GÜNƏŞİN ÜZÜNƏ BAX… AĞACA SÖYKƏN, DARIX…

Dos.Dok.Esmira Fuad

Yazıma bu başlığı təsadüfən seçmədim… Çünki eynilə şeirində təsvir etdiyi kimi, bir şəkli var Fərqanənin… Ağaca söykənib günəşə baxır və… darıxır, həm də çox… İlkbaharın astanasında doğulub elə baharın oğlan çağında, doğanın gül-çiçəkləri ilə insanın üzünə güldüyü bir zamanda dünyadan köçünü çəkdi (Sən demə,  Fərqanənin “Mən sənə darıxmaq öyrədəcəyəm” adlı şeiri varmış, bilməmişəm və… yəqin vəhyin diqtəsi ilə yazıma bu başlığı seçmişəm)…

Düşünürəm ki, “Təndir” şeiri ilə sevdiyim Fərqanə elə ən çox bahar üçün darıxıb… Əyninə özgə don geyməyən, Təndir tüstüsündən yüz don geyinən, Başını bir kəsə əyməyən, Təndirə çatanda min yol əyilən anası və həyətlərindəki o təndir üçün darıxıb, itirdiyi əzizləri və bütövlükdə bir xalq, millət olaraq kayb etdiyimiz dəyərlər, dədə-baba torpaqlarımız, artıq keçmişə dönmüş bəxtəvər çağlar üçün darıxıb… Bütün bunlar, darıxdığı nəsnələr könlündə qubar bağlayıb… Özünün etirafı bu düşüncələrimə o qədər aydınlıq gətirir ki… “Kim deyir ki, şair xoşbəxtdi? Mənə bir xoşbəxt şair göstər. Şair xoşbəxt olsa, şair olmaz ki! Tanrı sevdiyi bəndələrə əzab verər. Şair yaranan gündən kədərə söykənir… Kimsələr çəkən bir dərdi, şairlər min qat keçirir… Zamanın bütün ağrıları şair ürəyindən gəlib keçir. Hamı şairdən umur. Bədbəxtlik deməzdim, amma şairi cəmiyyətdən ayıran onun normadan artıq həssaslığıdır, hamıya inamıdır. Şair, hansı yaşda olur olsun, uşaqdır” (http://manevr.az/karusel/5295). Sonralar, Vətənə, Qarabağa, anasına və analara həsr elədiyi başqa şeirlərini də oxudum və… özü də ana olan bir şairin milli dəyərlərə, qutsal varlıqlara dibsiz məhəbbətinin şahidi oldum…

Həyatda ən çətin şey yaşadığın ömür boyunca qazandığın dostları heç bir axsaqlığa yol vermədən qoruyub saxlamaqdı… Fərqanə bu üzdən  xoşbəxt idi, gözəl dostlar qazanmışdı… O dostları dinləyəndə onun necə böyük ürək sahibi olduğunu və dost yolunda hər bir fədakarlığa gedə biləcəyini və getdiyini anlayırsan… Aləmzərin, Narıngülün, Şəfəqin, Güllünün, Qulu Ağsəsin, Faiq Balabəylinin, İlham Qəhrəmanın, Qəşəm Nəcəfzadənin və neçə-neçə soydaşımızın simasında bir daha “DOST” sözünün qutsallığını düşünürsən… Aləmzərin bu günədək qurumayan göz yaşları… Güllünün, Narıngülün sızıltıları, İ.Qəhrəmanın “Fərqanənin ölümünə elegiyası”, F.Balabəylinin adına, ölümünə kitab bağlamaq yanğısı bu cür düşünməyin ipucudu… Bir də, axı onun dostları təkcə insanlarla sınırlanmır… Bir dostu da vardı “SÖZ” adında… İç-içə, bütün şüurlu yaşamı boyunca nəfəs-nəfəsə qaldığı Söz!!! Allahım, Sözə nə qədər sadiq idi… Sözlərdən oluşan şeirə necə də düşkün idi bizim balaca boylu, böyük ruhlu Fərqanəmiz… Xəstə halında belə uzaq məsafə qət edərək hansısa gənc şairin şeirlərini alıb “Ulduz”un oxucularına sunmaqdan yorulmaması, sağlığının hər şeydən önəmli olduğunu deyərək onu məzəmmət edən dostu Aləmzərə: “Aləm, məni ora başqa bir şey yox ey, şeir, söz apardı, şeir…” etirafı… “Nə sözüm olanda, sözə deyəcəm, Sözümü heç kəsə deməyəcəyəm…” Sözə öləsiyə sevdalanmağın nə demək olduğunu Sən də anladınmı sevgili oxucum?

 

Köksümü dağlasa çölə deyəcəm..
Əyilib astaca gülə deyəcəm..
Yanıb qovrulanda külə deyəcəm…
Sözümü heç kəsə deməyəcəyəm…

Elə alışmışam, odum qurtarıb,
Doğmamı azalıb, yadmı qurtarıb?
Siz elə bilməyin adam qurtarıb,
Sözümü heç kəsə deməyəcəyəm..

Quş olum, budağa qonum, bağışla,
Əllərim üzümdə donum, Bağışla,
Ay atam, ay anam, məni bağışla,
Sözümü heç kəsə deməyəcəyəm…

Nə desəm, çalışıb üzə deyəcəm,
Çəmənə sarmaşıb düzə deyəcəm,
Nə sözüm olanda Sözə deyəcəm,
Sözümü heç kəsə deməyəcəyəm…

 

Şeiri oxuyanda Fərqanənin sanki əsl sevgisinin və sevgilisinin SÖZ olduğunu anlayırsan… Qəlbinin və ruhunun da SÖZ-dən qidalandığını görür kimi olursan…

Şair Afaq Şıxlının fikrincə də, “bütün şair qadınlar ən gözəl sevgi şeirlərini sevgiylə rastlaşdıqları zaman yaza bilirlər. Yaşlandıqca bu sevgini özlərindən uzaq düşməyə qoysalar, təbii ki, ilham pərisini də uçura bilərlər. Lakin sevgi yaşa baxmır ki! Sevmək qəlbin və ruhun istedadıdır. O ya var, ya da yoxdur. Azərbaycanlı şairələrə, ən çox da gənclərə tövsiyyə edərdim ki, sevgi şeirlərini ismət duvağına bürüsünlər. Açıq-saçıqlıq gərəksiz bir silahdır. Bu silahdan istifadə etmək zərurəti duymuram şeriyyatda…”

Adətən dartışılan qonulardan biri güclü qadın yazarların kəmiyyət baxımından kişilərdən az olmasıdır. Axı, A.Şıxlının da qeyd etdiyi kimi, qadın həya edir, sevgi şeirlərini ismət duvağına bürüyür və çox mətləbləri örtülü təsvir edir. Bu yolda qadın yazar udur da, uduzur da… Fərqanə Sözə sevdasında uğur qazananlardan, qalib gələnlərdən oldu…

O, həm də həyalı, abırlı yazar idi, qəribə bir utancaqlığı da vardı… (Təkcə şeir oxuyanda sanki utancaqlığı bir az arxa plana keçərdi, ancaq vətənpərvərlik qonusunda şeir söyləyərkən dişi aslana döndüyünün də şahidi olmuşam…) Bu şeirdə də yer üzünə haqq-ədalət axtarışına çıxan, göz yaşlarında yuyunan, ismət duvağına bürünmüş, həya tülünə bükülmüş iki insanın ürkək sevgisi ruhunu qıdıqlayır oxucunun:

Bəlkə yuxularda görüşək elə,
Nə yoxuş axtaraq, nə iz axtaraq.
Gəlsənə yuyunaq göz yaşımızla,
Nə çaya yollanaq, dəniz axtaraq.

Bir az dərdimizlə söykənək dağa,
Bəlkə bəxtimizə göydən gün yağa,
Çıxaq yer üzünə haqq axtarmağa,
Çıxaq, ac-yalavac, susuz axtaraq..

Uçmusan… bəxtimə qanadın düşüb.
Durub dayanmısan saatın düşüb?
Canım, dalımızca cin-şeytan düşüb.
Gəl bir-birimizi səssiz axtaraq.

 

Hərdən qəribə etirafları vardı Fərqanənin… Deyirdi ki, şair qadının ömür-gün yoldaşı olmaq çox çətindi… Bilirəm İlqar nələr çəkir mənim əlimdən… Bizləri tərk edəndən sonra, üç mərasimi günü Güllü Tomarlı ilə mərhum şairimiz haqqında etdiyimiz ayaqüstü söhbət əsnasında öyrəndim ki… Güllüyə sual verib ki, sənin də yoldaşın şeir yazanda əsəbiləşir? Bacı, mənimki qələmi, dəftər-kitabı söyür ey!…

Səmimi etiraf edirəm, əgər mənə o sualı versəydi, deyərdim ki, sən İlqarı qınama… Axı, bir kişinin xanımı “Nəyə əl atıram şeirlə çıxır…“ etirafını edirsə, “Məktub” və digər şeirlərində çox səmimi şəkildə misralara düzdüyü fikirləri dilinə gətirirsə, əlbəttə, onu özündən ayıran sehrli gücə-şeirə, qələm-dəftərə qısqanacaq… Məhz bu qısqanclıqların yaratdığı sıxıntılar anasına ünvanladığı məktub-şeirin misraları arasına doluşur. Dar şəhərdə kimi-kimsəsi olmayan qızının dadına dostlarının çatdığını vurğulayır və darıxan könlünü onların da məhz şeirlə ovundurduğunu yazır:

Kimi bazar tikir, kimi ev-eşik..
Hamısı fırlanır bir yerin üstə..
Yarandığım gündən evim tikilib..
Mən sətir qoyuram, sətirin üstə..

Yenə də dostlarım sağ olsun yenə,
Başımın üstünü..kəsib dururlar..
Qızının kimi var… bu dar şəhərdə..
Könlünü şeirlə ovundururlar…

Dönüb gələcəyəm Kür tərəflərə..
Nə isə bir həsrət köksümü sıxır..
Guya məktub idi..yazırdım sənə..
Nəyə əl atıram şeirlə çıxır…

 

Demək, şeir hər dəmdə özünü yetirir, şairin də, duyğulu adi insanın da dadına çatır. “Şeir elə bir nemətdir ki, onun xətrinə hər şeyə dözməyə dəyər. Şairin həyatında baş verənlər şeirlərin yaranması üçün zəmindir. Ona görə də şair taleyindən gileylənməməlidir. Buna yalnız sətirlərdə haqqı vardır. Bütün qəmli seirlər nakam sevgilərin əyninə oturur (A.Şıxlı)”. Fərqanə də gileylərini, incikliklərini sətirlərə bükürdü, gözündə qəmdən yaşlar gilələnsə də, üzünə təbəssüm qondurmağı bacarırdı… Ancaq gülümsəsə, üzünə süni təbəssüm qondursa da, dərdlərindən qurtula bilmədi ki, bilmədi. Bir də ki, axı şairləri, qələm əhlini xalqın dərdlərinin tərcümanı sanıblar müdriklər bütün dövrlərdə… Bu yükü çəkməyin necə ağır, çətin olduğunu anladığı və anlatmaq istədiyi üçün “Siz məni qoymayın şair olmağa”, “Qızları qoymayın şeir yazmağa” səslənişləri ilə şeirlər qələmə alıb…

Fərqanə Kür qırağında doğulmuşdu, Salyandan idi… Ona görə bəlkə də sözü bir-birinə calayıb bayatı qoşan o Dədəmiz sanki elə bu qızcığazı üçün deyirmiş:

Mən aşiqəm Salyana,

Dara zülfün sal yana,

Necəsən bir ah şəkim,

Kür quruya, sal yana?

Şair və bəstəçi Xanım İsmayılqızının FB-də onun ölümünə yazdığı dərin təəssüf qarışmış sətirlərini xatırlayıram: “Çox heyf… Fərqanə Mehdiyeva da bu dünyadan küsüb getdi… Yerin rahat, məkanın cənnət olsun, yana-yana yaşayıb, yaşaya-yaşaya yanan gözəl Şair… (((“

Göz aça bilmirəm iş-güc əlindən,
Əllərim qoynuma bükülüb qalıb.
Dağı aşıraram… eh… işə nə var?
Ana, şeirlərim tökülüb… qalıb…

 Bu misralar onun küskünlüyünün ilk bəlirtiləridi… İş-güc, ev, ailə, qadın qayğılarını çəkməkdən usanan yazar xanımın tökülüb qalan şeirlərinin, yaza, yaxud yazdıqlarını üzə çıxara bilmədiklərinin xiffəti… Bəlkə də İlham Qəhrəmana “Fərqanənin ölümünə elegiya”sında bu misraları yazdıran, qəbrinə qələm qoymaq istəyini yaradan da şairin o niskilidi… Ya “Korun yanan ocaq”dan qalxan acı tüstünün doğurduğu göz yaşları?!

    “Ulduz”da hamıya istisi çatan,
korun yanan ocaqdın.
Dəfninə çata bilmədim,
Qəbrinə qələm qoyacaqdım.

 

Heç bir qız uşağı güclü olmaq üçün doğulmaz. Hər biri məsum xəyallar quran ərköyün bir şahzadəyə bənzəyərlər. Taledir onları zəif, ya da güclü edən. Tutulmamış sözlər, yaşanmamış xoşbəxtliklər, ölüm və ayrılıqlar güc verir onlara. Qurulan xəyallarla qala kimi yıxıldığında, əzilməmək üçün güclü olmaq məcburiyyətindirlər”, – Türkiyəli yazar Rana Şahnazın bu sözlərindəki gerçəklər həyatdan, taledən küskünlüyün ikinci bəlirtisidi… O da deyilməmiş sözlər, yaşanmamış mutluluqlar, ölüm və ayrılıqlar üzündən güclü olmaq, daha dəqiq desəm, görünmək zorundaydı… Niskilinin, küskünlüyünün bir nədəni də elə bu idi…

 Qan çəkir bizi Təbrizə..
Gedirəm Üzü Təbrizə…
And verrəm sizi Təbrizə…
Məni unutmayın dostlar…

 Təbriz bütün düşünən aydınlarımız kimi, onun da şüurlu şəkildə dərk edib ağrıdığı ürək yarasıydı… Ona görə and yeri olmuşdu Təbriz… Ondan elliklə ayrılığımız isə yaşama küskünlüyünün bir nədəninə çevrilmişdi… Amansız xəstəliyə yaxalandıqdan sonra müalicəsini Təbrizdə alması üzünü qoca Təbrizə yönləndirən nədənlərdən biri olsa da, “Laçınsız Laçını oynama, qardaş…” ağı-şeirini yazan bir Vətən qızının misralardakı yalvarışa bürünmüş üsyanı başqa cür düşünməyə əsas vermir, Təbriz elə onun and yeri idi, itirdiyimiz doqquz rayonumuz kimi:

Daha nəyin qalıb… haran göynəsin..
Dağlara dağ çəkdik… Aran göynəsin..
Qoy bir az duz səpim… yaran göynəsin..
Laçınsız Laçını oynama qardaş…

 Həmişə adı çəkiləndə nədənsə Fərqanə hadisələri – “1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom” yadıma düşürdü… Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın Axısqa türkü bölgəni tərk edərək qonşu ölkələrin və Azərbaycanın ərazilərinə sığınmalarını – türkün tarixən üzləşdiyi, daxili və xarici düşmən qüvvələrin məruz qoyduğu fəlakət, soyqırğını zəncirinin bu halqasını xatırlayıram. İndi düşünürəm ki, Fərqanə Fərqanə vadisindən qovulan, perik salınan o türklərin düşdüyü duruma görə də çox darıxıb… və küskünləşib… Dərbənd, İrəvan, Borçalı, Təbriz ağrıları yaşayan şairin dərd zəncirinin ən ağır, ən üzüntüverici halqası isə Qarabağ torpaqlarının, dünyanın əsrarəngiz gözəlliklər məskənlərindən olan Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Xocalının vandal erməni cəlladları tərəfindən işğalı olunması idi. Bəlkə də Fərqanə çoxlarımız kimi, Qarabağın ağrısını daşıya, ağırlığına dözə bilmədi… Yoxsa “Daha nəyin qalıb… haran göynəsin? Dağlara dağ çəkdik.. Aran göynəsin… …Hanı itmiş yuvan, basım bağrıma..” fəryadı yanıb pörşələnməyən bir ürəkdən yüksələ bilərdimi? Özün şahid ol, oxucum:

 

Didir bir-birini “O’, “BU”nun üstə,
Yaman fırlanırsan quyunun üstə,
Tökmə acıgını oyunun üstə,
Laçınsız Laçını oynama, qardaş..

Ürəyi dağlıdı küsər qız-gəlin,
Bizdən ümidini üzər qız-gəlin,
Dözməz əsirlikdə əsir qız-gəlin,
Laçınsız Laçını oynama, qardaş…

Ta keçib… sarmaşıb nahaq doğruna,
Hanı itmiş yuvan basım bağrıma,
Doğranmış kefinə soğan doğrama,
Laçınsız Laçını oynama, qardaş…

…Soyut ürəyini kaman tarınla,
Çaldır Kərəmini dərd –azarınla,
Yanına salınmış qanadlarınla,
Laçınsız Laçını oynama qardaş…

Çəkək dərdimizi… çəkək, nə ki, var.
Dərdə yüklənməyə bizdə çəki var,
Nəyi oynayırsan… oyna, o ki var,
Laçınsız Laçını oynama, qardas…

 

Ondan qalan bir şəkildə ağaca söykənib günəşə baxan Fərqanə Laçınlı, Şuşalı, Kəlbəcərli günlər üçün darıxırdı!.. Və ən kədərlisi əslində sevgi şeirləri yazan, sevgiyə Allaha inandığı qədər inanan şairin ata-baba yurdlarımız düşmən əlinə keçəndən sonra, sevginin dadını yadırğaması, sevgi şeirləri yaza bilməməsidir… Bu məqamda özünün etirafı, fikrimcə lap yerinə düşər: “Şeiri canımdan çox sevdim. Qarabağ ağrısı çıxmır canımdan. Qələmimin gözündən yaş gəlir. İlk oxucularım olan, şeirimi oxuyub öyünən, özümdən qabaq şeirimin qabağına yüyürən valideynlərimi itirdim və bu itkilər də yenə məni ağrı-acısıyla ədəbiyyata bağladı, yazılarıma hopdu (http://manevr.az/karusel/5295)”:

 

Yazıram ürəyim, könlüm sıxılır,
Sevgisiz ömürün evi yıxılı…
Nə yazsam ayrılıq olur axırı,
Sevgi şeirləri yaza bilmirəm..

Mən misra dərirəm söz ağacından,
Yazıram balamın umacağından.
Yapışıb atamın əl ağacından,
Sevgi şeirləri yaza bilmirəm..

Şeirlə bölürəm bu tən dərdimi,
Varaqlar üstündə bitən dərdimi…
Yazıram yurd – yuva, vətən dərdimi,
Sevgi şeirləri yaza bilmirəm.

Şairlərin əsil yaşamı, bu dünyadan köçəndən sonra başlayar, – deyən Güney Azərbaycanın ünlü modern şairi Rəsul Qədirinin Fərqanənin ölümünə yazdığı şeirlə, Təbrizimizdən göndərdiyi ərməğanla yazıya nöqtəni qoymaq istədim… Şeirin son misrasındakı “Niyə ayrıyıq?” – sualının cavabını bulmaq istəyi ilə:

Adı Fərqanədir
Şairdir
Adı kimi haqqı batildən ayıran şair…
Bu gün Təbrizdə qonağıydıq.
Şeirlərindən oxudu, dinlədik.
Heç bir aparat qullanmadan,
Qulaqlıq taxmadan dinlədik.
Dinləyərək kövrəldim, qanım qaynadı…
Kəlmələr coşurdu ürəyimdən
Baxışlardan oğurladığım ekiz gilələrim adaya bənzəyirdi
Şeir kitabını pay gətirmişdi, oxudum,
Heç bir sözlük gərəkmədən oxudum.
İkibaşlı duyğu yaşayırdım,
Gah boynumun damarından yaxın hiss edirdim varlığını,
Gah Araz uzunluğu qədər uzaq.
Bir an unutmuşdum, amma,
Yenə qarğınmış Araz düşdü yadıma…
Şairlər Tanrıya ən yaxın insanlardır deyirlər,
Ayrılarkən unutdum sormasını:
Şair! Bəs nədən biz hələ də ayrı qalmışıq?!…

 P.S. Əziz oxucum, “Çəkdiklərim mənə bəsdi!”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq…” kitablarının sırasına biri də əlavə olundu: İndi oxuduğun, yaxud oxuyacağın bu kitab… “Mən Sizə darıxmaq öyrədəcəyəm…”

Amma bu kitabın içindəkiləri Fərqanə yazmayıb, onu sevənlər, sevib dəyər verənlər qələmə alıblar. Çünki sevdiklərini gözüyaşlı qoyub və ölüm adlı əbədi sevgiliyə qovuşub…

Artıq göylərdədi Fərqanə… Tanrının çox sevdiyi bəndələrindən olan bakirə şair gəldiyi yerə qayıdıb və dostlarının, qələmdaşlarının fikirləri quşqanadlı sözlərə, misralara dönüb yağış damlaları kimi öncə məzarı üstünə yağır, sonra isə dərdlərinə ağı dediyi paralanmış Vətəninin səmasında azad dolanan ruhuna çilənir…  

 

142 baxılıb
mersin escort