Araz Ağalarovun oğlu Emin kimi..

Araz Ağalarovun oğlu Emin kimi..

Ağıllı övlad böyütmək hər bir valideynin arzusudur. Amma hər valideynə ağıllı övlad qismət olmur…

Bilirsinizmi, kasıbın ağıllı oğlu ilə varlının ağıllı oğlunun arasında fərq nədədir? Kasıbın ağıllı oğlu həyat mübarizəsini sıfırdan başlayır, sərt reallıqlarla üzləşir və hər uğuru öz zəhməti ilə qazanır. Varlının ağıllı oğlu isə mövcud imkanları qorumaq, böyütmək və hazır resursları idarə etmək üstünlüyünə sahibdir. Onların fərqi zəka deyil, start şərtlərində və risk qəbuletmə formasındadır. Kasıbın ağıllı oğlu maddi çətinliklər səbəbindən hər addımını ölçüb-biçir. Təhsilə və karyeraya yeganə ümid kimi baxır, daha çox çalışır. Onun səhv etmək lüksü, necə deyərlər, arxasında təhlükəsizlik yastığı yoxdur. Varlının ağıllı oğlu isə hazır kapital, əlaqələr və maliyyə dəstəyi ilə hərəkət edir. İdeyalarını həyata keçirmək üçün maddi maneələrlə qarşılaşmır. İtkidən qorxmadan daha böyük risklərə gedə bilir. Doğrudur, kasıbın ağıllı oğlu iradəli, dözümlü və döyüşkən olur. Həyatın sərt üzünü erkən gördüyü üçün praktiki səriştə ilə yanaşır. Və onda qazanmaq ehtirası daha güclü olur. Varlının ağıllı oğlu isə strateji düşüncəyə və qlobal baxışa daha tez yiyələnir. İdarəetməni, sərmayə qoymağı yaxşı bacarır. Və onun kasıbın oğlundan psixoloji rahatlıq üstünlüyü var…
Bəli, budəfəki söhbətimi bir varlı oğluna həsr etmək istəyirəm. O, 12 dekabr 1979-cu ildə Bakıda anadan olub. 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Nyu-York Marymount Manhattan Collegini bitirib və “Maliyyə sahəsində biznes-menecment” diplomuna yiyələnibr. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə “İlin İş Adamları” namizədləri arasından birinci yerə çıxıb…
Deyir ki:- “Müslüm Maqomayev atamın dostlarından biri idi. Uşaq olarkən mən onun qonağı olurdum. Yeniyetməlik yaşlarımda o, royal arxasına əyləşərək məni çağırırdı. İfa edərək soruşardı: “Sənin tonallığındır? Başla oxumağa!” Mən də yanaqlarım qızararaq oxuyardım. Mən Müslüm Maqomayevin qarşısında ağzımı açmağa utanardım. Amma biz təklikdə qalanda məni əmin edirdi ki, mənə oxumaq lazımdır: “Sən oxumalısan. Onsuz da sən bunsuz yaşaya bilməyəcəksən”. O, haqlı imiş. 10 yaşım olanda isə anam mənə Elvis Preslinin kasetini hədiyyə etdi. “Kral” məni özünə cəlb etdi. Mən başladım onun konsert kasetlərini əldə etməyə, onun haqda kitab və tarixləri araşdırmağa. Onun şəxsiyyəti məni valeh etdi. Hətta 14 yaşımda zahirən ona bənzəmək üçün bakenbordlarımı uzatmağa başladım. Amma bu məndə gülünc göründüyümdən nəticə olaraq onları tamamilə qırxdım. 17 yaşımda dostlarımla ilk dəfə hansısa kiçik bir kafedə səhnəyə çıxdım. Əgər o vaxt mənə desəydilər ki, illər sonra mən çoxminlik tamaşaçını bir araya yığacağam, sadəcə gülərdim…”
“Crocus Group” adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir. “Krokus Siti” ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, “Krokus Siti Moll” ticarət kompleksi və “Krokus Siti Holl” konsert zalı, “Vegas” ticarət-əyləncə komplekslərinin şəbəkəsi, “Nobu”, “Zafferano”, “Shore House”, “Edoko”, “Rose Bar” restoranları, Azərbaycanda “Sea Breeze Resort” developer kommersiya layihələrinə başçılıq edir…
“Yadınızdadırsa, ötən əsrin 90-cı illərinin əvvəli təhlükəli dövr idi. Atamın artıq uğurlu biznesi vardı. Və bundan quldurlar xəbər tutmuşdu və hətta mənim məktəbimə belə gəlirdilər. Bu pis sonluqla nəticələnə bilərdi. Mən isə məni qoruyan cangüdənlərdən rahatlıqla qaçmaq yolunu öyrənmişdim. Onlar da tez-tez atama şikayətlənirdilər. Və ancaq bir çıxış yolu var idi. İsveçrədə olan qapalı məktəb. Deməliyəm ki, ora əsl gestapo idi. Pis davranışa görə səni 3 saat dərs oxumaq üçün qapalı otağa salırdılar. Bu, “studiya cəriməsi” adlanırdı. Ancaq tualetə çixa bilərdin. 21:45-də yatmaq vaxtı idi. Gecə yarı işıq fənəri ilə yoxlayırdılar. Əgər gözün açıqdırsa- cəza alırdın. Sübh yeməyi, nahar ya da şam yeməyinə 1 saniyə gecikirdinsə sənə yemək vermirdilər. Səliqəsiz gəzirdinsə, dərsdə 3 saat alman dili lüğətini yazmalı olurdun. Lakin mən sistemdə boşluq tapmağı bacardım. Yaşıdlarımla kart və nərd oynamağa başladım. Bakıdan olduğum üçün onları udurdum. Bu yolla da cib xərcliyi qazanmağı bacardım. Hətta bəzən elə olurdu ki, sinif yoldaşlarıma pul verirdim ki, ev tapşırıqlarını mənim yerimə yazsınlar. Bu bizdə irsidir. Atam özü uşaqlıqda xuliqan olub, məktəbə getmirdi, pulla məktəb tualetində diafilmlər göstərirdi. Bundan başqa, siqaret satıb. Nənəm Moskvada Tibb İnstitutunda dissertasiyasını müdafiə etmək üçün Rusiyaya gedəndə atamı da özü ilə aparıb. O vaxt isə atam anasından xahiş edib ki, uşaq dükanından onun üçün ən böyük oyuncaq maşın alsın. Tapın görüm o maşın onun nəyinə lazım idi? Yox, oynamağa almamışdı. O, maşını tullayaraq qutusunun içinə siqaret doldurmuşdu. Beləcə anasının da xəbəri olmadan Bakıya kontrabanda siqaret gətirirdi. Sonra isə atam məktəbdə ədədlə siqaret satırdı.”- söyləyir.
O, ABŞ-da olarkən musiqiyə marağı daha da artıb. Xüsüsən, Frenk Sinatranı, Elvis Preslini özünün müəllimi kimi tanıyır və Müslüm Maqamayevi kumirlərindən biri hesab edir. 2006-cı ildə onun ilk “Still” adlı ingiliscə albomu çıxıb və albomla eyni adlı mahnısı hitə çevrilib. Bu albomda, o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə “İncredible” adlı albomunu çıxardıb ki albomdakı “Don’t Cry” mahnısı “Нулевой Километр” filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan “Obsession” və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı “Devotion” albomu işıq üzü görüb. Onun “Giving İn”, “Don’t cry”, “Wonder”, “Falling”, “Any time you fall”, “Obvious”, “Stick together”, “Still”, “Make the world go away”, “Just for one night” kimi məşhur klipləri var. 27 may 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb…
Deyir ki: “Xaricdə ali təhsilimi başa vurandan sonra Moskvaya qayıtmaq istəmirdim, amma evə bir müddətlik gəldim ki, doğmalarımı görüm. Atam isə mənə anidən bir xahişlə müraciət etdi: “Qulaq as, mənim bir neçə geyim dükanım var. Sən bəlkə bir cəhd edəsən onlarla nə isə etməyə? Əgər alınmasa bir aydan sonra bağlayarıq”. Mən razılaşdım. Səhərı gün mən cins şalvar və futbolkada ofisə gəldim və atam məni kabinetinə apardı. Orada isə 50-ə yaxın ciddi geyimdə iş adamları oturub və dedi: ”Tanış olun, bu sizin yeni kommersiya direktorunuzdur”. Bu mənim üçün çox məsuliyyətli addım idi. Doğrusu istəmirdim ki, birdən-birə məsuliyyətli bir işi mənim üzərimə qoysunlar. Atam isə xasiyyətimə bələd idi. Bilirdi ki, artıq geri çəkilməyəcəyəm. Bax beləcə, mən Moskvada qaldım. Özümə 3 min 200 dollara “Jiquli” aldım. İstəyirdim ki, öz maşınım olsun, atam alan yox. Axı, uşaqlıqdan bu avtomobilin arzusunda idim. Jiqulinin “07” modelini çox sevirdim, onu “Mersedes”ə bənzədirdim. Sonradan gördüm ki, biznes məndə alınır və artıq gəlir gətirməyə başlayıb. O vaxtdan da biznesdəyəm…”
Bəli, ağıllı övlad böyütmək hər bir valideynin arzusudur. Amma hər valideynə ağıllı övlad qismət olmur. Araz Ağalarovun oğlu Emin kimi…
Elman Eldaroğlu
 
 
Share: