Zaqatalada I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib FOTO VİDEO

Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə sentyabrın 29-da I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak ediblər.

Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına və “Azərsun” MMC-nin Zaqatala fındıq emalı zavoduna baxış keçirilib.

Zaqatala şəhərinin Dədə Qorqud meydanında keçirilən festivalda qonaqlar bal şərbətindən və fındıqlı çörəkdən dadıblar.

Festivalın açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, rayon sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir. Rayonda fındıqçılığın çox böyük potensialı var. Diqqətə çatdırılıb ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq və konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb.

Bildirilib ki, fındıqçılıq hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Son üç ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 18 min 503 hektara çatdırılıb. 2016-cı ildə Zaqatalanın emal müəssisələri tərəfindən 90 milyon, 2017-ci ildə isə 124,4 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub. Ötən il rayonda 13 min 422 ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının 15 min tona çatacağı gözlənilir.

Hazırda Zaqatala rayonunda fındıq bitkisinin 100-dən çox sortu mövcuddur.

Diqqətə çatdırılıb ki, son üç ildə rayonda 47,5 hektar sahədə yeni qoz bağları salınaraq, mövcud bağların sahəsi 481,5 hektara çatdırılıb. Bundan əlavə, rayonda 70 hektar şabalıd bağları da var.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər.

Festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdirilib. Festival iştirakçıları fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Həmçinin fındıq, qoz və şabalıdla bağlı müsabiqələr keçirilib, qaliblər mükafatlandırılıb.

I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda bədii proqramla davam edib.

Share: