ANAsız günlərimin şeirləri

Afaq ŞIXLI
ANAMA
Ana, neçə gündür sənsiz qalmışam…
O dünya sənlidir, bu dünya sənsiz.
Səndən olan gündən səndən olmuşam,
Bilməm səninləyəm bu gün, ya sənsiz…
Belə də gizlicə getmək olarmı?
Qoy üzü gülməsin heç ayrılığın!
Görəsən, anacan, anası varmı
Zalım ayrılığın, puç ayrılığın?
Xətrinə dəyməyim gəlmir yadıma.
Gəlsəydi, bəlkə də ölərdim, ana!
Uzaq təsəllilər yetmir dadıma,
Yol olsa yanına gələrdim, ana!
Sən demə qismətdə həsrətqabağı
O gözəl üzündən öpmək də yoxmuş!
Səni öz qoynuna alan torpağın
Üstünə göz yaşı səpmək də yoxmuş!
Sən mənim ömürlük elə yaramsan –
Nə qanı quruyar, nə göz bağlayar.
“Ana” demədiyim əziz anamsan!
Səni saçımdakı hər tel ağlayar.
16.04.20.
ANA!
Gündüzlər dərdini boğur içində –
Ürəyim gecələr ağrıyır, ana…
Param-parça edir intizar məni,
Yoxluğun ömrümü doğrayır, ana!
Qismətdə yoxdusa duyulmaz haray,
Arzudan yol olmaz, ümiddən – saray.
Deyirdik, səninlə görüşək bu yay…
Bilmədik bəs fələk nə sayır, ana?!
İlahi… elə bil, zaman sıxılıb,
Yerlər acı çəkir, göylər yıxılıb..
Sənə deyiləsi sözlər yığılıb, –
Mənə bir yuxuluq vaxt ayır… Ana!..
25.05.20.
ANAM
Yordu hamı üçün özünü anam,
Amma bir kəsi də yormadı… getdi.
Çox arzu-murazı yetdi kamına,
Təkcə bir arzuya varmadı, getdi…
Evinin önüydü – “Axundov bağı”,
Gəzməyə çıxardıq hər axşamçağı…
Özü sağaldardı oğul-uşağı,
Könül yaramızı sarmadı, getdi.
Gözü yol çəkərdi, bilmirəm niyə,
Təsəlli verərdi : “Ölüm haq”, – deyə.
Saatı qurmuşdu sabah yeddiyə,
Amma heç yuxudan durmadı… getdi.
1 Aprel günündə, söküləndə dan –
Ana olduğum gün oldum anamdan.
O səhər ilk dəfə… telefonumdan
Qızının halını sormadı, getdi.
25.05.20.
DAHA MARAQLIDIR O DÜNYA MƏNƏ!
Daha maraqlıdır o dünya mənə!
Orada atam var, anam var mənim.
Orada üzünü görə bilməyib,
Sevə bilmədiyim balam var mənim.
Orada şıx babam, vəfalı nənəm,
Nəslimdən, soyumdan neçə igid var.
Orada bu yurdu vətən eyləyən,
Minlərlə, canından keçən şəhid var.
Orada, bilirəm, başqadır dövran,
O, gözüdönmüşlər dünyası deyil.
Mənsəbə sığınan, pula tutunan,
Diriykən ölmüşlər dünyası deyil!
Yamana – cəhənnəm, yaxşıya – cənnət,
Həqiqət, ədalət, düz dünyasıdır!
Nə qərib yox orda, nə də ki, qürbət,
O dünya – hər kəsin öz dünyasıdır!
04.06.20
BU PAYIZ…
(anama)
Gözümü yumuram:
öz otağında,
ya da ki
mətbəxdə – iş başındasan.
Sənsə…
görmədiyim cənnət bağında,
bəlkə də
ömrünün ən xoş çağında –
otuz yaşındasan,
qırx yaşındasan.
Dünyaya gəlişim
dərd olub sənə –
həsrətə adanıb bir ana ömrü.
Bəxtimə yazılan –
sənli beş sənə!
İndi mən neyləyim,
ana, desənə,
qərib sənsizlikdə viranə ömrü?
Çox idi arzular,
çoxdu diləklər,
birlikdə gedəcək yerimiz vardı, –
Niyyət eyləyərdin
qarışanda şər…
Bilmirdin araya ayrılıq düşər!
Könlümüz açılsa,
yəqin ki, ana,
bu dünya bizlərə düşmən olardı!
…Bu iyun gecəsi –
yuxulu, sərsəm.
Mən fikir içində –
ayıq və oyaq.
Qismətimiz acı,
həsrətimiz – şən,
O payız doymadıq
bir-birimizdən,
Bu payız
səninlə həsrətdən doyaq!..
23.06.20.
DOĞUM GÜNÜM ÜÇÜN…
Söz var ki, kiməsə açıb deyərsən,
Söz var ki, ölüncə qəlbində yaşar.
Uşağa dönərsən yaşlandıqca sən,
Ümidlər zənnində yanılar, çaşar.
Sevgimi insanın qəlbinə dəyən?
Hər kəsin sevdiyi bir zaman olur, –
Dünən “sən nə yaxşı doğuldun” deyən,
Bu gün doğduğuna peşiman olur.
 
Getmək əldə deyil. Neçə ki, varsan,
Yollar sürükləyər belədən-belə…
Elə tutularsan, elə dolarsan,
Bəlkə heç göylər də tutulmaz elə.
Kimsə əzizlənər, kimsə nazlanar…
Sənsə darılarsan hər doğum günü.
Bir də, şam yerinə ürəyin yanar,
Əlində tərs düşər sovqat düyünü.
Ömrünün astarı çönüb üzünə,
Dünyaya gəlişin açılı bir sirr –
Nə olub-keçibsə sən olan sənə
Üzünə vuranlar tapılır bir-bir.
“Yaxşı ki, doğuldun!” – söylə özünə!
Sənin bəraətin – şeirlərindir!
18-24.06.2020.
Share: