Ağrı

Narıngül

                                    ( Hekayə)

Müharibə bu dağların ətəyinə qədər gəlib çıxmışdı.  Çıxmışdı deyəndə ki, uzaqdan özünü   hiss etdirirdi.    Günəş dağların  arxasından kəndə tərəf  boylanırdı. Günəşin nə vecinəydi müharibədir,  yoxsa sakitlik,  əsas odur kəndin üstündəydi, kəndin sürüləri, tarlaları, bostanları  yerindəydi, o da qıpqırmızı şüalarını  hər tərəfə salıb xumarlanırdı.

Qadın  həmişəki  kimi səhər tezdən oyandı.  Səhərin soyuğundan qorunmaq üçün hər  səhər  əyninə geyinib bir də yatarkən soyunduğu  köhnə kişi pencəyini geyindi, həyətdəki cığırla  aşağı enib kəhrizdə əl-üzünü yudu, göyə baxıb dua etdi.  Duanı hansı dildə etdi onun da əhəmiyyəti yoxdu.  Əsas odur qadın əllərini göyə açıb  özü bildiyi şəkildə allahla qısa da olsa söhbətləşirdi. Əslində,  bu söhbət hər gün olurdu.  Ürəyində tələsə-tələsə Allahla söhbət edirdi.  Elə bilirdi  ürəyindəkiləri  birnəfəsə deməsə, nə isə yadından çıxacaq, yaxud da tanrı çıxıb gedəcək, daha onu eşitməyəcək.  Duadan sonra  kəhrizin yanındakı köhnə su qabını doldurdu.   İtə-pişiyə yemək verdi, hinin qapısını açdı, toyuq –cücə həyətə yayıldı. Sonra tövləyə girdi, sağım üçün hazırlıq gördü, əlində gətirdiyi su ilə inəyin yelini yudu.

Qadın İşlərini bitirib ayağını sürüyə-sürüyə həyətdə mətbəx əvəzi  taxta dirəklərdən düzəldilmiş yay damına gəldi.  Ocağı qalayıb südü ocağa qoydu. Dirəyə vurulmuş sınıq güzgünün önündən o tərəf-bu tərəfə keçərkən, güzgüdəki əksi onunla bərabər  hərəkət etsə də,  güzgüdə özünü görmədi.  Çoxdandı ki, güzgüyə boylanmırdı.  Güzgüyə boylansa  özü də görərdi ki,  elə də  qoca da deyil, üzünün  yaraşığı da tamam çəkilməyib. Amma ürəyində qocalmışdı. Əynindəki köhnə paltar, çiyinləri sallanmış kişi pencəyi, ayağında sürümək rahat olsun deyə dabanları tapdalanıb əzilmiş  köhnə, iri kişi ayaqqabısı  onu xeyli yaşlı göstərirdi və bu həyətin pişiyi,  iti, toyuq-cücəsi   onu belə tanıyırdı.

Qadının yaşadığı kənd sərhəd kəndiydi. Sərhədin hansı tərəfində olmağının da fərqi yoxdu. Əsas o idi ki, sərhədin lap yaxınlığında döyüşlər gedirdi. O döyüşlərdən sonra bu kəndin taleyi tamam dəyişmişdi.

Oğlu çıxıb uzaqlara gedəndən sonra  qadının həvəsi ölmüşdü.  Əvvəllər, oğlu  bu evdə yaşayanda, ürəyi cavan idi. Ürəyində min cür diləyi, istəyi vardı. İndi hər şey keçmişdə qalmışdı.  Oğlu elə bu dağlarda, meşələrdə gedən döyüşlərdə  yaralanıb qayıtmışdı.  Doğrudur, qospitalda  yaralarını sağaltmışdılar, amma sağ  əlini biləkdən kəsib üstünə göndərmişdilər.  O gündən sağ biləyi sancırdı qadının, nə qədər dava-dərman da edirdi xeyri olmurdu. Elə biləkdən ağrılar başlayırdı, çox vaxt ağrıdan gecəni dirigözlü açırdı.  Ev işlərini də çalışırdı sol əllə görsün.

Sağ əli kəsiləndən sonra oğlu da tamamilə dəyişmiş, qaradinməz olmuşdu. Günlərlə bir kəlmə danışmır, kəndin içinə çıxmırdı. Eləcə lal kimi evdə səssiz-səmirsiz  dolanırdılar, amma bir-birini çox gözəl hiss edirdilər. Qadın bilirdi ki, oğlunun kənddə istədiyi qız var. Bir-iki dəfə qızdan söhbət salmış, istəmişdi həm oğlunun fikrini dağıtsın, həm də qərarını bilsin. Oğlu isə  qəti şəkildə o qız haqqında danışmağı qadağan etmişdi  və bu söhbətə birdəfəlik son qoyulmuşdu.

Bir müddət  lal-dinməz dolandıqdan  sonra, bir səhər gün dağların arasından boylananda oğlu  yol çantasını  yığıb anasıyla vidalaşmışdı. Anasının bircə kəlmə “hara?” sualına, bir kəlmə “uzaqlara” cavabını vermişdi.  Vəssəlam!  Qadın  əvvəllər hər gün oğlunu arzulayıb ağlayırdı. Sonralar  təkcə arzulayırdı, amma ağlamırdı, göz yaşları yoxa çıxmışdı. İllər sonra arzulamağı da unutmuşdu. Oğluyla bərabər arzularına düyün vurulmuşdu. Ürəyində yalnız bir daşlaşmış  ağrı qalmışdı, bu ağrı onun özünü də lal-dinməz etmişdi. Bir də sağ biləyi ona aman vermirdi.   Oğlu gedəndən çox şey dəyişmişdi, kəndin  balaca  uşaqları  böyümüşdü, oğlunun tay-tuşları evlənib oğul –uşaq sahibi olmuşdu.  Təkcə müharibə dəyişməmişdi. Atışma səsləri elə əvvəlki ahənglə eşidilirdi. Yenə də ölənlər vardı,  o taydan bura, bu taydan ora üstü toz torpağa, qana bulaşmış hərbi geyimdə olan cənazələr göndərilirdi. Düşmənlər də dəyişməmişdi. Əvvəllər  kimi düşmən bilirdisə,  elə o da  düşmən olaraq qalırdı. Əslində, onun bu müharibəni araşdırmağa, düşmənini çözələməyə  nə həvəsi, nə də hövsələsi vardı. Olan bu idi ki, aman –zaman bir oğlu vardı, o da əlindən çıxmışdı. Bir də sağ biləyi…

Gözlərini ocaqda qaynayan südə dikmiş qadın toyuq hinindən xışıltı eşitdi. Hinin qapısı tərpəndi. Yəqin it-pişik içəri girib –deyə  düşündü.  Südün daşacağından ehtiyat edib bişməyini gözlədi.  Qazanı kənara çəkib dikəldi, hinə yollandı.

Hinin  içərisində ala-qaranlıqda  bir nəfər cavan oğlan arxası ona tərəf dayanmışdı. Günəş oğlanın bədəninin bir tərəfini  işıqlandırırdı. Eynən oğlu boydaydı. Duruşu da oğluna bənzəyirdi. Ürəyi döyünməyə başladı, gözlədi oğlan üzünü çevirsin. Oğlan üzünü çevirməyə tələsmirdi, samandan düzəldilmiş  yuvaya tərəf əyilmişdi.  Qadın səsini çıxartmadan oğlanı izləyirdi. Oğlan yuvadan tapdığı iki ədəd yumurtanı şalvarının cibinə qoydu, sonra yəqin ki, sınacağından ehtiyatlanaraq  ehtiyatla pencəyinin cibində yerləşdirdi.  Bu kimdir görəsən? Oğlu deyildi. Artıq hinə düşən işıq zolağından oğlanın üzünün bir tərəfi  aydın görünürdü. Bu kəndin adamı dünya dağıla iki yumurtadan ötrü hinə girməzdi. Bəs kim olar? Bəlkə… Birdən-birə ürəyi çırpındı. Sanki qollarına, dizlərinə qüvvə gəldi…Qapını araladı, oğlan səsə çevrildi, onunla üz-üzə gəldi.  Oğlan əlini qaldırıb, nə isə dedi.  Düşmənin dilində danışırdı. Bir anlıq qan beyninə vurdu.  Bu tərəfə düşmən tərəfdən kəşfiyyatçıların gəlişi birinci dəfə deyildi.  Cəld  hərəkətlə hinin qapısını çəkdi,  çöldən cəftəni  vurdu.  Heç hay salmağı da bir neçə dəqiqə çəkdi.  Bir anda  yoldakı, dükanın qabağındakı adamlar həyətə yığışdılar. Aralarında hərbi geyimli, polis paltarlı  adamlar da vardı. Çiyni kameralı oğlan  həyətin hər  tərəfini  lentə alırdı.

-Hanı, hardadır?

Başıyla hini göstərdi. Başqa kameralılar da çəkməyə başladılar. Oğlanın qolunu burub hindən çıxartdılar, cibini axtardılar. Cibində iki yumurta, bir parça  quru çörək, bir də öz ölkəsinə aid bir neçə qəpik xırda pul vardı. Adamlar oğlana nifrətlə baxırdılar, söyənlər, təhqir edənlər də vardı. Hərbi geyimli adam oğlanı itələyərək  qapıda dayanmış maşına mindirdi. Oğlan maşına minərkən, qadınla göz-gözə gəldi.

Əvvəllər qu deyəndə qulaq tutulan bu həyətdə  indi adam əlindən dayanmağa yer yoxdu. Böyüklü, uşaqlı hamı yığışıb gəlirdi. Ağız deyəni qulaq eşitmirdi.

Kənd adamları qadını sorğu-suala tutmuşdular. Zarafat deyildi, qadın düşmən tutmuşdu. Qadın azı əlli dəfə hadisəni danışmalı oldu. Nəhayət adamlar yoruldular. Hamı  çəkiləndən sonra qadın  hinin qarşısındakı daşın üstündə əyləşdi.   Bir az əvvəlki hadisə ona yuxu kimi gəlirdi. Deməli, bu oğlan düşmən imiş. Onun oğlu da o biri tərəf üçün  “düşmən” idi.  Onun oğlunu düşmən bilib yaralamışdılar, düşmən kimi öldürmək istəmişdilər. Qəzadan  təsadüfən sağ qurtulmuşdu.  Amma qadın bilirdi ki, oğlu düşmən deyil.  Oğlu  o qədər rəhmli idi ki, bir toyuğun  belə başını kəsə bilmirdi. Anası touq kəsdirmək üçün  qonşulardan xahiş – minnət edirdi.    Bəs bu oğlan necə, görəsən əsil düşmən idimi,  görəsən niyə keçmişdi bu tərəfə, azmışdımı, yoxsa məqsədli  idi   gəlişi?  Oğlanın gözlərini xatırladı, yox, bu oğlan azıb gəlmişdi, kim nə deyir-desin!  Əgər belədirsə,  qadın özü aparıb onu yola salardı, o taydakı sərhəd kəndinə gedən cığırların hamısını tanıyırdı. Dağın dibi ilə burulan çığır düz o kəndə gedirdi.

Birdən –birə sağ qolu biləkdən  sancmağa başladı. Ağrıyan qolunu havada yellədi.

Bir qədər keçmiş qapıda maşın göründü. Qadını hərbi  məntəqəyə  çağırdılar, izahat verməli idi.  Sorğu-sal edən  şəxs  hələ görünmürdü. Görəsən oğlan hardaydı?  Ona nə caza verəcəklər?  Yəqin ki,  verəcəklər, düşməni  cəzasız buraxarlarmı?  Oğlu gəlib gözlərinin qarşısında dayandı. Bəlkə,  elə burda başa salım ki, o oğlan düşmən deyil, gözlərindən oxudum.  Mən insan gözlərini oxuya bilirəm. Görəsən qulaq asarlarmı, məni ələ salmazlar ki?

Başqa otaqdan səs-küy gəlirdi.  Onu danışdıran hərbiçi  də səsə getdi, qayıdb bildirdi ki, tutulan düşmən nazik dəmir parçasıyla sol qolunu biləkdən kəsib, intihar etmək istəyib, oğlanı xəstəxanaya apardılar. Qadının sol biləyi sancmağa başladı.  Elə sancdı ki, az qaldı ağrıdan  qışqıra.

Ayağını sürüyə-sürüyə evə gəldi. Bütün bədəni  gizildəyirdi. Gecəni diri açdı. Səhər oğlandan xəbər tutmaq  üçün yenidən hissəyə getdi.  Hərbi məmur onu gülərüzlə qarşıladı.

-Artıq məşhur olmusan, bütün ölkə səndən danışır, -dedi.  Qəhrəmansan! Hərbçinin sözünə əhəmiyyət vermədi, oğlanı soruşdu. Məlum oldu ki, oğlanın öz biləyini kəsmək üçün istifadə etdiyi dəmir paslı imiş,   odur ki, onu xilas etmək üçün  sol qolunu biləkdən kəsiblər.

Qadının sol qolu yenidən sancmağa başladı. Yerə çökdü, qolunu ovuşdurdu. Niyə gəlibmiş buralara?

– Deyəsən azıb. Araşdırırıq.

-Neyləyəcəksiz ona? –qadın ehtiyatla soruşdu- düşməndir axı…

Əgər elədirsə,  təhvil verəcəyik   gedəcək. Biz  cəllad deyilik ki…  Yox əgər kəşfiyyat üçün keçibsə, özündən küssün!

Qadın pencəyinə bərk-bərk büründü,  hava isti olsa da üşüyürdü, hər iki qolu biləkdən sızıldayırdı. Bədəni  sanki keyləşmişdi.

-Bəlkə, sənə mükafat da verildi. Xəbər edəcəyik!

Qadın heç nə eşitmədi. Evə doğru yönəldi. Artıq ayaqları ilə deyil,  iki biləyinin üstündə yeriyirdi.  Hər iki biləyi sancırdı. Bu elə bir sancı idi ki, dərmanı yox idi.

 

Share: