Həyatı rinqdə keçən ƏLİZADƏ ƏSƏDOV – Hafiz Mirzə yazır

Həyatı rinqdə keçən ƏLİZADƏ ƏSƏDOV – Hafiz Mirzə yazır

“Həyat mübarizədir” eşitmişdik. Böyüdükcə həqiqətən də həyatımızın bütün mərhələlərində döyüşməli olduq. Əlbəttə, bu silahlı, əsgəri, fiziki ölümlü, yaralı, qanl döyüşlər deyildi. Amma zərrə-zərrə ömrümüzü yediyini, bizi bitirdiyini yaşlandıqca anladıq. İstər orta, istərsə də ali məktəbdə oxuyarkən təhsil dünyası bizim üçün rinqə, stadiona, meydançaya çevrildi. Aldığımız elm və savad, bilik və bacarıqlar heç asanlıqla, rahatca baş tutmadı, yuxusuz gecələrədə kitabla döyüşdük, kitabxanalar döyüş meydanımız oldu, aldığımız yüksək qiymətlər çempionluq dəyərinə yüksəldi. Üstəlik, hamımızın məşğul olduğu idman da mübarizə meydanı idi. Və bunlar çox gözəl idi, çünki həm maddi, həm də mənəvi dəyərləri vardı. Onsuz da ömür onu xərcləmək və bitirmək üçün verilmişdir. Futbol, voleybol, tenis, güləş və boks oynamayan çox az adam olar. Bizi mübarizələrə həm də idman alışdırdı. Sonralar çalışdığımız müəssisələrdə failiyyətimiz təkcə yaradıcılıq və zəhmət deyil, həm də bir mübarizə idi. Asanlıqla öz həqiqətlərimizi, öz layihə və planlarımızı həyata keçirtmək mümkün deyildi. Sonralar çox müəllimlərimiz oldu. Amma idman müəllimlərimizi heç unutmadıq. Futbol, güləş, boks müəllimlərimizin adı da, soyadı da bir ömür hafizəmizdə yaşadı. İdman məşğələləri bizə həm də mətinlik, cəsarət və qələbə sevinci yaşatdı.
Elə müəllimlərdən biri də tanınmış boksçu Əlizadə Əsədov idi.
Əlizadə müəllim boks idmanının fədakar nümayəndələrindən biri sayılırdı. O təkcə boksu öyrətmirdi, yeniyetmə və gəncləri boksla tərbiyyələndirir və həyat burulğanlarına hazırlayırdı.
Əlizadə İmran oğlu Əsədov 1955-ci ilin 18 mart tarixində Lerik rayonunun Züvüç kəndində müəllim ailəsində doğulmuşdu. Atası İmran müəllim, əslən Masallı rayonunun Qızıl¬ağac kəndində dünyaya gəlmişdi. Sonralar o Port-İliç (indiki Liman) qəsəbəsində (şəhərində) yaşamış, Lənkəranda Pedaqoji Texnikumunda təhsil almışdı. Onu təyinatla Lerik rayonunun Züvünc adlı ucqar dağ kəndində işləməyə göndərmişdilər. Əlizadə də məhz o illərdə Züvünç kəndində dünyaya göz açmışdı.
“Əlizadə” söz və ad olaraq ilk baxışdan çox qəribə və çox geniş məzmunlu ad idi. Adətən bu cür soyad (familya) olur. Əlizadə – Əli övladı – Həzrət Əli əleyhüssəlam ailəsinə – müqəddəs Əhli Beytə bir sevgi işarəsi idi. Hər kəs öz adının haqqını verməlidir. Əlizadə də özünün adilliyi, mübarizliyi və təmkini ilə ömrü boyu bu adın haqqını vermiş oldu.
Hər kəsin ömrü qəribəliklərlə, təzadlar və təsadüflərlə zəngindir. Bunu da yaş keçdikdən sonra çevrilib arxaya baxarkən başa düşürsən. Əlizadə əslən Masallıdan olsa da, Lerikdə doğulsa da, orta təhsilini ailə vəziyyətilə əlaqədar olaraq, öz təhsilini Astara rayonunun İnternat məktəbində davam etdirdi. Möhkəm bədən quuruluşuna rəğmən o burada özünü futbolçu kimi təsdiq elədi. Təəssüf ki, bir çoxları kimi Əlizadəyə də hamilik edən, böyük futbola aparan, futbolçu kimi məktəb görməsinə yardım edən bir kimsə olmadı. Əlizadənin iştirak edəcəyini bilənlər məhz onun oyunlarına tamaşa etmək üçün məktəb və ya məhəllə stadionlarına gəlirdilər. Amma…Onun şəxsində bəlkə də gələcəyin Pelesi, Maradonası, Messisi və ya Ronaldosu parlamadan söndü. Hamı onun futbolçu olacağını düşündüyü halda o, Bakıya gedib, Bakıxanov qəsəbəsindəki 7 nömrəli texniki-peşə məktəbinə daxil oldu.
Bakıda oxuduğu illərdə məşqçisi Həsən Qarayev onun çevikliyini və çox güclü olduğunu görüb, onu boks id¬ma¬nına yönəltdi. Boks kollektiv idman oyunu deyildi və burada hər şeyə görə idmançı özü şəxsən cavab verirdi. Əlizadə boksa başladı və bir daha ayrıla bilmədi.
Bu idman növündə o özünü tam ifadə edə bilmişdi. Bu bir yumruq davası yox, mübarizə, şücaət, qəhrəmanlıq, əlbəyaxa döyüş idmanı idi. Bu idmanda qələbə öz əllərinə, öz qoluna və öz iradənə bağlı idi.
O, hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə tornaçı kimi başladı. Amma boksdan ayrıla bilmədi, ona sonsuz marağı və məhəbbəti Əlizadəni tamam ovsunladı və öz evində məşq zalı yaratdı. Burada təmənnasız olaraq boks məşqləri keçməyə başladı. Bu fədakarlıq öz bəhrəsini verdi, məhz onun ev məşqlərindən bir neçə keçmiş SSRİ çempionu və Ümumittifaq turnirlərinin qalibləri yetişdi. Onun yetirmələrinin səsi dünya və Avropa boks yarışlarından gəldi.
Sonralar gənc Əlizadə Əsədov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdi. Və beləcə mahir boksçu öz məşqçilik failiyyətini peşəkarlıqla davam etdirdi.
Yüzlərcə yeniyetmə məhz onun sayəsində boksun sirlərinə yiyələndi, yetişdi, bərkidi, həyatın bir mübarizə meydanı olduğuna əmin oldu. Onun boks məşqlərinə təkcə yaşadığı Port-İliç (indiki Liman) şəhərindən deyil, Lənkəranın və qonşu Masallının bütün kəndlərindən yeniyetmələr gəlirdi. Hamının bir amacı vardı: çempion olmaq! Onun yetirmələri rayon və respublika birinciliklərindən medalsız dönmürdülər.
Əlizadə Əsədova hamı inanır və ictimaiyyət onu daim diqqətdə saxlayırdı.Səmərəli failiyyətinə və uğurlu çıxışlarına görə Əlizadə Əsədov idman ustası, beynəlxalq dərəcəli hakim, respublikanın əməkdar məşqçisi, fəxri bədən tərbiyyəsi və idman işçisi adlarını aldı. Məhz onun təşəbbüsü, onun təşkilatçılığı və gərgin mübarizəsi sayəsində Azərbaycanın Cənub bölgəsində boks digər idman növlərindən daha çox inkişaf etdi. Onun çıxdığı mübarizə rinqində bürokrat, rüşvətxor, sürün¬dür-məçi məmurlarlar bir-bir nokauta düşürdü. Ən böyük arzusu isə Boks məktəbi yaratmaq idi. Nəhayət ki, o, “rinqdə daha çox məmuru” nokauta salaraq, Liman şəhərində Cənub Regional Boks Mərkəzi yaradılmasına nail oldu.
Bu çox böyük hadisə idi. Ölkənin 2-3 böyük şəhərindən başqa digər heç yerdə belə möhtəşəm Boks mərkəzi tikilməmişdi. Bu Mərkəzdə onun rəhbərliyi altında yeni-yeni boksçular yetişməyə başladı. Artıq “Boks” ifadəsi Əlizadə adı ilə qoşa çəkilirdi. “Cənubda boks” dedikdə Əlizadə müəllimin parlaq obrazı canlanırdı.
Əlizadə Əsədov eyni zamanda şair və publisist kimi də failiyyət göstərirdi. Bir boksçu üçün həm də qələm ustası olmaq heç ağlasığan məsələ deyildir. Adətən boksçular sözdən, sənətdən, ədəbi-bədii yaradıcılıqdan uzaq olurlar. Əlizadə isə… Ona döyüşmək üçün həm də söz meydanı lazım idi. Zaman keçdi və o ədəbiyyat sahəsindəki rəqiblərini də nokauta sala bildi. Əlizadə müəllim nəhayət Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü oldu. 2021-ci ildə onun “Məşqçı-hakim mətbuat səhifəsində”, 2022-ci ildə “Vətən sevgi ünvanım”, “Dünya üçün narahatam”, 2025-ci ildə isə “Sözüm var sənə…” kitabları işıq üzü gördü.
Əlizadə Əsədov son illər həm də “Məşəl” ədəbi-bədi-elmi-publisistik jurnalın redaktor müavini və “Azad Azərbaycan” qəzetinin şöbə müdiri idi.
Təəssüf ki, amansız xəstəlik onunla son döyüşdə rinqi qələbə ilə tərk etdi.
Əlizadə İmran oğlu Əsədov dünən – 2026-cı il, iyun ayının 28-də vəfat elədi.
Amma onun döyüş meydanı – onun rinqi boş qalmayacaq. Lənkəranda boks idmanının gələcəyi üçün onun yetişdirdiyi idmançılar və onların yetirmələr olan yeni nəsl boksçular bu rinqi daim qələbələrlə tərk edəcəklər. Cənubda boks idmanının estafeti etibarlı əllərə ötürüləcək. Çünki onun təməli etibarlı əllərlə qoyulmuşdur – Əlizadə Əsədovun əlləri ilə.
Allah rəhmət eləsin!

Hafiz MİRZƏ

Share: