Dövlətin başına Mixail Qorbaçov yox, Heydər Əliyev gəlsəydi…- İradə TUNCAY yazır

Lenin avantürist idi, idealist, ya da realist, deyə bilmərəm. Amma hər halda bu balaca adamın içində böyük iddialar vardı. Və bu iddiaları reallaşdıra bildi, qismən də olsa. Əvvəllər Böyük Oktyabr Sosialist İnqilabının tarixi əhəmiyyəti haqqında belə yazırdılar: “Oktyabr inqilabı özündən əvvəlki inqilablardan köklü surətdə fərqlənir.

Bu inqilab kapitalistlərin və mülkədarların hakimiyyətini devirdi, proletariat diktaturası qurdu, Rusiyada kapitalizmi ləğv etdi. İnsanın insan tərəfindən istismarını, ictimai və milli zülmü aradan qaldırdı. Sosializm və kommunizm quruculuğuna yol açdı”. Oldumu? Qismən…

Davam edək: “İnqilabın əsas hərəkətverici qüvvəsi Rusiya proletariatı idi. Partiya sosialist inqilabının qələbəsi uğrunda mübarizədə həlledici qüvvə olan fəhlə sinfinin və yoxsul kəndlilərin ittifaqını yaratdı. Fəhlə sinfinin böyük ümumdünya azadlıq vəzifəsi Oktyabr İnqilabında dərindən və hərtərəfli şəkildə aşkara çıxdı.

V.İ.Leninin belə bir mühüm müddəasının həqiqiliyi təsdiq olundu ki, ancaq Kommunist Partiyasının başçılıq etdiyi fəhlə sinfi kapital zülmünün devrilməsi uğrunda mübarizədə, onun gedişində, qələbənin saxlanıb möhkəmləndirilməsində, yeni ictimai quruluş yaratmaq işində bütün zəhmətkeş və istismar olunanlar kütləsinə rəhbərlik edə bilər. Oktyabrın qələbəsi XX əsrdə başlıca hadisə olub bütün bəşəriyyətin inkişaf gedişini kökündən dəyişdirdi. İnqilab bəşəriyyət tarixində yeni dövr – kapitalizmdən sosializmə keçid dövrünü açdı”.

Doğrudurmu? Yenə qismən…

Böyük rus imperiyasını dağılmaqdan qurtara bilən bu hikkəli adam öz ideyalarını həyata keçirmək üçün bütün yolları məqbul sayırdı. Hər halda I Dünya müharibəsi Avstriya-Macarıstan və Osmanlı imperiyalarının varlığına son qoymuşdu. Ancaq dünya dövlətləri Rusiyanın dağılmasına hazır deyildilər. Və buna görə də Leninə yardım etdilər. Üstündən bu qədər vaxt keçəndən sonra təbii ki, kimsə proletariatın tarixin axarına təsir imkanlarına inanmır. Ona lazım olan maddi dəstəyi verdilər, o da xərabələr üzərində tamamilə yeni bir sistem qura bildi. Bütün istəklərini həyata keçirməyə isə ömrü çatmadı.Mən hansı bir insana bənzədim ki, Lenini – bayrağının altında millətlər qardaş oldu…
Olmadı? Təbii ki, oldu. Yenə qismən.

 

İndi gəlin fikirləşək, bu qədər israfçılıqla, dağıtmaqla, hay-küylə də olsa hər halda 70 il bir dövləti, bir sistemi yaşada bildilər. Bəlkə Stalindən sonra ölkəyə savadlı və ağıllı adamlar başçılıq etsəydilər heç bu quruluş dağılmazdı. Tam səmimi deyirəm, rus şovinizminin sarsaq qərarları olmasaydı və son dönəmlərdəo böyük imperiya heç dağılmazdı da. Rusiya hər zaman başqa millətlərdən olan padşahların zamanında çiçəklənib. Tarixi yada salın…

Share: