Sonra yaman qorxduq, yaman, İlahi, dedik birdən… – Mirbağır Bünyatlı

Düz 11 il bundan əvvəl, bu gün anam vəfat etdi. Futboldan qayıdırdım, sinif yoldaşım İbrahim maşınla qabağıma gəldi, otur dedi. Evə çatanda gördüyüm mənzərədən şok keçirdim. Qonşu boynumu qucaqlayıb, canım sənə qurban, ay Miri, dedi.

Bircə bunu deyə bildim atam hanı?! Adamın atasının yanında anası necə ölə bilər?! O vaxta kimi ananı necə sevirlər, ana üçün nə edirlər ki, ürəyi xoş olsun, bunların heç birini bilmirdim.

Heç indi də bilmirəm. Ancaq kim qabağıma çıxırdısa, soruşurdum necə oldu, anam necə öldü?! Heç kim cavab vermirdi. Bilmirdilər, bir ana necə ölə bilər axı?! Hardan bilsinlər! İlk maaşımla onun dişlərini düzəltdirəcəkdim, gülə bilmirdi.

Atam özünə gələndən sonra mənə dedi ki, ananın cansız bədənini tarladan tapanda əli ağzında idi…

Anam xərçəng olub…

 
Bəzən özü dizimizdə yatardı,
Yorulardı, hey deyərdi yaxșıyam..
Gözümüzə uşaq kimi baxardı
Gözləyərdi saçlarını oxșayaq…
 
Elə bil ki, oynayardı bizimlə,
əlimizçün darıxardı saçları..
Sonra gördük yavaş-yavaş azalır
toxunduqca çox çıxardı saçları…
 
Sonra yaman qorxduq, yaman, İlahi
Dedik birdən naçar qalar anamız..
Hamı bizim əlimizi qınayar,
Bizə görə keçəl qalar anamız…
 
Hiss edərdik incidərdi davarlar
Mən edərəm, sizsə yatın deyərdi..
Qanayardı əlindəki qabarlar,
Heç nə yoxdu, tikan batıb deyərdi…
 
Bir dəfə bürclərdən inşa yazırdıq
Bir də ayıldım ki, artıq zəng olub..
İlahi, neyniyim, yaza bilmədim
Atam balıq, anamsa xərçəng olub…
Share: