Sözündə özünü axtaran Faiq BALABƏYLİ –    Bilal HÜSEYNBƏYLİ yazdı

Sözündə özünü axtaran Faiq BALABƏYLİ –    Bilal HÜSEYNBƏYLİ yazdı

Müstəqillik dövr Azərbaycan ədəbiyyatının ilk nümayəndələrindən biri Faiq Balabəylidir. Ötən yüzilliyin səksəninci illərində ədəbi yaradıcılığa başlayan, poeziya aləmində ilk addımlarını atan Faiq Balabəyli ədəbiyyatın müstəqillik mübarizlərindən sayılır.

Doxsanıncı illərdə baş verən siyasi hadisələr, şair və yazıçıların siyasi mübarizəyə qoşulması müstəqillik uğrunda hərəkatın genişlənməsinə səbəb oldu. Ə

dəbiyyatın “Dəniz adamı” Faiq Balabəyli bu statusu asan qazanmayıb. Onun həyat hekayəsinin mahiyyətini yaxşı anlamaq üçün ömür yoluna nəzər salmaq lazım gəlir.

Faiq Balabəyli (Səfərov Faiq Ağaş oğlu) 23 fevral 1964-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Qafur Məmmədov adına  Bakı Dəniz Yolları Məktəbində ( İndiki Azərbaycan Dövlət Dəniz Akademiyası), Dənizçilik Kollecində və Bakı Slavyan Universitetində təıhsil alıb. Əmək fəaliyyətinə dənizçi kimi başlayıb, ömrünü Xəzər Dəniz Neft Donanmasına bağlayıb. Hazırda AXDG QSC Dıniz Nəqliyyatı Donanmasında kapitan- stansiya rəisi vəzifəsində çalışır. Əməli fəaliyyəti ilə ictimai fəaliyyətini birləşdirərək, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyini təsis edib. 1990-cı ilin yanvar hadisələri zamanı dənizçilərin sovet qoşunlarının Bakıda törətdikləri hadisələrə çoxsaylı yazıları ilə kəskin etirazını bildirib. “Yeni xəbər”, “Millətin səsi” qəzetlərində baş redaktor, , “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi və digər  kimi mətbu orqanlarda çalışıb. Publisistik fəaliyyəti müxtəlif saytlarla bağlıdır. “Müstəqil.az” saytı isə onun özünün yaradıcılıq nümunəsidir.

Faiq Balabəyli

Faiq Balabəyli bir cür yazıb, başqa cür düşünən şairlərdən deyil, onun nüfuzu düşündüyü kimi yazması ilə bağlıdır….

 

Faiq Balabəylinin ədəbi fəaliyyəti, xüsusən şeir yaradıcılığı onun kitablarında daha yaxşı ifadə olunub. Onun “Eh, ayrılıq, nə yamansan” (1993), “Kəsilməyən həyəcan fiti” (2003), “Dəryada gəmim qaldı” (2004), “Sənə yazılan şeirlər” (2005), “Yaşıl yuxulu dəniz” (2010), “Yağışdan sonra” (2019), “Dənizçilərimiz Vətən müharibəsində” (2021), “Onlar qəhrəmandır” (2021), “Bakı buxtası – 20 Yanvar” (2022), “Onlar qəhrəmandır”, “Xəzərin çirklənmədən qorunması”, “Gəmilərin əmniyyətli idarə olunması”, “Sən Vətənə bənzəyirsən” (2023), “Bir ovuc kədər” (2024) və başqa kitabları işıq üzü görüb.

Faiq Balabəylinin oğlu Tural da şairdir, “Bütün kişiləri mən biləcəksən” və “X qadın” poetik topluları işıq üzü görüb. Bədii yaradıcılığı yüksək dəyərləndirilən Tural TÜRKSOYun xüsusi mükafatına və diplomuna layiq görülüb.

Ədəbi tənqid də Faiq Balabəyli yaradıcılığına biganə qalmayıb. Onun şeirləri haqqında çoxsaylı məqalələr yazılıb, ədəbi təhlillər aparılıb. Sevil Azadqızı “Sözə sığmayan yaşantılar” (2025) kitabının “Dəniz sevdalı şair” fəslini Faiq Balabəylinin şeirlərinin təhlilinə həsr edib. Ədəbi təhlilçi Faiq Balabəyli şeirlərindəki obrazlı ifadələrə daha çox diqqət çəkir.

Faiq Balabəyli haqqında yazılmış məqalələr onun 60 illik yubileyi münasibətilə nəşr olunmuş “Bu ömür yaman tələsdi” kitabında toplanıb. Məqalələrdə Faiq Balabayəlinun ədəbi fəaliyyəti təhlil, tənqid və təqdir olunur, həyat yolu, əməli və publisistik fəaliyyəti xarakterizə edilir. Kitabda Fazil Mustafa, Sair Rüstəmxanlı, Vaqif Yusifli, Mahirə Nağıqızı, Salam Sarvan, Sona Vəliyeva, İbrahim İlyaslı, İlqar Fəhmi, Minəxanım Nuriyeva-Təkləli, Sevinc Elsevər, Kəmalə Abıyeva, Vasif Süleyman, Zemfira Məhərrəmli, Rasif İmanoğlu, Sevinc Qərib, İradə Aytel, Təranə Məmməd, Mübariz Məsimoğlu, Ayaz Arabaçı, Xalidə Nuray, Samir Əsədli, Şərif Ağayar, Xatirə Rəhimbəyli, Şəhla Qasımova, Lilpar Cəmşidqızı, Nurməmməd Zöhrablı, Narıngül Nadir, Aləmzər Sadıqqızı, Təranə Musayeva, Rəsmiyyə Sabir, Hümbət Şamiloğlu, Rəfiqə Abbasova, Şərafəddin İlkin, Nəzakət Məmmədli, Şahin Musaoğlu, Damət Salmanoğlu, Səidə İkigai, Aygün Həsənoğlu, Adilə Nəzər, Varis, Mənsurə Qaçayqızı, Ceyhun Musaoğlu, Əzizağa Elsevər, Qəşəm Nəcəfzadə, Nərmin Cahangirova, Əkbər Qoşalı, İlqar Türkoğlu, Əntiqə Qonaq, Etibar Muradxanlı, Məlahət Yusifqızı, Ələddin Əzimli, Üzeyir Əlizadə, Meyxoş Abdullah, Əlirza Həsrət, Hüsaməddin Əhmədov, İqbal Nəhmət, Aysel Nəsirzadə, Aida Adgözəl, Elşad Barat, Əlizadə Nuri, İlahə Səfərzadə, Elman Eldaroğlu, Aysel Xanlarqızı Səfərli, Aləm Kəngərli, Süleyman Abdulla, Zaur Ustac, Sevil İsayeva, Natiq Muxtarlı, Hüsyn Sözlü, Natalya Faryanova, Nazim Həbibov, Seyfulla Əliyev, Sakit Malikov, Ramiz Hüseynov, Fəyaz Rüstəmov, Elnur Nəhmətli, Şahin Bağırov, Heydər Ələddinoğlu, Süleyman Hüseynov, Məhəmməd Çılğın, Fəxtiyor, Mənsurə Məhərrəmqızı, İltimas Səmimi, Arif Əmrahoğlu, Səlim Babullaoğlu, Azər Turan, İbrahim Sel, Əyyub Qiyas, Orhan Aras, Bilal Alarlı, Əbülfət Mədətoğlu, Reyhan Kənan, Həyat Şəmi, Həjar Şamiloğlu, Soylu Atalı, Bədirə Rza Həsənqızı və başqalarının yazıları verilib ki, bunların da əksəriyyəti təhlili yazılar və xatirələrdən ibarətdir. Kitabda yazısı yer alan şair, yazıçı və alimlərin böyük siyahısını verməkdə məqsədim Faiq Balabəyli yaradıcılığına olan marağın genişliyinə diqqət çəkməklə bağlıdır. Yazı müəllifləri onu “dəniz adamı”, “özünü və dünyanı yazan şair”, “dalğaların şairi”, “dənizə aşiq şair”, “bişmiş söz sahibi”, “dəniz səsli şair”, “matros şair”, “dəniz havalı şair”, “dəniz ətirli şair” və başqa obrazlı ifadələrlə təqdim edirlər.

Faiq Balabəylinin son kitablarından olan “Bir ovuc kədər” poetik toplusunda müxtəlif vaxtlarda yazdığı şeirlər yer alıb. Kitaba ön söz yazan Səlim Babullaoğlu deyir ki, şeir yazmaq ibadətə yaxın bir işdir: “XX əsr Azərbaycan liriklərindən 20-25 şair seçsəydim, ora mütləq Faiq Balabəylinin bir neçə şeirini daxil edərdim”. Bu fikir həm də Faiq Balabəyli şeirinin çağdaş ədəbiyyatdakı mövqeyini təyin edir. Faiq Balabəylini sevgi şeirlərindən çox Bayılda yazdığı ictimai-siyasi məzmunlu əsərləri tanıdır. Onun yaradıcılığını nəzərdən keçirdikdə gənc yaşlarından çoxlarının az müraciət etdikləri mövzulara üz tutduğunu görürük. Şair “Vətənə ağı” şeirində yazır:

 

Elə istəyirəm ki,

Sənin üçün ölümə gedəm,

Buna görə yaşamaq istəyirəm,

Yaşamaq!..

 

Faiq Balabəylinin “Tanrıya xitab”ı da oxucunu şairin narahat dünyasına çəkib aparır:

 

Sevinə bilmirəm ki, –

xoş gün atın belində,

mən piyada, sərsəri.

Hardan durub baxırsan

bircə kəlməsi ilə

yaradan göyü, yeri?

 

Doğulduğu kəndin problemlərindən tutmuş şəhər həyatının çətinliklərinə qədər bütün məsələlərə münasibət bildirən şair Faiq Balabəyli şeirlərində də müqəddəs bir vəzifə daşıyır: valideynlərinə övlad, övldlarına valideyndir. “Atama məktub”, “Atamın əziz xatirəsinə”, “Anama ağı”, “Ana, həmişəlik ürəyimdəsən” və başqa şeirlərində övlad və valideyn münasibətlərinin incə məqamlarına toxunur. Şair üçün atasının xatirəsi də ibrət dərsidir:

 

Dünyanın boz üzü sərt qaya oldu,

bəzən tikəmizi daşdan çıxartdın.

Bizə palto aldın, yun əlcək aldın,

özünü pencəklə qışdan çıxartdın.

                           

Böyüdük, bilmədik ehtiyac nədir,

əynimiz, başımız nimdaş görmədi.

Elə danladın ki, səhv iş görəndə

dost-tanış bilmədi, yoldaş görmədi.

 

Sənə ruh verərdi, sən sevinərdin,

bizim uğrumuzun sorağı gəlcək.

Biz çörək sahibi olana kimi,

Sən saç ağartmışdın, anamız birçək.

 

Sözündə özünü axtaran Faiq Balabəyli həyatın çətin sınaqlarından keçmiş, hətta Bayıl iztirablarını yaşamış bir şəxsdir. Dənizçiliyi də, şairliyi də Vətənə xidmət üzərində qurulub. Çəkdiyi iztirablar isə həqiqəti, haqqı deməkdən çəkinməməsindən irəli gəlir. Faiq Balabəyli bir cür yazıb, başqa cür düşünən şairlərdən deyil, onun nüfuzu düşündüyü kimi yazması ilə bağlıdır.

İnsan müdrik yaşında xarakterini dəyişə bilmir. Qədim bir məsəl var: Qırxacan öyrənirsən, qırxdan sonra öyrədirsən! Xarakter kamilliyi Faiq Balabəyliyə həmişə öyrədən şair statusu verib. Yazdıqları yaşantı, söylədikləri gerçəklikdir. Buna görə də oxucu sevgisini qazana bilib.

Bilal HÜSEYNBƏYLİ (ŞAİQOĞLU)

                   (Cəlilabad)

 

Share: