Müstəqil.Az bildirir ki, tanınmış qələm adamı, görkəmli ədəbi – peşəkar tərcüməçi və ədəbiyyatşünas Seyfəddin Hüseynli “TÜRKSOY” medalı ilə təltif edilib.
Bu münasibətlə S.Babullaoğlu yubilyara təbrik məktubu ünvanlayıb. Məktubu yayınlayırıq:
Əziz Seyfəddin müəllim, sizi, müstəqillik illərində yetişmiş görkəmli ədəbi – peşəkar tərcüməçi və ədəbiyyatşünası, jurnalisti 50 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, uzun və xoşbəxt illər arzu edirəm.
“525-ci qəzet”də uzun on illərdi ki, səmərəli fəaliyyətiniz, üzümüzü ədəbi mühitimizin hansı səmtinə çevirsək, necə bəhrə verdiyi aydın görünən işiniz var geridə qoyduğunuz illərdə. Qəzetdə 27 ilə yaxın bir dövrdə fəaliyyətiniz zamanı 4 nəsli təmsil edən ədiblərimizin yazıları məhz sizin usta redaktor qələmindən keçəndən sonra işıq üzü görüb, belə də demək mümkündür ki, onlarla, bəlkə yüzlərlə yazı adamı sizin “şineli”nizdən çıxıb həm də.
Bu mənada mən də istisna deyiləm.

Tərcüməçi kimi peşəkar işiniz, səyləriniz Azərbaycan dilinə, ədəbi-mədəni mühitinə onlarla dəyərli xarici müəllifin qiymətli əsərini qazandırıb.
“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru kimi fəaliyyətinizin nəticəsi, bəhrəsi, fikrimcə, illər ötdükcə
daha dərin, əsaslı qiymətini alacaq. Dərginin peşəkarlıqla hazırlanmış sayları oxucularla yanaşı eyni zamanda ədəbiyyat və ədəbiyyat tarixi tədqiqatçıları üçün, tərcüməşünaslar üçün zaman keçdikcə qiymətini daha da artıracaq mənbələrdir.
Təkcə vətənimiz və milli ədəbiyyatımız üçün deyil, həm də ümumtürk ədəbiyyatı üçün yorulmadan çalışmışınız.
Ləyaqətli vətəndaş və peşəkar mövqeyiniz həmişə örnək olub.
Gözəl övladlar yetişdirmisiniz.
Şəxsi dostluq münasibətlərimizlə həmişə şərəf duymuşam.
Sizi bir daha yubileyiniz münasibətilə təbrik edirəm və böyük qürur hissi ilə bildirirəm ki, TÜRKSOY təşkilatı sizi 50 illik yubileyiniz münasibəti ilə və “Türk dünyası mədəniyyəti və sənətinə verdiyiniz töhfələri görə” özünün ali təsisatı olan “TÜRKSOY” medalı ilə təltif edib.
Sizi bir daha təbrik edirəm.
Hörmətlə,
Səlim Babullaoğlu
Azərbaycan Yazıçılar Birliyinin katibi,
TÜRKSOY Yazıçılar Birlyinin vitse-prezidenti





















