çıxarım, baxıb gördüm ki, çantamı kəsib götürüblər. Nə qədər hay-haray etdim nə xeyri var çanta getmişdi içində də nə vaxtdan bəri həsrətlə gözlədiyim təqaüdüm. Bir sözlə də olan olmuşdu. Sürücü də əlimdə çantanın qulpunu görüb heç yol pulu da istəmədi. Kor-peşman əlimdə çantanın qulpu evə yollandım.
Haa, bu arada unutmadan deyim ki, nə yaxşı fərasətli çıxıb mobil telefonu əlimdə saxlamışdım yoxsa o da əldən gedəcəkdi.
 
AYSEL NƏSİRZADƏ
2007
Müstəqil.az
Share: