Mən yalana müxalifəm… – Arif Pənahoğlu

MÜXALİFƏM
Göz açandan bu vətəni talan gördüm,
mən talana müxalifəm,
Aldadıldıq, parçalandıq zaman-zaman,
mən yalana müxalifəm,
Yumruq kimi birləşməyə, aman vermir şər qüvvələr,
Mənliyini vara satıb,
büt önündə alçalana müxalifəm.
Müxalifəm gözü açıq, beyni yatmış adamlara,
Müxalifəm, sabahını düşünməyən, başı batmış adamlara.
Haqq səsini ucaltmayıb, komasında ac qalana müxalifəm.
Qan içənin çıxışına ağzı açıq, arsız-arsız əl çalana, müxalifəm.
Gecə-gündüz övladının gələcəyin düşünməyən “vətəndaşa”,
Öz yurdunun taleyinə gözün yuman qəlbi daşa,
Nə o yanlıq, nə bu yanlıq, ortalıqda süst qalana, müxalifəm.
Məddahlıqla, yaltaqlıqla, pillə-pillə “ucalana” müxalifəm.
Qiyafədə din pərdəsi, dişlərində qan gəzdirən,
Cildən-cildə, rəngdən-rəngə, dəbdən-dəbə don gəzdirən,
Onun-bunun qucağında bardaş qurub, “ney” çalana müxalifəm.
Kürəyimdə dağ sandığım, tanıdıqca usandığım, təpə-təpə alçalana müxalifəm.
İqtidara – otuz ildi ümidləri puç eləyən, vədə, mifə, müxalifəm,
On nəfəri hissə-hissə itirərək üç eləyən,
İqtidara “müxalifə”, müxalifəm.
İmarəti, sarayları uc bucaqsız – öz dünyası dar olana, müxalifəm.
Bu gün üçün öz qınında “var” olana
müxalifəm.
Arif Pənahoğlu
Müstəqil.az
Share: