BİR ÖLÜMCÜL SEVGİ…

Həyat ŞƏMİ Fərqanədən yazdı

Məni hər görəndə “Bir ölümcül sevgidən yatıram ay adamlar!” deyirdi, ardınca da “Can Həyat!”. Bu, mənim bir şeirimin misraları idi ki, onu daha çox əfsunlamışdı. Misra kimi görürdü insanları, “Şeir kimi Həyat” deyirdi mənə, çünki özü təpədən dırnağa şeir idi. Nə demiş Mövlana, “Bizi bilən bilir, bilməyən də özü kimi bilir”.

Onu ölümcül sevgilər həyata və şeirə bağlamışdı. Ölümünə sevərdi sevdiklərini. Vətəni də, atanı da, təndiri də, ananı da, sevgini də… Özü də Təndir kimi idi, bişirib çıxardığı şeirləri çörəyi idi. İsti-isti, dadlı-dadlı, ətirli-ətirli yazardı, oxuyardı və oxucularına ikram edərdi. Şeirdən ötrü ölürdü, şeiri onun qədər sevən, əzizləyən, bişirən-düşürən, dəmləyən, bətnində gəzdirən, şeirə aşiq olan ikinci bir qadın tanımıram. Hüceyrələrində gəzirdi şeir.

İllər öncə bir gün telefon açdı, “neynirsən, necəsən?” dedi. Cavab verdim ki, “Heç, oturmuşam, gecəyə baxıram, şeir yazmalı gecədir”. Sabahısı gün “Pərvanə” ədəbi məclisində gecə yazdığı “Yaman yazmalı gecədi” şeirini oxudu və mətbəximizi də açıqladı ki, Həyat Şəmiyə yazmışam:

Çəkməyim dağ kağızlara,

Ölməmiş sağ kağızlara,

Bükülüb ağ kağızlara,

Yaman yazmalı gecədi.  

Hər sözdən, hər kəlimədən, hər olaydan, hər ilmədən bir şeir çıxarardı. Bu, onun fitrətindəydi. Şeirləri yazda çiyələk dadında, qışda təndir istiliyində, payızda meyvə qoxusundaydı.

Ölümcül sevgilər onu həyata və şeirə bağlamışdı. Bir gün o bağları asta-asta qıran ölümcül bir xəstəlik qonaq oldu ona və nə qədər yalvardı-yaxardısa getmədi bu “arzuolunmaz qonaq”. İynə-dərmanlarla sancdı xəstəliyi, baş götürüb İrana getdi ki, orda qoyub gəlsin. Olmadı, nə yazıq ki, olmadı…

Kim deyər, keçirdi bir ömrü hədər,

Üzləri bürüdü qəribə kədər…

Özümdən savayı şəklimə qədər,

Xatirə gecəmə gələcək dostlar.

– yazmışdı 2012-ci ildə. Bu gün onun şərəfinə şeirlər, xatirələr və kitablar yazılır. O, özü də bu günü görüb yazmışdı şeirlərini. Özündən sonra özünü görən şair idi…

1999-cu ildə anam dünyadan vaxtsız köçəndə bir yazıçı anamın hansı yaşda vəfat etdiyini soruşanda mən bədahətən “ananın yaşı olmur ki!”- dedim. Fərqanə yanımdaydı və məni qucaqladı “şairin də yaşı olmur, can Həyat!” dedi. Anam kimi Fərqanə də dünyanı erkən tərk etdi. İndi qızı Ülkərin nə çəkdiyini hiss edə-edə yazıram bu yazını.

Fərqanə yaşaya-yaşaya ömrünü yazdığı kimi, ölümünü də yazırdı:

Çoxunu gözləyər bu qəribəlik,

Anam tələsəcək əlində çəlik,

Bütün zal susacaq bir dəqiqəlik,

Xatirə gecəmə gələcək dostlar!

Bu gün 20 gündür ki, Fərqanə Mehdiyeva həyatda yoxdu… bu 20 gündə onu sevənlər saysız sayda xatirələr, şeirlər, yazılar yazdılar. Bir kitab xatirə, yazı, bu da “alın yazısı”dır, məncə.

Getdi… gedən bəstə boyu oldu, ruhu, şeiri, kitabları, ölümcül sevgiləri qaldı. Qalanlar yaşadacaq onu.

Özü getdi gəlməməyə, bizə yazdırdı. Mənə də bu ağrılı misraları yazmaq düşdü.

 

Nağıldı qayıdıb dönəcəkləri,

Düzək məzarına gül-çiçəkləri.

Qaldı ürəyində deyəcəkləri,

Sirri şəhid oldu bu şairlərin.

-deyirdi. Yenilməyən bir ürəyin çırpıntılarını kitablara töküb, vərəqlərə büküb getdi. Bir gün onun votsap statusunda bir qızcığaz şəkli gördüm. Qızcığazın əlləri diqqətimi çəkdi, Fərqanə olduğunu o əllərdən tanıdım, şeir yazan əllərdən. “Səni əllərindən tanıdım” cavabı göndərdim ona. Cavabı “can Həyat!” oldu yenə.

Misra-misra idi bəstə boyu, qolları misra, barmaqları fikir, qaşları vergül, gözləri nöqtə idi. 2 may günü iki gözünü həyatının sonuna nöqtə kimi atdı və yumdu gözlərini. O iki nöqtədən sonra qalanlar böyük bir dünyası oldu: kitabları, şeirləri, misraları, salonlarda qulaqları lərzə gətirən gur səsi, övladları, nəvələri, daha nələri, nələri…üçüncü nöqtəsi sinə daşı oldu. Məkanı cənnət Fərqanə, can Fərqanə!

Share: