Veteran gəmi kapitanı Muxtar Axundov 80 illik yubileyini qeyd edir

Veteran gəmi kapitanı Muxtar Axundov 80 illik yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, uzaq səfərlər kapitanı Muxtar Axundov 80 illik yubileyini qeyd edir.

 

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin, eləcə də Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları hazırda təqaüddə olan dənizçini evində ziyarət ediblər.

Görüş zamanı Muxtar Axundovun dənizçilik sahəsindəki xidmətləri xatırlanıb, ona xoş arzular çatdırılıb. Yubilyar göstərilən diqqətə görə ASCO kollektivinə minnətdarlığını ifadə edib.

Muxtar Axundov 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin Gəmi sürücülüyü fakültəsinə daxil olub. O, əmək fəaliyyətinə Xəzər Dəniz Gəmiçiliyinin 12 000 tonluq gəmisində kapitan köməkçisi kimi başlayıb.

Kapitanın üçüncü köməkçisindən gəmi kapitanına, daha sonra uzaq səfərlər kapitanı vəzifəsinə qədər yüksələn Muxtar Axundov Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin Türkiyə nümayəndəliyinin rəhbəri, 2003-2012-ci illər ərzində Gəmiçilik sədrinin beynəlxalq əlaqələr üzrə müavini, 2012-ci ildə isə sədrin 1-ci müavini olub.

Muxtar Axundov dənizçilik sahəsində səmərəli fəaliyyətinə görə onlarla mükafata, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Tərəqqi” medalına layiq görülüb.

Share: