Hacı Səfərəli bəy Zərgər – Çarın mühafizi

Cavanşir elinin II Zərgər obası Arazbarda qışlayırdı. Obanın əhalisi xəzinə torpağında, Araz yaxısında, Zərgər qışlağında qışlayır, Dizaq mahalında, Güney Bilərdin adlı yerdə əkinçiliklə məşğul olurdu. Qışlaqda olan dönəmdə yüzbaşı Həsənəli kədxuda Məmmədəli oğlu Mirzəli Allahverdi oğlunun dəyəsinə baş çəkdi.

Havadan-sudan danışıb, söhbəti mənzilinə yetirdi. Dedi ki, bəs sizin ailə məaf (vergidən azad) olduğundan qardaşın Səfərərəli el əhlindən təşkil olunmuş atlı alayda xidmət etməlidir. Mirzəli ha boyun qaçırdısa, yüzbaşı razı olmadı. Səfərəli Zərgər və Dilağarda obalarından yığılmış 20 nəfərlə birlikdə, Ağcabədiyə Qırçı qışlağına yollandı…

Səfərəli bəy Allahverdi оğlu 4 fevral 1810-cu (başqa bir qaynaqda 1822-ci) ildə Cavanşir-Dizaq mahalının Zərgər оbasında dоğulmuşdu. İbtidai təhsilini mоlla yanında almışdı. O, 1 avqust 1834-cü ildə Qarabağ atlı alayına yazılmış, оrduda xidmət etməyə başlamışdı.
Səfərəli bəy 20 iyun 1839-cu ildə Əlahəzrətin Leyb qvardiyasının Müsəlman süvari dəstəsinə keçirilmişdi. O, 18 oktyabr 1841-ci ildə vəkil rütbəsi almışdı. [РГВИА. Ф. 970. Оп. 1. Д. 119. Л. 11об–12, 42.]

Səfərəli bəy 30 iyun 1843-cü ildə xidmətdə fərqləndiyinə görə kornet rütbəsinə layiq görülmüşdü. [РГВИА. Ф. 970. Оп. 1. Д. 119. Л. 76 об –77 об.]

Səfərəli bəyin 1858-ci ildə hazırlanmış hərbi dosyesinə görə, ailəli, üç oğlan atası, müsəlman, rəiyyət təbəqəsinə aid, rus dilində olmayan Şamaxı quberniyasının, Şuşa qəzasından olan hərbçidir. [РГВИА. Ф. 330. Оп. 55. Д. 731. Л. 75-77.]

Səfərəli bəyin 1862-ci ildə hazırlanmış hərbi dosyesində də təxminən bu məzmunda məlumat var. [РГВИА. Ф. 330. Оп. 55. Д. 1134. Л. 135-137.]

Səfərəli bəy bir neçə dəfə Don Kazak alayında (1843, 1845, 1850, 1857, 1860, 1862) və Ter Kazak alayında (1867) ezamiyyətdə olmuşdu. [РГВИА. Ф. 330. Оп. 55. Д. 731. Л. 75-77, Д. 1134. Л. 135-137; Ф. 405. Оп. 6. Д. 4885, Л. 4-5; Ф. 407. Оп. 1. Д. 946, Л. 91-92]
Kornet Səfərəli bəy 14 oktyabr 1854-cü ildə Don Kazak alayına ezam olunmuşdu. Həmin atlı alayda fərqləndiyinə görə pоdpоruçik rütbəsi ilə mükafatlandırılmışdı.

Səfərəli bəy 1867-ci ildə alayda seçildiyinə görə pоruçik rütbəsi ilə ödüllənmişdi. [РГВИА. Ф. 970. Оп. 1. Д. 1436. Л. 165–166.]

Səfərəli bəy 2 may 1880-ci ildə xəstəliyinə görə ordudan tərxis olunmuşdu. Ona təqaüd kəsilmiş, ştabs-rоtmistr rütbəsi verilmişdi.

Səfərəli bəy doğma obasına dönmüş, sonra hacc səfərinə yollanmış, müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Səfərəli bəy 4 yanvar 1892-ci ildə vəfat edib. [ГИАР. Ф. 44. Оп. 1. Д. 590 а. Л. 97об-98.]
Hacı Səfərəli bəyin törəmələri Səfərbəyov soyadını daşıyırdılar.

Hacı Səfərəli bəyin Abbas bəy, Süleyman bəy, Qəhrəman bəy, Ağalar bəy adlı оğulları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Share: