Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib.
Tədbir M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı və muzeyin dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edənlər Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən, zəngin yaradıcılıq irsindən və onun əsərlərinin bu gün də öz aktuallığını qorumasından bəhs ediblər. Qeyd olunub ki, Xalq şairinin poeziyası milli-mənəvi dəyərlərin, vətənpərvərlik və humanizm ideyalarının təbliğində mühüm rol oynayır.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Mirvarid Dilbazinin irsi təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanır. O vurğulayıb ki, şairənin yaradıcılığının təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr milli-mədəni irsimizin qorunmasına mühüm töhfə verir.
Tədbir çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Bənövşələr üstə göz yaşı” kitabının təqdimatı da keçirilib. Bildirilib ki, nəşr müxtəlif dövlət qurumlarına, kitabxanalara və elm-mədəniyyət ocaqlarına hədiyyə ediləcək, beləliklə oxucuların istifadəsinə təqdim olunacaq.
Xatirə tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Mirvarid Dilbazinin zəngin ədəbi irsinin yaşadılması istiqamətində mühüm mədəni hadisə kimi dəyərləndirilib.





















