Məsuliyyətin və bacarığın zirvəsi:Rüfət Əlizadə – Leyla Məcidova yazır

Məsuliyyətin və bacarığın zirvəsi:Rüfət Əlizadə – Leyla Məcidova yazır

 

​İnsan həyatı zamanın sonsuz axarında kiçik bir kəsik olsa da, onun mənası və dəyəri illərin kəmiyyəti ilə deyil, zamanın içine sığdırılan xeyirli əməllərlə, xalqına və vətəninə verilən töhfələrlə ölçülür. Hər bir fərd dünyaya eyni təbii başlanğıcla göz açsa da, yetişdiyi mühit, aldığı tərbiyə və seçdiyi yol onun cəmiyyətdəki mövqeyini müəyyən edir. Bəziləri hamının addımladığı rahat və tapdanmış cığırlarla yürüməyi üstün tutduğu halda, böyük amallar və şəxsi məsuliyyət hissi ilə yaşayan şəxsiyyətlər öz cürətli addımları ilə yeniliklərə cığır açır, xalqın qəlbində silinməz izlər qoyurlar. Şərəfli həkim peşəsini özünə həyat yolu seçən, elmin incəliklərinə yiyələnərək xalqının sağlamlığına xidmət etməyi ali məqsəd bilən ziyalılarımız məhz bu zümrəyə aitdirlər. Cənub bölgəsinin tanınmış həkim-radioloqu, tibb sahəsində müasir diaqnostikanın inkişafına mühüm töhfələr vermiş Rüfət Fayaz oğlu Əlizadənin ömür yolu bu həqiqətin bariz nümunəsidir.
​Hər bir şəxsiyyətin formalaşmasında onun böyüdüyü mühit, ailə ocağı və genetik yaddaş əvəzsiz rol oynayır. Kökə bağlılıq, mənəvi saflıq və genetik olaraq nəsildən-nəslə ötürülən insanpərvərlik hissləri insanın gələcək həyat fəlsəfəsinin bünövrəsini təşkil edir. Rüfət həkim Lənkəran torpağında, köklü və ziyalı bir həkim ailəsində dünyaya göz açmışdır. Bu ailə mühiti onun təkcə bir mütəxəssis kimi deyil, həm də yüksək mədəniyyətə, dərin mənəviyyata və insanlara qarşı tükənməz qayğıkeşliyə malik bir şəxsiyyət kimi yetişməsində əsas amil olmuşdur. Ocaqdan gələn bu xeyirxahlıq işığı, böyüklərə hörmət və humanist dəyərlərə sədaqət onun bütün fəaliyyətinin ana xəttini təşkil edir. Erkən yaşlarından etibarən özünün fövqəladə zehni qabiliyyəti, məsuliyyəti və elmə olan sonsuz həvəsi ilə seçilən Rüfət həkim, orta təhsil illərində göstərdiyi xüsusi istedadı sayəsində ibtidai təhsil pilləsini vaxtından əvvəl adlamış, təhsilini Lənkəran şəhər Xarici Dil Təmayüllü Gimnaziyasında davam etdirmişdir. Bu uğurlu məktəb illəri onun analitik təfəkkürünün formalaşmasına, dünyagörüşünün genişlənməsinə və gələcək ali məqsədlərinə doğru inamla addımlamasına zəmin yaratmışdır.
​Həkimlik təkcə sənət deyil, həm də ilahi bir missiya, böyük fədakarlıq tələb edən müqəddəs bir vəzifədir. Bu fədakarlığı şüurlu şəkildə seçən Rüfət Əlizadə ali təhsilini tibbi biologiya istiqaməti üzrə uğurla başa vurduqdan sonra, tibb elminin en müasir və məsuliyyətli sahələrindən biri olan radiologiya üzrə dərin biliklərə yiyələnməyi qarşısına məqsəd qoymuşdur. Milli Onkologiya Mərkəzində keçdiyi ixtisaslaşma dövrü onun peşəkar təfəkkürünün itiləşməsində, mürəkkəb patologiyaların təyini və diaqnostikasında dərin təcrübə qazanmasında müstəsna rol oynamışdır. Lakin elm və peşəkarlıq sərhəd tanımır. Daim öz üzərində işləyən, dünyanın aparıcı tibb mərkəzlərinin təcrübəsini mənimsəməyə çalışan mütəxəssis, Türkiyə Respublikasının Ankara şəhərində təşkil olunan ixtisaslaşdırılmış tibbi kurslarda iştirak edərək müasir ultrasəs müayinəsi metodlarının incəliklərinə yiyələnmişdir. Bu beynəlxalq təcrübə ona təkcə nəzəri biliklər qazandırmamış, həm də müasir tibbin tələblərinə cavab verən ixtisaslı bir həkim kimi formalaşmasına şərait yaratmışdır.
​Vətənə və doğma torpağa sevgini nümayiş etdirməyin en ali yolu ona xidmət etməkdir. Paytaxtda və ya xaricdə böyük karyera imkanları olmasına baxmayaraq, Rüfət həkim öz bilik və bacarığını doğulub boya-başa çatdığı Cənub bölgəsinin inkişafına, soydaşlarının sağlamlığının qorunmasına həsr etməyi üstün tutmuşdur. Onun təşəbbüsü ilə Lənkəranda ilk dəfə olaraq müasir ultrasəs müayinə kabinetinin fəaliyyətə başlaması regionun tibb tarixində mühüm bir yenilik olmuşdur. Təşkilatçılıq bacarığı, novatorluq ruhu və yüksək məsuliyyəti sayəsində o, uzun illər rəhbərlik etdiyi tibbi strukturlarda keyfiyyət standartlarını daim yüksəltmişdir. Bu zəhmətkeşliyin və uzaqgörənliyin məntiqi nəticəsi olaraq, regionda analoqu olmayan müasir “FİRST Medikal Çentr” Klinikasının əsası qoyulmuşdur. Hal-hazırda rəhbərlik etdiyi bu müəssisədə o, təkcə inzibati rəhbər kimi deyil, həm də təcrübəli həkim-radioloq kimi gündəlik fəaliyyətini davam etdirir. Həkimin həyata keçirdiyi ultrasəs müayinələrinin spektrı son dərəcə genişdir; qalxanvari, limfa və tüpürcək vəzilərinin dəqiq struktur təhlilindən tutmuş, süd vəzilərinin, daxili organların (qara ciyər, öd kisəsi, mədəaltı vəzi, böyrəklər və sidik-cinsiyyət sistemi), yumşaq toxumaların incə diaqnostikasına, eləcə də müasir 3D/4D Doppler texnologiyası ilə hamiləliyin dəqiq monitorinqinə qədər bütün mürəkkəb prosedurları yüksək peşəkarlıqla icra edir. Diaqnozun dəqiqliyi müalicənin uğurunun yarısıdır. Ən müasir texnoloji avadanlıqların tətbiqi, həkimin dərin elmi səriştəsi və hər bir xəstəyə fərdi, həssas yanaşması ona cəmiyyətdə, eləcə də pasiyentləri arasında sonsuz etimad və böyük nüfuz qazandırmışdır.
​Rüfət Əlizadənin şəxsiyyətini xarakterizə edən en mühüm xüsusiyyətlərdən biri onun yüksək vətənpərvərliyidir. O, öz gündəlik fəaliyyəti ilə dövlətimizin səhiyyə sahəsində yürütdüyü siyasətə dəstək verir, xalqımızın sağlam gələcəyi naminə yorulmadan çalışır. Vətəni sevmək təkcə pafoslu sözlər demək deyil, vətəni sevmək öz peşəni vicdanla icra etmək, insanlara faydalı olmaq və dövlətin inkişafına real töhfə verməkdir. Bütün bu peşəkar uğurlarla yanaşı, Rüfət həkim həm də nümunəvi ailə başçısıdır. O, övladlarının təlim-tərbiyəsinə, onların milli-mənəvi dəyərlər ruhunda, savadlı və vətənpərvər şəxsiyyət kimi yetişməsinə xüsusi diqqət yetirir. Ailədəki bu mühit onun öz soykökünə olan bağlılığının, əxlaqi bütövlüyünün parlaq təzahürüdür.
​İnsan ömründə illərin xüsusi bir çəkisi var. 40 yaş insanın fiziki, mənəvi və peşəkar baxımdan tam kamilləşdiyi, keçdiyi yola nəzər salaraq gələcək böyük hədəflərə doğru daha inamla addımladığı müdrik bir mərhələdir. Lakin bəzi insanlar var ki, onların ruhundakı müdriklik, təfəkküründəki dərinlik və əməllərindəki böyüklük onları bu yaş həddinə çatmadan çox-çox əvvəl kamil bir şəxsiyyət kimi cəmiyyətə tanıtdırır. Rüfət müəllim də məhz belə ziyalılarımızdandır. O, özünün gənclik enerjisini müdrikliklə birləşdirərək, insanlara ümid, xəstələrə şəfa bəxş edən işıqlı bir ömür yolu sürməkdədir. Bu əlamətdar yubiley günündə elmi və tibbi ictimaiyyətimizin dəyərli nümayəndəsi, nəcib insan, peşəkar həkim Rüfət Fayaz oğlu Əlizadəyə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə xoşbəxtliyi arzulayırıq. Qoy onun insanlara xidmət edən xeyirxah əlləri həmişə şəfa paylamaqda davam etsin, vətənimizə və xalqımıza xidmət yolunda qazandığı uğurlar daim bol olsun!

​Məcidova Leyla Qadir qızı
Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Share: