1 oktyabr 2026-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şair-publisist Ülkər Hüseynlinin sayca üçüncü kitabı olan “Sevgi” kitabının təqdimatı keçirilib. Tədbirdə şair və yazıçılar, ziyalılar, gənclər, tələbələr, müəllifin dostları, məktəb və tələbəlik yoldaşları, eləcə də kitabxananın əməkdaşları iştirak ediblər.
Tədbir Ülkər Hüseynlinin “Sevgi” şeirinin Xəzər Süleymanının ifasında hazırlanmış videoklipinin nümayişi ilə başlayıb.
Təqdimatda şair, yazıçı-publisist Aysel Fikrət, filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-jurnalist Nəcibə Bağırzadə, qiraətçi Samirə Bayramova, Xırdalan Hazırlıq Kurslarının rəhbəri Rafiq Məmmədov, Qərb dilləri üzrə tərcüməçi-filoloq Xatirə Sərxanbəyli, müəllifin sinif yoldaşı, həkim Xanım Sofiyeva çıxış ediblər. Çıxışçılar Ülkər Hüseynlinin yaradıcılığı, “Sevgi” kitabı, müəllifin poeziyasında sevgi və insan duyğularının ifadəsi barədə fikirlərini bölüşüb, müəlliflə bağlı xatirələrini dilə gətiriblər.
Vətən müharibəsi qazisi, Bakı Mühəndislik Universitetinin magistratura tələbəsi, Ülkər Hüseynlinin tələbəsi Pərviz Əli də çıxış edib. O, Vətən müharibəsi dövrü ilə bağlı xatirələrindən, Ülkər Hüseynli ilə müəllim-şagird münasibətlərindən danışaraq səmimi düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.
Təqdimatda müəllifin dostları, məktəb və tələbəlik yoldaşları da Ülkər Hüseynli ilə bağlı xatirələrini bölüşərək onun şəxsiyyəti və yaradıcılığı haqqında səmimi fikirlər səsləndiriblər.
Daha sonra şair-publisist Ülkər Hüseynliyə söz verilib. Müəllif “Sevgi” kitabından bir neçə şeir səsləndirib, kitabın təqdimatı və yaradıcılığı ilə bağlı səmimi fikirlərini bölüşüb, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirin aparıcısı Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəbnəm Babaşova olub. Tədbirin texniki işlərini Oxuculara xidmət şöbəsinin müdiri Günel Babayeva həyata keçirib.
Sonda Mərkəzi Kitabxananın direktoru Nərmin Xəlilovaya söz verilib. Nərmin Xəlilova Ülkər Hüseynlinin yaradıcılığı ilə tanış olmaqdan məmnunluğunu ifadə edib, “Sevgi” kitabının oxucular üçün böyük töhfə olacağını dilə gətirib.
Ülkər Hüseynli
Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası
Aysel Fikrət























